Araşdırma jurnalistikasına bu gün daha çox ehtiyac var

Yazarların əksəriyyəti hesab edir ki, bu janrın zəifləməsi redaksiyalardakı maddi durumla bağlıdır




(əvvəli ötən sayda)

Jurnalistika cəmiyyətdə ictimai fikrin formalaşmasında aktiv rol oynayan, daim inkişafda olan fəaliyyət sahəsidir. Ona görə də, bu sferada çalışan kadrların peşə hazırlığı, onların nəzəri və təcrübi bilikləri çox vacibdir. Hazırda müasir jurnalistika media sahəsində illər boyu mövcud olmuş bir sıra metod və formalardan imtina edərək müasir dövrə uyğun tərzdə fəaliyyət göstərməyə başlayıb. Əvvəlki dövrlərə nisbətən bir qədər arxa planda qalan mətbuatın mühüm janrlarından biri də araşdırma jurnalistikasıdır. Ekspertlər bu janra marağın itməsinin səbəbini internet medianın inkişaf etməsində və operativ informasiya siyasətinə daha çox üstünlük verilməsində görürlər...

Məsələ ilə bağlı "Şərq”ə danışan Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, oxucular irihəcmli yazıları oxumağa bir o qədər də maraq göstərmirlər. Ekspertin sözlərinə görə, əsas səbəb odur ki, müasir oxucu öz sələfləri ilə müqayisədə xeyli tənbəldir: 

"Mən 20 il əvvəl jurnalistikaya gələndə oxucular daha tələbkar idilər. O vaxt bir vergül səhvinə görə, oxucu redaksiyaya gəlirdi, öz narazılığını bildirirdi. Amma indi qəhrəmanın adını, soyadını səhv yazırsan, yenə heç kimin tükü tərpənmir. Həmin tələbkar, mütaliəli, savadlı oxucu auditoriyası bizə sovet dövründən qalmışdı. Həmin oxucu kütləsini sovet hökuməti yetişdirmişdi. İllər keçdi, nəsillər bir-birini əvəz etdi, həmin insanların çoxu dünyadan köçdü. Təəssüf ki, bizlər, yəni, müstəqillik dövrünün jurnalistləri özümüzün nəhəng oxucu auditoriyamızı yarada bilmədik. Müasir oxucu irihəcmli, faktoloji bazası zəngin olan yazılarla özünü "yormaq” istəmir. O, daha çox xəbər gündəmini təqib edir. Buna görə də araşdırma yazılarına maraq azdır. Üstəlik, jurnalistlər özləri də araşdırma aparmağa bir o qədər də həvəsli deyillər. Ciddi araşdırma ilk növbədə vaxt tələb edir. Ayrıca, etibarlı mənbələr olmalıdır. Yəni, tərəflər həqiqətin üzə çıxmasında maraqlı olmalıdır. Təəssüf ki, bəzi dövlət qurumlarında mətbuatla işləmək vərdişləri hələ formalaşmayıb. Bəzən biz bir nazirin məzuniyyətdə, yoxsa ezamiyyətdə olduğunu dəqiqləşdirməyə çətinlik çəkirik. Bu cür faktorlar araşdırma jurnalistikasının inkişafını tormozlayır”.

JAM sədri bildirib ki, başqa bir səbəb isə mətbuatın maddi-texniki bazasının zəif olması ilə bağlıdır: "Araşdırma aparması üçün jurnalistə yüksək qonorar ödənilməlidir. Amerikada təcrübəli jurnalist bir araşdırma yazmaq üçün bəzən 6 ay vaxt sərf edir. Amma o, həmin yazı üçün aldığı qonorarla bəzən 2 il dolana bilir.
Azərbaycanda KİV-lər bu cür geniş imkanlara malik olmadıqları üçün jurnalistlər araşdırma aparmağa laqeyd yanaşırlar. Amma bu o demək deyil ki, Azərbaycanda ümumiyyətlə araşdırma jurnalistikası yoxdur. Janrlar, üslublar fərqlidir. Şəxsən mən araşdırıb üzə çıxardığım faktları çox vaxt köşə yazılarımda "əridirəm”. İstənilən halda, araşdırmaq, yeni faktlar üzə çıxarmaq jurnalistin başlıca vəzifəsidir. Cəmiyyət özü də bu prosesdə maraqlı olmalı, jurnalistlərə dəstək verməlidir. Hesab edirəm ki, ciddi sanballı yazıların oxucusu həmişə var. Bu məsələdə kəmiyyət deyil, keyfiyyət əsas götürülməlidir”.
"Azxeber.com” saytının baş redaktoru Əfsələddin Ağalarov da bildirib ki, bu gün Azərbaycan jurnalistikasında araşdırma jurnalistikası yox səviyyəsindədir. Bunun obyektiv və subyektiv səbəbləri var: 
"Əsas səbəb media orqanlarının maliyyə durumu ilə bağlıdır. Ümumiyyətlə, araşdırma jurnalistikası ciddi maliyyə tələb edən janrdır. Bu sahə ilə məşğul olan jurnalist üçün müəyyən büdcə ayrılmalı və müxbir öz araşdırması üçün həmin büdcədən istifadə etməlidir. Amma təəssüflər olsun ki, bir çox saytlarda, qəzetlərdə maliyyə böhranı ciddi olduğu üçün araşdırma jurnalistika arxa plana keçib. Digər məsələ isə odur ki, hazırda fəaliyyətdə olan media quruluşlarında araşdırma apara biləcək jurnalistlərin sayı çox azdır. Hazırda xəbər standartları və xəbərə olan maraq o qədər yüksəkdir ki, araşdırma jurnalistikasına maraq göstərən yoxdur. Eyni zamanda peşəkar jurnalistlərin olmaması, araşdırma aparan qələm sahiblərinin azlığı ciddi problemlərdən hesab olunur. Ümumi götürdükdə ölkəmizdə baş verən ictimai-siyasi proseslərin, sosial problemlərin çoxu məhz araşdırma jurnalistikası ilə bağlıdır. Təəssüflər olsun ki, bu sahədə mediada hansısa yenilik görünmür. Mətbuat orqanlarının əksəriyyəti bir-birinə bənzəyir”. Baş redaktorun fikrincə, xəbər saytlarının çoxalması bu sahəyə olan marağı azaldır: "Düşünürəm ki, araşdırma jurnalistikasını bu gün çap mediası həyata keçirməlidir. İnternet mediadan fərqlənən qəzetlərimiz bu janra geniş yer verməlidir. Hansısa saytda xəbər gözə dəyirsə, bu xəbəri geniş şəkildə araşdırmaq üçün qəzetlərin kifayət qədər zamanı var. Dünya praktikasında araşdırma yazıları daha çox çap mediası hazırlayır. Məsələn, Rusiya və Türkiyə mediasında bunu müşahidə etmək olur. Əsasən ölkə gündəminə aid olan xəbər qəzetlər tərəfindən bir neçə gün ərzində araşdırılır. Məqsəd hər hansı məsələni oxucuya geniş, arxa məqamları ilə birlikdə təqdim etməkdir. Eyni zamanda internet mediadan geri qalmamaq üçün qəzetlər əsasən araşdırma jurnalistikaya üstünlük verirlər”.


Araşdırmaçı-jurnalist, analitik Anar Turan deyib ki, bu gün hansısa xəbəri yerli və ən yaxşı halda rusdilli saytdan götürüb, keyfiyyətsiz tərcümə edib sayta qoymaq daha asan başa gəlir. Onun sözlərinə görə, indi insanlar hər şeyin asanına qaçırlar: 

"Kapitalizmin amansız dönəmində "işləməsən öləcəksən” prinsipi ilə yaşayırıq. Sanki zaman məfhumu qısalıb. Hədsiz informasiya bolluğundan əziyyət çəkən insanlarımızın çoxu gözlərini zəhmətə salıb araşdırma oxumağa ərinirlər. Ancaq sanballı araşdırmalar, reportajlar, heç kimin bilmədiklərini ortaya qoyan müəllif yazıları oxunur. Yəni az da olsa oxunur. Ona görə az deyirəm ki, hazırda cəmiyyətimizdə mütaliə problemi var. Elə bil bu sahədə də keçid dövrünü yaşayırıq. İnanıram ki, bir neçə ildən sonra bu problem yoluna düşəcək. Çünki düzgün, keyfiyyətli tərcümələr, qərəzsiz xəbərlər, savadlı və maraqlı mövzuları işıqlandıran araşdırmalar olduqdan sonra və şəhərdə hər nöqtədə kitab mağazaları açılanda mütaliənin də səviyyəsi qalxacaq”. A.Turanın fikrincə, araşdırma jurnalistikası həm intellekt, həm də cəsarət tələb edir: "Jurnalist gərək araşdırdığı mövzunun cəmiyyət üçün nə qədər önəm daşıdığını müəyyənləşdirdikdən sonra bu işə girişsin və qarşısına çıxan maneələri aşmağı bacarsın. Bunun üçün jurnalistin geniş əlaqələri olmalıdır ki, istədiyi cavabları ala bilsin. Yaxud tarixi mövzuda araşdırma aparırsa, ortaya qoyduğu "toz basmış” mövzular ümdə məsələləri, sualları cavablandırmağı əhatə etsin”.

"Yeni Müsavat” qəzetinin əməkdaşı, araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu da bildirib ki, araşdırma jurnalistikasına hər zaman ehtiyac olub, indi lap çox ehtiyac var: "Xəbərlər çox sürətli yayılır və sosial şəbəkə xəbərin əsas mənbəyinə çevrilib. Peşəkar jurnalistikanın fərqi indi məhz araşdırma, müsahibə kimi sahələrdə özünü göstərə bilər. Amma araşdırma jurnalistika daha çox medianın maddi imkanlarına bağlıdır. Böyük media orqanları araşdırmalara dəstək verir. Bəzən jurnalist bir neçə ay araşdırma yazısı üzərində işləyir. Amma Azərbaycanda bunu edəcək media orqanları çox azdır. Üstəlik, bu cür səs-küylü araşdırmalara "bazar” da yoxdur. Səs-küylü araşdırmalar media orqanına baha başa gələ bilər”.

Digər bir araşdırmaçı-jurnalist Dilqəm Əhməd isə bəyan edib ki, bu sahədə birinci problem qonorar məsələsidir: "Məsələn, mən Azərbaycanda əksər jurnallara mühacirət tarixi, cümhuriyyətlə bağlı yazı yazıram. Bəzilərini könüllü yazıram, digərlərinə görə isə cüzi qonorar verilir. Məndə bu mövzuya sevgi olmasa, əsla davam etməzdim. İkinci məsələ, redaksiyada müxbirlərin fərqləndirilməməsidir. Məsələn, bir müxbir düşünür ki, araşdırma yazısı yazsam da, feysbukdan bir siyasətçinin statusunu xəbər etsəm də, eyni maaşı alacam. Ona görə də maksimum şəkildə araşdırmadan qaçırlar. Əlbəttə, redaktorların tələbi də olmalıdır. Bəzi redaktorlar araşdırma yazı oxumaqdan, mövzu seçməkdən qaçırlar. Problem həm də tənbəllik, işə məsuliyyətli yanaşmamaqla bağlıdır. Ölkədə o qədər araşdırılası mövzu var ki”.
"Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev bildirib ki, müasir media aləmində araşdırma jurnalistikaya ehtiyac var: "Doğrudur, hazırda mediamızda araşdırma jurnalistika xeyli zəifləyib. Bunu internet medianın inkişafı ilə əlaqələndirmək olar. İnternet mediada daha çox operativlik tələb olunduğu üçün araşdırma jurnalistika arxa plana keçir. Həmçinin burada maliyyə məsələsi də rol oynayır. Jurnalist araşdırdığı məsələ üzərində bir neçə gün işləməlidir. Həmçinin, araşdırdığı məsələ ilə əlaqədar aidiyyəti yerlərə getməli, məlumat toplamalıdır. Belə məsələlər də maliyyə tələb edir. Araşdırma yazılara verilən pul digər xəbərlərə nisbətən fərqli, yəni çox olmalıdır. Bu baxımdan redaksiyalar daha çox operativ xəbər yazan jurnalistlərə üstünlük verir”.

İsmayıl



Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb