AŞPA-nın sessiyası Azərbaycan üçün ağır keçib



Parlamentin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Şuranın bir neçə gün öncə keçirilən iclasından danışıb. 

Sherg.Az-ın məlumatına görə, Seyidov deyib ki, AŞPA-nın son sessiyası başqa sessiyalardan fərqli olaraq Azərbaycan üçün asan keçməyib:

"Söhbət sadəcə Azərbaycanla bağlı hazırlanan sənəddən getmir. Ölkəmizlə bağlı məsələ yalnız sessiyada yox, komitələrdə və siyasi partiyalarda da müzakirə olundu. Bunun haradan qaynaqlandığı, haradan ortaya çıxdığı bizim üçün hələ də sual olaraq qalır. Bu gün Avropa Şurası daxilində elə tendensiya yaranıb ki, onlar hansısa ölkəni hədəf seçib, öz problemlərini həll edirlər. Amma biz hədəf olmalı deyilik”.

"Sağlam qüvvələr də bu insanların girovuna çevriliblər. Səsvermə zamanı bir qrup insan da bunların təsirinə düşüb, Azərbaycanın əleyhinə qətnamə qəbul olunub. Ukraynalı deputatlar bizim əleyhimizə səs veriblər. Bu o deməkdir ki, onlar həm də Ukraynanın əleyhinə səs vermiş olublar. Hakim partiyanın deputatlarından başqa, digər partiyaların nümayəndələri Azərbaycan əleyhinə səs verib. Demək istəyirəm ki, Ukrayna-Azərbaycan münasibətləri normaldır”.

Anar