AMEA Prezidentinin "antropologiya üzrə alim yoxdur " iddiasına münasibət: "...Pul, pul və pul lazımdır”






"Azərbaycanda Antropologiya elminin inkişaf etdirilməsi üçün təcrübi sahəyə diqqət ayrılması, xüsusi cihazların, ləvazimatların ölkəyə gətirilməsi lazımdır”.

Bunu "Sherg.az”a ölkəmizdə Antropologiya elminə marağın az olmasının səbəblərini izah edərkən tarixçi - alim Kərəm Məmmədov söyləyib. 

O bildirib ki, Antropologiya Azərbaycanda müstəqillik dövründən sonra tədris edilməyə başlayıb:

"Antropologiya elmi ilə ilk dəfə 1987-ci ildə tanış olmuşam. Həmin vaxt qayda var idi ki, Azərbaycan Dövlət Universitetində yaxşı oxuyan tələbələri ya Moskvaya, ya da Lelinqrada göndərirdilər. Mən də bir neçə tələbə ilə birlikdə Lelinqrada göndərildim və orada Antropologiya üzrə təhsil almağa başladım. Amma Azərbaycanda SSRİ dövründə Antropologioyanın inkişafı istiqamətində uzun müddət iş görülmədi. Bəzi məmurlar hətta antropologiyanın nə demək olduğunu belə bilmirdilər. Azərbaycanın həmin vaxtkı Təhsil Nazirliyində Antropologiya dedikdə gülürdülər.

Azərbaycan müstəqillik qazanandan sonra bu fənn ilk dəfə psixologiya fakültəsində tədris edilməyə başladı. Sonradan Tarix fakültəsində ayrıca bölmə də açıldı. Antropologiyanın inkişafında çatışmayan cəhət onun təcrübi sahəsinə diqqət ayrılmamasıdır. İki il əvvəl AMEA-da Antropologiya ixtisası fəaliyyətə başlayanda təhsil alan tələbələrə bir semestr dərs dedim.

 Halbuki bu, kabinet elmi deyil. Təcrübi hissənin inkişafı üçün xüsusi avadanlıqlar, insanın genetik kodunun öyrənilməsini müxtəlif vasitələrlə həyata keçirən cihazlar lazımdır. Bu ləvazimatların ölkəyə gətirilməsi isə böyük vəsait tələb edir. 

Ona görə, antropologiyanın inkişaf etməməsindən şikayətlənmək əvəzinə, həmin aparatları ölkəmizə gətirmək olar. Əgər təcrübi sahəyə diqqət ayrılmasa, nəzəri cəhətdən bu fənni tədris edib, mütəxəssis yetişdirməyin heç bir əhəmiyyəti olmayacaq”.

K.Məmmədov onu da vurğulayıb ki, Antropologiya Azərbaycan türklərinin Cənubi Qafqaz ətrafında qədimdən yaşadığını sübut edən yeganə elmdir:

"Ona görə, böyük dəyəri olan bu ixtisas inkişaf etdirilməlidir.

Napaleon Bonapartın bir fikrini xatırlatmaq istəyirəm. Deyir ki, müharibə aparmaq üçün 3 şey lazımdır: "Birinci pul, ikinci pul, üçüncü də pul". Elm özü də cəbhədir. Ona görə, elmi inkişaf etdirmək üçün də pul, pul və pul lazımdır”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadə antropologiya üzrə bir nəfər də alimin olmadığını deyib. Hörmətli akademik Real TV-də yayımlanan "Mir Şahinin vaxtı" verilişində qonaq olarkən bildirib ki, bu il cəmi iki magistrantı bu sahəyə yönləndirə biliblər.

Aysel Aslan