"AŞPA Azərbaycanın onlara möhtac olmadığını başa düşməlidir”

Tahir Kərimli: "Avropa qurumlarının Türkiyə və Azərbaycana qarşı münasibətləri hər kəsə məlumdur. İslamafobiya burada rol oynayır. Bu qurumlar özlərini xristian klubları kimi aparır"


"AŞPA-nın yeni prezidentinin seçilməsindən sonra ilk iclasda Azərbaycan haqqında məsələnin qaldırılması və qətnamələrin qəbul edilməsi diqqət çəkir”.

Bunu "Sherg.az”a millət vəkili Tahir Kərimli deyib. Deputat bildirib ki, Azərbaycana qarşı münasibətin yeni prezidentin kiprli olması ilə əlaqəsi var:

"Avropa Şurası Kipri bütövlükdə tərkibinə daxil edib, onun Türkiyənin nəzarətində olan hissəsini nəzərə almayıb. Bununla Türkiyə ilə düşmən münasibətləri formalaşıb. Azərbaycan isə Türkiyə ilə qardaş ölkə olduğundan dövlətimizə qarşı bu cür rəy formalaşdırılıb.

Digər tərəfdən, AŞPA-nın iclasında Azərbaycanla bağlı iki məsələ müzakirə olunub. Burada konkret məsələlər qoyulub. Azərbaycanda monitorinqin nəticələrini əks etdirən hesabat əsas gətirilir. Maraqlıdır, ümumi hesabatlar haqqında qətnamələrdə konkret ittihamlar irəli sürülüb. "Azərbaycan tərəfi İlqar Məmmədovun həbsinə səbəb kimi ona qarşı səsləndirilən konkret ittihamlar olduğunu göstərir” – ifadələri qətnamədən çıxarılıb.

 Buradan görünür ki, AŞPA rəsmiləri bütün həbsləri siyasi motivlərlə əlaqələndirir. Avropa Şurasının ikili standartlar mexanizmi hələ də qüvvədədir. Obyektivlik olsaydı, Ermənistana, həqiqətən insan hüquqlarının pozulduğu ölkələrə adekvat münasibət göstərilərdi”.

T.Kərimlinin sözlərinə görə, Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiri Novruz Məmmədov AŞPA deputatlarını inkvizisiya məhkəməsinin üzvlərinə bənzətməkdə haqlıdır:

"Avropa qurumlarının Türkiyə və Azərbaycana qarşı münasibətləri hər kəsə məlumdur. İslamafobiya burada rol oynayır. Bu qurumlar özlərini xristian klubları kimi aparır. Azərbaycana qarşı nifrət var, ona görə də işğal problemimizə heç vaxt yanaşmayıblar. AŞPA insan hüquqlarının müdafiəsindən danışırsa, işğalçı dövlət tərəfindən hüquqları pozulmuş 1 milyon qaçqın və məcburi köçkün azərbaycanlıların hüquqlarını niyə tanımır?

AŞPA-nın Azərbaycana qarşı əvvəldən belə niyyəti var idi. Azərbaycan rəhbərləri tərəfindən də bu məsələlər qoyulur ki, AŞPA Azərbaycanın onlara möhtac olmadığını başa düşməlidir”.

Azərbaycanın təşkilata daxil olduğu illəri xatırladan deputat deyib ki, həmin vaxt AŞPA bəzi şərtlər irəli sürüb:

"Həmin şərtlərin ikisi məni narahat edirdi, ona görə əleyhinə getdim. Bunların biri torpaqlarımızı sülhlə azad etmək, güc tətbiq etməmək, digəri isə cinsi azlıqların hüquqlarının müdafiə olunmasıdır. İlk şərtdən görünür ki, Ermənistan torpaqlarımızı işğal etdiyi halda güc tətbiq etməmək haqqında öhdəlik Azərbaycan qarşısına qoyulur. Bu, subyektiv yanaşmadır. Cinsi azlıqlarla bağlı məsələyə gəlincə, AŞPA-ya daxil olduqdan sonra cinayət məcəlləsində buna aid maddələr aradan qaldırıldı. Ona görə, bu iki məsələ görə, mən Avropa Şurasına rəğbətlə yanaşmamışam. Təşkilat sırf insan hüquqları ilə bağlı idisə, niyə qarşımıza siyasi və hərbi öhdəliklər qoyur? Bu səbəbdən elə həmin dövrdən yaranmış problemin ağır nəticələrini görürük”.

Qeyd edək ki, Novruz Məmmədov AŞPA-nın uzun müddətdir, bir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı, qəddarlığı ilə təəccüb və təəssüf doğurduğunu bildirib.

Aysel Aslan