Ata uşağına oğurluq öyrədir

Düşüncəsiz bir atanın ucbatından balaca qızı polis bölməsinə aparıb, ifadəsini alıblarLalə Mehralı hesab edir ki, əksinə, bu cür hadisələrin ictimailəşməsi daha çox tərbiyəvi əhəmiyyət daşıyır
Kiçik yaşlı uşaqların əksəriyyəti oğurluq etməyə meyilli olur. Bəziləri evlərindəki pulu, bəziləri dostlarının oyuncaqlarını götürür və buna haqqı olduğunu düşünür. Bir qisim uşaqlar isə mağazada, yaxud da başqalarının cibindən oğurluq etməyə vərdiş edir. Bir çoxlarımız "uşaqdır” deyib, onların bu hərəkətinə göz yumsaq da, mütəxəssislər bunu zərərli hesab edir. Onların fikrincə, əgər uşaq bir dəfə oğurluq edirsə, deməli qarşısı alınmasa, böyüdükcə oğurluğu özünə "sənət” olaraq, seçəcək.
Qeyd edək ki, bu günlərdə jurnalist həmkarlarımızdan biri uşaqların mağazadan oğurluq etməsi faktını özündə əks etdirən bir paylaşım edib və uşağı bu əmələ atasının məcbur etdiyini xüsusi olaraq qeyd edib. Yəni düşüncəsiz bir atanın ucbatından balaca qızı polis bölməsinə aparıb, ifadəsini alıblar. Bəlkə də bu hadisə psixoloji travma kimi onun həyatında silinməz iz qoyacaq. Amma məsələnin mahiyyəti qalıb bir kənarda, sözügedən statusa rəy bildirən istifadəçilər belə bir faktın ictimailəşməsinin lüzumsuz olduğundan yazıblar. Qeyd ediblər ki, mağaza sahibinin bir konfetə görə polis çağırması və hadisəni böyütməsi düzgün deyil.
Sosioloq-jurnalist Lalə Mehralı isə hesab edir ki, əksinə, bu cür hadisələrin ictimailəşməsi daha çox tərbiyəvi əhəmiyyət daşıyır:
"Azyaşlıların dələduzluq, oğurluq, hətta cinayət etdiyi hallar olsa belə onun adını, soyadını, şəklini, kadrlarını ictimailəşdirənlər qınanmalıdır, hadisəni yazıb körpə istismar edən dırnaqarası valideynləri qınayan vətəndaş qınanmamalıdır. Status müəllifinin yazdıqlarını oxudum, tamamilə vətəndaş mövqeyindən çıxış edərək narahatlığını ifadə edib. Uşağı bu hərəkətə məcbur edənin öz doğma atası olduğundan, bu hərəkəti ilə indidən əliəyriliyə, oğurluğa alışdırdığından hadisə şahidi çox narahat olub. Bu onun vicdanlı olmasından, azyaşlılara qarşı edilən haqsızlığa, hüquq pozuntusuna görə üsyanından irəli gəlir.
Mən əslində bu məsələni ictimailəşdirdiyinə görə qınayanların evində böyütdüyü azyaşlıların gələcəyindən narahat oldum. Bir daha qeyd edirəm, hadisə şahidi o məlumatı paylaşarkən nə azyaşlının adını qeyd edib, nə şəklini paylaşıb, anonimliyini qoruyub, üstəlik, azyaşlının etmək istəmədiyi hərəkətə məcbur edildiyini, azyaşlıların pis yola düşməsində böyüklərin də rolunun olduğunu yazıb. Bu halda onu qınayanların məqsədini anlamaqda çətinlik çəkirəm”.
Bu cür hadisələrin uşaqların psixologiyasına hansı izlər buraxdığına gəldikdə isə Lalə xanım deyib ki, müsbət heç nə gözləmək olmaz: "Uşaq nə etdiyinin fərqindədirsə, bu ona daha çox təsir edir, pis hərəkət etdiyini bilir və buna məcbur qalırsa, təkrarlamayacaq. Amma o uşaq nə etdiyini bilmədən, oyun kimi qəbul edərək ona aid olmayanı götürürsə, bu onda adət halını ala bilər və sonrakı həyatında onun bu hərəkəti təkrarlayacağı gözləniləndir.
 Uşaqlar yazılmamış kağızdır deyirlər, o kağıza nə yazsan, onu qəbul edir. Atası bu yaşda uşağa haram, əliəyrilik öyrədirsə və bunu ictimai yerdə, yaxalanacağından qorxmayaraq tətbiq etdirirsə, o zaman o uşağın gələcəyindən narahatlıq duymaq lazımdır. Davranışı, əxlaqı, psixologiyası ciddi təhlükə altındadır”.
Şəymən