Ankara dəyişir...

Türkiyənin həqiqətən məhkəmə islahatına ehtiyacı var
Bu, təkcə Avropa Birliyinə inteqrasiya üçün edilmir



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına üzv olmaq kursuna sadiq olduqlarını bəyan edib. Ankarada məhkəmə islahatlarına həsr olunan iclasda çıxış edən Ərdoğan vurğulayıb ki, Türkiyə məhkəmə sisteminin bir çox müddəaları yenidən nəzərdən keçiriləcək: "Avropa İttifaqında hüquq elminin standartları var. Biz ən yüksək səviyyədə məhkəmə sistemimizi inkişaf etdiririk. 

Yolumuzda qarşılaşdığımız maneələrə baxmayaraq Avropa İttifaqına üzv olmaq kursuna sadiqik”. Avropa İttifaqı zaman-zaman Türkiyəni qurumun şərtlərini yerinə yetirməməkdə ittiham edib. Müxtəlif problemləri gündəmə gətirən Aİ müəyyən çatışmazlıqların Türkiyənin Birliyə girməsinə mane olduğunu söyləyib. Hətta bu mövqeyə görə, Ankara hökuməti Aİ-yə dəfələrlə sərt münasibət bildirib. Ərdoğanın nisbətən yumşalmış açıqlamasından görünür ki, Türkiyə Qərbə inteqrasiyadan vaz keçmək niyyətində deyil. Gündəmə gətirilən məhkəmə islahatları da bunu göstərir.

Türkiyə liderinin açıqlamasını "Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli isə bildirib ki, qardaş ölkə heç vaxt Avropa İttifaqına üzv olmayacaq. Ekspertin sözlərinə görə, bu reallığı Türkiyə də, Avropa da yaxşı bilir: 

"İndi Avropa Türkiyəni qəbul etmirsə, bir müddət sonra Türkiyə özü danışıqlardan imtina edəcək. Gedişat bunu göstərir. Ərdoğanın Avropa Birliyi və məhkəmə sistemi haqqında dediklərinə gəldikdə isə bunu sadəcə protokola uyğun bəyanat kimi qiymətləndirirəm. Əslində Türkiyə və Avropa İttifaqı arasındakı status-kvo hər iki tərəfə sərf edir”.

Analitikin fikrincə, indiki halda hər iki tərəfin daha vacib problemləri var: 

"Avropanın breksit, qaçqınlar və s. problemi mövcuddur. Türkiyənin də ABŞ-la həll edilməsi zəruri olan problemləri var. Ərdoğan çıxışı ilə Qərbə və daxili auditoriyaya göstərir ki, rəsmi Ankara öz kursunu dəyişməyib. Məhkəmə islahatlarına qəldikdə isə, bu, təkcə Avropa Birliyinə inteqrasiya üçün edilmir. Türkiyə məhkəmə sisteminin həqiqətən də islahata ehtiyacı var. Dəyişiklik məhz bunun üçün vacibdir”.

İsmayıl