Aprel ayından dağlarda qar əriməyə başlayır
Gənc alpinistlər - Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin itkin düşməsindən 100 gün ötür. Yazın gəlməsi, havaların nisbətən isinməsi alpinistlərimizin tapılacağı ehtimalını artırır. Lakin 3 aydan çoxdur ki, aparılan axtarışlar heç bir nəticə vermir.
Ötən günlərdə alpinistlərin axtarışına Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin "Mi-17” markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə, eləcə də xaricdən dəvət olunan alpinistlər cəlb olunublar. Lakin bütün bu cəhdlərə baxmayaraq, onların axtarışları nəticə verməyib. Ekspertlər bildirirlər ki, alpinistlərin soyuq qış aylarında tapılması mümkün deyil. Çünki ərazidə hava şəraiti və relyef olduqca mürəkkəbdir. Eyni zamanda qar uçqunları nəticəsində onların olduqları güman edilən yerdə hündür qar təpələri yaranıb. Buna görə də alpinistlər hesab edirdilər ki, yalnız havalar isindikdən sonra itkin düşən alpinistlərlə bağlı izə rast gəlinəcək.
Martın 28-də məlumat yayıldı ki, alpinistlərin axtarışları ilə əlaqədar FHN-də əməliyyat müşavirəsi keçirilib. Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahından bildiriblər ki, müşavirədə axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak ediblər. Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bugünədək görülən işlər təhlil olunub, hava şəraitinin istiləşməsi ilə əlaqədar axtarışlar üçün yaranan əlverişli şərait nəzərdən keçirilib və müvafiq göstərişlər verilib. Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev "Şərq”ə bildirib ki, aprel, may, iyun aylarında çaylarda bol sululuq dövrü başlayır. Bununla da dağlıq ərazilərdə qarın tədricən əriməsi baş verir:
"Temperaturun qalxması, həmçinin yağış yağması da qarın əriməsinə səbəb olur. Aprel ayından başlayaraq havalar tədricən isinir və yüksək dağlıq ərazilərdə qarın əriməsi üçün şərait yaranır. Çox güman ki, aprel ayından başlayaraq qarşıdakı aylarda havaların mülayim keçməsi Quba rayonunun dağlıq ərazisindəki qarın əriməsinə imkan yaradacaq”.
Qeyd edək ki, alpinistlər ötən il dekabrın 23-də Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Yeganə Bayramova