Analara verilən məzuniyyət müddəti yetərli deyil

Məsələyə yenidən baxılmalıdır ki, ana uşağının təlim-tərbiyəsinə nəzarət edə bilsin



UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan ölkəmizdə analara verilən məzuniyyət müddətinin yetərli olmadığını deyib. "Hazırda Azərbaycanda işləyən qadınlara doğuşdan iki ay əvvəl, doğuşdan iki ay sonra məzuniyyət verilir. Bu isə uşağın inkişafı üçün çox əhəmiyyətli olan bir dövrdə - onun ilk 6 ay ərzində ana südü ilə qidalanması üçün yetərli vaxt deyil”.

Analıq məzuniyyəti ilə bağlı UNİCEF-ə müəyyən təkliflər verdiyini deyən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq”ə açıqlamasında bildirib ki, həqiqətən də məzuniyyətin müddəti olduqca azdır. Bəzən elə olur ki, məcburi şəkildə işə getməli olan analar uşaqlarının hərtərəfli inkişafına, tərbiyəsinə nəzarət edə bilmir. Bu isə gələcəkdə müəyyən problemlərə səbəb ola bilər: 

"Eyni zamanda uşaq doğulandan 3 yaşına qədər ödənişlərin verilməsi məqbul olsa da, bu ödənişlər 1 il verilir. Daha sonra ana öz hesabına ödənişlər etməli olur və bu da bir çox hallarda qadının məcburi işə getməsi ilə nəticələnir. Həmçinin, uşaq 3 yaşından sonra bağçaya götürülür, bəzi hallarda hətta ziyalı bir xanım gedib gül sata bilir və yaxud başqa işlərlə məşğul olur ki, ehtiyaclarını ödəyə bilsin. Bu baxımdan hesab edirəm ki, 3 yaşına qədər analara sosial yardımın təşkil edilməsi yaxşı olardı. Çünki ana uşağına baxmalı və onun normal inkişafına dəstək olmalıdır.

Hesab edirəm ki, doğuşdan əvvəl və sonra məzuniyyət müddətini uzatmaq olar. Eyni zamanda məzuniyyət ananın öz hesabına, yaxud dövlət hesabına götürüləcəksə, qanunvericilikdə də nəzərdə tutulub ki, bu ödənişləri özəl şirkətlərə şamil eləmək lazımdır. Dövlət hesabına olanda məzuniyyət bir il götürülür və bu ödənişli olur. Düşünürəm ki, analıq məzuniyyəti ilə bağlı məsələlərə yenidən baxılmalıdır ki, ana uşağının təlim-tərbiyəsinə nəzarət edə bilsin. Bəzən elə olur ki, ana işə çıxmaq üçün məcburi olsa da, uşağını saxlamaq üçün kiməsə verir. Amma bu uşağın tərbiyəsinə böyük təsir göstərir, sonradan bəzi problemlər çıxır. Uşaqlar cəmiyyət üçün olduqca vacibdir. Onların tərbiyəsi, inkişafı qarşıda duran ən önəmli məsələ olmalıdır. Məhz buna görə də məsələ ciddi müzakirə olunmalı və bəzi dəyişikliklər edilməlidir”.

Yeganə Bayramova