AŞ PA-nın “ədaləti” göz önündədir

Sənədlərdə əfv və amnistiya aktları, humanist islahatlar nəticəsində yüzlərcə insanın azad olunduğunu yazmayıblar


Ötən gün Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı növbəti qərəzli hesabat qəbul olunub. Hesabatda qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları, ölkəmizdə yoxsulluğun səviyyəsinin azalması, müsbət statistik faktlar, son dövrlər həyata keçirilən hüquqi islahatlar qərəzli olaraq çıxarılıb. Bu da Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olub.

AŞ PA-da açıq-aşkar erməni lobbisinin sifarişi əsasında çıxış edən sosialist deputat Konstantinos Efstatou Azərbaycana qarşı sərt addımlara çağırıb. "Bu, Azərbaycan xalqının xeyrinədir” deyə sözlərinə haqq qazandırmağa çalışan bu avropalı ermənipərəst, əslində Azərbaycan xalqına və ümumiyyətlə, müsəlman ölkələrə qarşı nə qədər dözümsüz olduğunu sübuta yetirib. Görünür, ölkəmizin siyasi əxlaqa, diplomatik etikaya riayət etməsi AŞ PA-da başqa cür qəbul olunur və ölkəmiz təzyiqlərlə qarşı-qarşıya qalır. Eyni zamanda belə qənaətə gəlinir ki, Avropanı təmsil edən qurum rəhbərliyi müxtəlif tribunalarda Azərbaycanla münasibətdə maraqlı olduğunu desə də, əslində dövlətimizə və xalqımıza qarşı nifrət üzərində köklənmiş mövqe tutur. Əks halda baş katib Yaqland həddini aşaraq "Azərbaycanı mütləq cəzalandırmaq gərəkdir” ifadələrini dilinə gətirməzdi. Siyasi marionet təsiri bağışlayan Yaqland Qərbin sanksiyalar tətbiq etdiyi Moskvaya 5 dəfə səfər etməsinə rəğmən, hər zaman ədalətli mövqe tutan Azərbaycanla bağlı məsələlərdə düşmənçilik və qərəz mövqeyindən çıxış edir. AŞ PA-nın qərəzini sübuta yetirən daha bir amil sənədlərdə Azərbaycanın həyata keçirdiyi islahatların, gördüyü işlərin əks olunmamasıdır. Məsələn, yüzlərlə məhbus əfv olunub, amma nə hesabatda, nə də qətnamələrdə bu, qeyd olunmayıb. Ölkəmizdə müxalifət istədiyi vaxt aksiyalar və mitinqlər keçirir, bu amilə də toxunulmayıb. Qeyri-obyektiv müzakirələrdən və səsvermədən sonra qəbul edilən sənədlər siyasi motivasiyalı, reallıqdan və Azərbaycandakı gerçək durumdan çox uzaq, qərəzli və subyektiv olduğundan Bakı heç bir halda sözügedən sənədlərlə əsla razılaşa bilməz. Azərbaycana qarşı edilən tələblər müqabilində AŞ PA insan haqlarını əsas gətirərək, 20 faiz ərazimizi işğal etmiş Ermənistandakı durumu müzakirə etməli idi.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov deyib ki, dinləmələr zamanı həqiqətdən uzaq, məntiqi baxımdan uyğun olmayan, əsassız iddiaları özündə əks etdirən əlavələr təklif edilib:

 "Hesabatlar və onlara təklif edilən düzəlişlərin əksəriyyəti Azərbaycana qarşı aparılan kampaniyalarda iştirak edən şəxslər tərəfindən təqdim olunub. Onlardan ikisi, müxtəlif hesabatlarda adları erməni lobbisi ilə bağlı olduqları göstərilən Omziqt və Şvabbedir. Hazırlanmış hesabatda Azərbaycanda saxlanılmış şəxsləri qeyd ediblər. Ancaq əfv və amnistiya aktları nəticəsində, humanist islahatlar nəticəsində yüzlərcə insanın azad olunduğunu yazmayıblar. Həmkarlarımı bu məsələlər barəsində məlumatlı olmağa və etinasız yanaşmamağa çağırıram”. 

Politoloq Fikrət Sadıqov isə deyib ki, əgər Azərbaycana təzyiqlər sürərsə, diktələr yenidən nümayiş etdirilərsə, ölkəmiz qurumdan çıxmaqla bağlı qərar qəbul edə bilər: 

"Qurumdan birdəfəlik uzaqlaşmaqla yanaşı, fəaliyyəti müvəqqəti dondurmaq da olar. Ancaq hesab edirəm ki, Avropa Şurası-Azərbaycan münasibətlərinin inkişafı hər iki tərəfin maraqlarına cavab verir. Münasibətləri digər maraqlara qurban vermək olmaz. Azərbaycan Avropa üçün çox önəmli oyunçudur. Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi münasibətlər, enerji müqavilələri mövcuddur. Yaxın gələcəkdə Azərbaycan Avropaya qaz ixrac edəcək. Avropa bunları götür-qoy etməlidir. Əgər Avropa Azərbaycandan imtina etmək, ayrı-ayrı "siyasətçilərin” uydurmalarına inanmaq istəyirsə, öz işləridir. Amma düşünürəm ki, müəyyən razılıq əldə oluna bilər”.

İsmayıl