AŞPA-dakı nümayəndə heyətinin tərkibindəki dəyişikliklərin faydaları... - Deputatlar danışır

Azərbaycanın Avropa Şurası (AŞ)Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibinə daxil edilən bütün deputatların adları müəyyənləşib. Heyətdən çıxarılan 3 nəfərin yerinə parlamentarlar - Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə təyin olunub. Beləliklə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:
Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rafael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.
Sözügedən dəyişikliyin faydaları barədə "Sherg.az”a nümayəndə heyyətinin yeni üzvü, millət vəkili Asim Mollazadə AŞ-ın Azərbaycan üçün çox mühüm təşkilat olduğunu xatırladıb. 
Deputatın sözlərinə görə, adıçəkilən qurumun 2006-cı ildə qəbul etdiyi qətnamədə Azərbaycan torpaqlarının işğalı, bu işğalın yüz minlərlə qaçqın və məcburi köçkün qurbanları haqqında məlumatlar yer alıb:
"Azərbaycan bu tribunadan istifadə edərək hüquqlarını müdafiə etməli, həqiqətləri Avropa ictimaiyyətinə çatdırmalıdır. Baxmayaraq ki, Azərbaycana qarşı informasiya müharibəsi aparılır, dövlətimiz bu məsələdə fəal iştirak edərək, mənafeyini qorumalıdır. Avropa Şurası bu istiqamətdə mövcud olan imkanlardan biridir”.
Yeni nümayəndə heyətinin görəcəyi işlərə gəlincə isə, deputat bu haqda danışmağın tez olduğunu söyləyib:
"Sessiya başlasın, AŞ-ın gündəliyi ilə tanış olaq. Təbii ki, görülən işlərin davamı olacaq və ciddi işlərin görülməsi vacibdir. 
Azərbaycanın da Avropaya təqlid etdiyi dəyərlər var və bu regionda da gərgin məqamlar olduğu danılmazdır. Azərbaycanın təcrübəsi Avropada mühüm amil kimi istifadə oluna bilər”.
AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev isə "Sherg.az”a açıqlamasında işlərin davam etdiriləcəyini qeyd edib:
"Yeni nümayəndə heyəti ilə hər şey qaydasındadır. İşlər davam etdiriləcək".
Aysel Aslan