Ana südündən başqa...

...Yaxşı uşaq qidası yoxdur
“Bəzi analar südü ola-ola süni qidalara “qaçır”, bu, düzgün deyil”

Azərbaycanın baş pediatrı Nəsib Quliyevin sözlərinə görə, 1992-ci ildə Azərbaycanda 1 yaşadək körpələrin 25 faizi ana südü ilə qidalandığı halda, hazırda bu göstərici 50 faizə çatıb. O qeyd edib ki, bölgələrdə bu göstərici daha yüksəkdir.

N.Quliyev bildirib ki, oktyabrın 1-ci həftəsi ərzində ana südü ilə qidalanma həftəsi keçiriləcək. Məqsəd ana südünü təbliğ etməkdir: "Ötən əsrin sonlarında ana südü ilə qidalanma fəlakətli həddə çatdığından bununla bağlı maarifləndirmə işlərinə başlanıb. Bu gün istifadə olunan süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir”.

Süni uşaq qidalarının ehtiyac olmadığı təqdirdə istifadəsinin əleyhinə olduğunu deyən pediatr Kəmalə Əmrahova "Şərq”ə bildirib ki, bu cür qidalar ilk növbədə uşaqlarda boy və çəki geriliyinə səbəb olur. Həmçinin uşaqların mədə-bağırsaq sistemini sıradan çıxarır: 

"Süni qidalar, eyni zamanda müxtəlif infeksiyaların yaranmasına, bağırsaq sistemində bakteriyalara şərait yaradır. Belə qidalar nə qədər az olsa, bir o qədər yaxşıdır. Ana südünə üstünlük verilməlidir, ananın südü olmayanda bu zaman məcburi olaraq süni qidalardan istifadə olunur. Analar bacardıqları qədər uşaqlarını ana südü ilə qidalandırmalıdırlar. Çünki ana südü uşaqlar üçün ən dəyərli qidalardan biridir. Bəzi analar südü ola-ola süni qidalara "qaçır”, bu, düzgün deyil.

Bu gün süni qidalar uşaqlarda qəbizlik yaradır, onlarda bağırsaq sancıları baş verir. Bu baxımdan, süni qidanın çox fəsadları var. Süni qidalar həm də uşaqlar üçün bir sıra patalogiyalara yol açır. Uşağın gələcəkdə sinir sistemində və psixi inkişafında müəyyən pozuntulara səbəb olur. Nəticədə belə uşaqlar əsəbi olurlar və onlarda vitamin çatışmazlığı yaranır. Bəli, süni qidalara, yalnız həkim-pediatr tərəfindən qərar verilməlidir. Əgər anada heç bir patalogiya yoxdursa, uşağa ana südü verilir. Anada müxtəlif xəstəliklər varsa, bu zaman süni qidalar verilə bilər. Lakin yaxşı uşaq qidası deyilən bir şey yoxdur”.

Yeganə Bayramova