Araq içənlərin sayı artıb

İnsanlar özlərinin qəniminə çevrilir
Şəmsiyyə Namazlı: "Son zamanlar mənə müraciət edən cavanların əksəriyyətində yaddaş zəifliklərinin olduğunu müəyyən edirəm"


Vergilər Nazirliyi aksiz postlarının fəaliyyətinin ilkin nəticələri ilə bağlı məlumat yayıb. Nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin şöbə rəhbəri Tural Vəliyev
qeyd edib ki, alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan müəssisələrdə həyata keçirilən monitorinqlər, həmçinin aparılmış vergi nəzarəti tədbirləri zamanı bu sahədə ciddi qanun pozuntularının olması, o cümlədən cinayət tərkibli əməllərə yol verilməsi, alkoqollu içkilərin böyük həcmdə qanunsuz dövriyyəsinin və külli miqdarda vergidən yayınma hallarının mövcud olması ilə bağlı faktlar qeydə alınıb.

"Təkcə 2018-ci ilin aprel-sentyabr aylarında aparılmış nəzarət tədbirləri zamanı pərakəndə ticarət obyektlərindən 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib, 619 min manatdan yuxarı alkoqollu içkilərin satışının nağd qaydada aparıldığı müəyyən edilib (qanunvericiliyə əsasən, aksiz markası ilə markalanmalı məhsulları, pərakəndə satış istisna olmaqla, nağd qaydada xeyli miqdarda satma, belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma cinayət məsuliyyəti yaradır) qanun pozuntuları ilə bağlı 34 cinayət işi başlanıb" –deyə o bildirib.

T. Vəliyev qeyd edib ki,məlumat verildiyi kimi, göstərilən halların qarşısının alınması məqsədilə bu ilin avqust ayından alkoqollu içkilərin istehsalı ilə məşğul olan 30 vergi ödəyicisində aksiz — nəzarət postları fəaliyyətə başlayıb. Aksiz postlarının fəaliyyəti, qanunsuz məhsullarının daxili bazarda satışının qarşısının alınması, vergi ödəyicilərinin fəaliyyətində uçotun və nəzarətin bərpa edilməsi nəticəsində müəssisələrin istehsal və satış həcmləri ilə bağlı real mənzərə müəyyən olunmağa başlayıb

"Xüsusilə arağın istehsalı və daxili bazarda satış həcmlərində 3 dəfə artım qeydə alınıb. Şərab satışı isə əksinə, 2018-ci ilin yanvar-iyul aylarının orta aylıq göstəricilərinə nisbətən müvafiq həcmdə aşağı düşüb. Aksiz-nəzarət postlarının tətbiqi nəticəsində həm də dövlət büdcəsinə hesablanan vergilər artıb. Spirtli içkilərin öz təyinatına uyğun olaraq bəyan edilməsi nəticəsində cari ilin orta aylıq və iyul ayı göstəriciləri ilə müqayisədə istehsalçılar tərəfindən hesablanmış aksiz vergisi və ödənilmiş vergi məbləği 60 faizdən çox artıb".

Mövzu ilə bağlı Tibb və fəlsəfə elmləri doktoru, dietoloq Şəmsiyyə Namazlının fikirlərini öyrəndik. "Şərq"ə açıqlamasında dietoloq təbabət elminin hər zaman birmənalı olaraq spirtli içkilərin əleyhinə olduğunu bildirib:

 "Spirtli içkilərdən uzun müddət istifadə insanın mərkəzi sinir sistemini zədələyir. Qaraciyərin serrozla nəticələnən bir xəstəliyə çevrilməsinə, ürək-damar sistemində, böyrəklərdə ciddi fəsadların yaranmasına səbəb olur. Bəzən alkoqollu içkilərin istehsalı ilə məşğul olan şirkətlər onun hazırlanmasında texniki spirtdən də istifadə edirlər. Bu da insanların orqanizminə, sağlamlığına daha böyük zərbə vurur. Hansı ki, texniki spirtdən içkidə yox, digər vasitələr üçün istifadə olunmalıdır. Bu da alkoqol qəbul edən insanların yaddaşının zəifləməsinə, qeyri-adevkat hərəkətlər etməsinə, ən dəhşətlisi isə nəhayətdə insan şəxsiyyətinin deqradasiyasına gətirib çıxarır. Düşünürəm ki, ən qorxulu hal budur. Alkoqoldan istifadə həm də ruhi-əsəb xəstəliklərinə səbəb olur. Bu gün gənclərin spirtli içkilərə, siqaretə, telefona, ümumiyyətlə, zərərli vərdişlərə aludə olması 21-ci əsrin böyük bəlasına çevrilib".

Ş.Namazlının fikrincə, televiziyalarda, radiolarda zaman-zaman səhiyyə ilə bağlı məlumatlar verilsə də, insanların maariflənməsinə xidmət edən verilişlər hazırlansa da, həkimlər mütəmadi olaraq sağlamlıqla bağlı ciddi xəbərdarlıqlar etsə də, yenə nəticə dəyişmir. İnsanlar öz sağlamlıqlarına biganə yanaşır: 

"Düşünürəm ki, hər bir insanın özünün ibtidai səviyyədə olsa belə sağlamlıqla, sağlamlığa zərər verən maddələrlə bağlı məlumatı olmalıdır. Oxuyub və nəticə çıxarmalıdır ki, bu vasitələrdən istifadə etmək nə ilə sonlana bilər. Bir həkim olaraq son zamanlar mənə müraciət edən cavanların əksəriyyətində yaddaş zəifliklərinin olduğunu müəyyən edirəm. 28-30 yaşlarında olan insanlarda bu xəstəliyin yaranması çox pis haldır. Qeyri-düzgün qidalanma, siqaret, alkoqol qəbulu həmin gənclərin sağlamlığında fəsadlar yaradır. Bir də diqqətinizə çatdırmaq istəyirəm ki, «alkoqol hepatitləri» deyilən bir anlayış var. Bu, birmənalı olaraq qaraciyərə vurulan bir zərbədir. Tərkibində az miqdarda olsa belə spirt olan içkilərin təbabət elmi dünən də, bu gün də, gələcəkdə də əleyhinədir».

İlahə