Aşurada savab iş görmək istəyirsinizsə, qanvermə aksiyasına qoşulun !





" Aşura günü İslam dinində müqəddəs tarix kimi qeyd edilir”.

Bunu "Sherg.az”a ilahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədov deyib. 

Onun sözlərinə görə, dini, tarixi qaynaqlarda Aşura gününün yer üzünə gəlmiş peyğəmbərlərlə bağlı əlamətdar gün olması vurğulanır:

"Din tarixində Aşura günündə sevimli peyğəmbərimizin oruc tutmasına dair rəvayətlər mövcuddur.

İkinci tərəfdən, "Aşura” günü Hicri təqvimi ilə 61-ci ildə Həzrəti Hüseynin şəhadəti kimi qəbul olunur. "Əhli beyt”in nümayəndələrindən olan Həzrəti Hüseynin amansızcasına qətlə yetirilməsi Aşura gününə təsadüf etdiyindən, bu gün bütün İslam dünyasında qeyd edilir. "Aşura” günü müxtəlif mərasimlər keçirilir, İmam Hüseynin xatirəsi yad edilir, müxtəlif dini ayinlər icra olunur.

"Aşura” günü ilə bağlı tarixi prosesi bilmək vacibdir. Həzrəti Hüseyn bizim üçün ədalətsizliyə qarşı çıxan, 70 nəfər "əhli beyt” üzvləri ilə birlikdə böyük bir orduya qarşı döyüşən fədakar insan kimi qəbul edilir. O, öz qoyduğu prinsiplərə heç vaxt xəyanət etmədi, "əhli beyt”in əlindən alınmış xilafətin qaytarılması yolunda geri addım atmadı. Ona görə, bütün İslam aləmi Həzrəti Hüseynin qətl edilməsini pisləyir”.

V.Səmədov diqqətə çatdırıb ki, Aşura günü haqsızlığa, zülmə qarşı mübarizə aparmaqla həyata keçirilməlidir:

"Halbuki insanlar sinə vurmaq, baş yarmaq, qan çıxarmaqla Aşura gününü qeyd etməyə çalışırlar. Bu, düzgün deyil. İnsanların özlərinə xəsarət yetirməsini Həzrəti Hüseyn də istəməz. Ona görə, əgər möminlər savab iş görmək, Aşura günündə yaxşı əməllər etmək istəyirlərsə, qanvermə aksiyasına qoşularaq, bu günü qeyd edə bilərlər. Qana ehtiyacı olan xəstələrə qan vermək ən savab əməldir”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.

Aysel Aslan