Araz Əlizadə və Fərəc Quliyev özlərinə səs veriblər

Prezidentliyə namizədlərin əksəriyyəti ailə üzvləri ilə səsvermədə iştirak ediblər




Dünən Azərbaycanda keçirilən prezident seçkisində ölkə rəhbərliyinə iddialı şəxslər də iştirak ediblər. Prezidentliyə namizədlər qeydiyyatda olduqları dairələr üzrə məntəqələrə gələrək səslərini veriblər.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev və xanımı 29 saylı Səbail Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində səs hüquqlarından istifadə ediblər. Səsvermədən sonra jurnalistlərin suallarını cavablandıran prezidentliyə namizəd qeyd edib ki, seçkilərin demokratik keçirilməsinə maneə yarada biləcək hər hansı bir qanun pozuntusu ilə qarşılaşmayıb: "Seçki prosesi indiyədək demokratik qaydada keçirilib. Əlbəttə, bütün namizədlərin imkanları eyni deyil. Amma Seçki Məcəlləsinin hər hansı normasının pozulması müşahidə olunmur. Ümid edirəm ki, səsvermə də qanunlara uyğun baş tutacaq. Bu seçki daha güclü, demokratik Azərbaycana, Qarabağın azad olunmasına yol açacaq siyasi xətti dəstəkləyəcək”.
Prezidentliyə namizəd Zahid Oruc ailə üzvləri ilə birgə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 18 saylı seçki məntəqəsinə gələrək səs verib. Z.Oruc həmçinin kimə səs verdiyinə də münasibət bildirib. O qeyd edib ki, Allahın seçdiyi, xalqın inandığı insana, İlham Əliyevə səs verib. Ailə üzləri isə ona səs verib. Millət vəkili seçki prosesi ilə bağlı fikirlərini də bölüşüb: "Prezidentliyə namizəd kimi bu iki ay ərzində vətəndaşlarımızla ünsiyyətdə olmaq imkanımız yarandı və elektron informasiya vasitələrindən istifadə edərək cəmiyyətə səslənə bildik. Bu müddət ərzində hər hansı bir qurumdan basqılar, iradəmizə zidd təzyiqlərin şahidi olmadıq. Keçirilən görüşlər zamanı polis qüvvələri və inzibati orqanlar da çox səmimi bir əhval-ruhiyyədə bizə yardım etdilər. Əminəm ki, seçkilər uğurla həyata keçiriləcək. Seçki prosesində seçicilərin aktivliyi müşahidə olunur. Səsvermə prosesində kifayət qədər seçicilərin iştirak etdiyini, həm kameralar öz obyektivinə köçürdülər, həm də ATƏT-in Müşahidə Missiyasının rəhbərliyi, o cümlədən Avropa Şurasının təmsilçiləri də şahidi oldu”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib. Sərdar Cəlaloğlu jurnalistlərə açıqlamasında deyib ki, seçkidə iştirakının mahiyyəti Azərbaycanda dəyişiklik etməkdir: "Bu dəyişikliklər dinc və demokratik yolla həyata keçirilməlidir. Biz Azərbaycanın gələcəyi naminə vətəndaşların seçkidə aktiv iştirak etməsini istəyirik. Səsvermədə heç bir problemlə üzləşmədim. Ümumiyyətlə, Azərbaycan Demokrat Partiyası ciddi maneələrlə üzləşməyib. Xalq kütləvi şəkildə seçkilərdə iştirak etməlidir. Bəzi qüvvələr yanlış olaraq, xalqı seçkilərdən kənar saxlamağa cəhd edirdi. Bu, çox böyük siyasi səhv idi”.
"Cəbhəçilərin Təşəbbüs Qrupu”nun prezidentliyə namizədi Razi Nurullayev Binəqədi Birinci Seçki Dairəsinin 283 nömrəli orta məktəbdə yerləşən 15 saylı seçki məntəqəsində ailə üzvləri ilə birlikdə səs verib. Prezidentliyə namizəd səsvermədən sonra yerli və xarici televiziya kanallarına müsahibə verib. O, seçkilərin gedişatında ciddi problemlərlə qarşılaşmadığını bildirib: "Hazırda narazılıq doğura biləcək heç bir pozuntu yoxdur. Özüm də 10:30-da səsvermədə iştirak etdim”.
ASDP sədri Araz Əlizadə isə 17 saylı Yasamal üçüncü seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib. O, özünə səs verdiyini açıqlayıb. A.Əlizadə seçkinin gedişatından razı qaldığını bildirib: "Seçki prosesində pozuntu haqda bizə heç bir şikayət daxil olmayıb və buna görə də hər hansı narazılığım yoxdur. Seçki qanunauyğun şəkildə həyata keçirilir. Seçkilərin gedişatında heç bir problem yoxdur”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 25 saylı seçki məntəqəsində səs verib. O, prezidentliyə ən layiqli namizəd qismində özünü görüb. Həmçinin, seçki prosesindən razı qaldığını bildirib: "Seçki prosesi ilə bağlı hər hansı şikayətim yoxdur. Hələlik heç bir problemlə də qarşılaşmamışıq”.
Prezidentliyə namizəd Hafiz Hacıyev isə 8 saylı Binəqədi Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. O bildirib ki, bütün seçki məntəqələrində canlanma var: "İçimizdə olan bəzi ünsürlər seçkini boykot etməyə çağırsa da, xalq bu fikirlərə əhəmiyyət vermədi və hər kəs seçkidə iştirak etdi. Seçicilər sərbəst şəkildə istədikləri şəxsə səs verirlər”. H.Hacıyev İlham Əliyevə səs verdiyini deyib.

İsmayıl