Yavaş-yavaş oynaqlardakı qığırdaqlar yeyilir, sümüklər bir-birinə toxunur, hərəkət məhdudluğu yaranır
Son illər ölkəmizdə artrit xəstəliyindən əziyyət çəkənlərin sayı artmaqdadır. Bu il akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) 9 ay ərzində 142 xəstə müxtəlif mənşəli artrit xəstəliklərindən stasionar müalicə alıb.
Qeyd edək ki, artrit oynaqda yaranan iltihabi prosesdir. Bu proses nəticəsində oynaq şişir, hərəkət məhdudluğu yaranır. Artritin əlamətləri şişkinlik, oynaqların formasının dəyişməsi, ağrı, oynaq səthinin qızarması, hərəkət məhdudluğudur. Dünyada 10 milyonlarla insan artritin bu və ya digər növlərindən əziyyət çəkir. Son 20 ildə artrit xəstəliklərindən əziyyət çəkənlərin sayı 2 dəfə çoxalıb. Artritlər müxtəlif yaş qrupunda olan insanlarda rast gəlinə bilər. Ancaq yaşlı adamlarda daha çox müşahidə olunur.
Bəs xəstəliyin yaranmasına şərait yaradan səbəblər hansılardır? Həkim Şəmsiyyə Namazlının "Şərq”ə açıqlamasına görə, artrit xəstəliyindən əziyyət çəkən insanların oynaqlarında müəyyən boşluqlar əmələ gəlir. Xəstəliyin müalicə edilməyəcəyi təqdirdə ciddi fəsadlar törətdiyini deyən həkim artritin yaranma səbəblərinin də müxtəlif olduğunu bildirib:
"Artrit xəstəliyinə həm yaşlılar, həm də cavanlar tutulur. Cavan insanlarda revmativ proseslər olarsa, mütləq onlarda oynaq ağrıları müşahidə olunur. Bir də var ki, travmatik oynaq ağrıları və orqanizmdə vitamin çatışmazlığı nəticəsində əmələ gələn artritlər. Həmçinin müəyyən müddət sonra insan yaşa dolduqca orqanizmdə maddələr mübadiləsinin pozulması ilə bağlı müxtəlif xəstəliklər yaranır, kalsinin sorulması pozulur. Məsələn, qalxanvari vəz, mədə-bağırsaq sistemi xəstəliklərində kalsinin qana sorulması pozulur, eyni zamanda qan azalır. Bəzən görürük ki, qanda vitamin D aşağı olur və bu zaman yenə də qandan sümüyə kalsinin sorulması prosesi pozulur. Ümumiyyətlə, orqanizm üçün vitamin D-nin, eyni zamanda kalsinin qəbulu mütləqdir.
Artritlər zamanı oynaqlarda qığırdaqların yeyilməsi baş verir və oynaqda boşluqlar əmələ gəlir. Hətta insanlar müəyyən hərəkət edən zaman oynaqlardakı xırıltı səsini eşidirlər. Bunlar oynaqdakı qığırdaqların yeyilməsi ilə bağlıdır.
Havada nəmişliyin olması xəstəliyi daha da ciddiləşdirə bilər. Ümumiyyətlə, havada nəmişliyin miqdarı nə qədər aşağı olarsa, oynaq xəstəliklərində bir o qədər kəskinləşmə baş verməz. Xəstəlik müalicə olunmadığı təqdirdə ciddi fəsadlara yol aça bilər. Yavaş-yavaş oynaqlardakı qığırdaqlar yeyilir, sümüklər bir-birinə toxunur, hərəkət məhdudluğu yaranır. Sümüklərin struktur dəyişikliyində problemlər olur, insan tədricən əlil dərəcəsinə gəlib çatır. İstər bud-çanaq, istər diz, çiyin və s. oynaqlarda əlilliyin yaranması mümkündür”.
Yeganə Bayramova