İlqar Vəlizadə: "Keçmiş prezident İslam Əməkdaşlıq Təşkilatının İslamabad sammitində Qırğızıstan Azərbaycana dəstək xarakterli sənədin imzalamaqdan imtina edib""Türk dövlətləri ilə, qonşularla münasibətlərin pozulması Qırğızıstanın daxili siyasətinə də mənfi təsir göstərirdi"
"Qırğızıstanın yeni prezidenti daha praqmatik siyasət aparacaq, regionda və dünyadakı real vəziyyəti nəzərə alacaq”.
Bunu "Sherg.az”a Qırğızıstanın yeni prezidenti Sooranbay Jeenbekov haqqında danışarkən politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Qırğızıstanın keçmiş prezidenti bu reallıqları nəzərə almırdı:
"Maraqlıdır ki, keçmiş prezident Almazbek Atambayev bunları nəzərə almırdı. Özbəkistandan başqa bütün türk ölkələri ilə Qırğızıstanın münasibətləri soyuyub. İş bu həddə gəlib çatıb ki, Türk Əməkdaşlıq Təşkilatının növbəti sammiti Qırğızıstanda keçirilməli olduğu halda, Türkiyə ilə münasibətlərin pis olması buna imkan verməyib.

Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının İslamabad sammitində Qırğızıstan Azərbaycana dəstək xarakterli sənədin imzalamaqdan imtina edib. Bu isə Azərbaycanla münasibətləri soyudub. Açıq görürük ki, bu dövlətin Qazaxıstanla da münasibətləri yaxşı deyil. Bütün bunları nəzərə aldıqda keçmiş prezidentin kifayət qədər səriştəsiz, siyasətdə xam şəxs olması məlum olur.
Türk dövlətləri ilə, qonşularla münasibətlərin pozulması Qırğızıstanın daxili siyasətinə də mənfi təsir göstərirdi. Qırğızıstanda dini qarşıdurmalar təbliğ edən qruplar fəaliyyət göstərir. Onların qarşısını heç kim almır. Digər ölkələr bu məsələ ilə bağlı tez-tez rəhbərliyə müraciət edirlər ki, problemlər aradan qaldırılsın. Lakin keçmiş prezident bunlara reaksiya vermirdi. Bütün bunları nəzərə aldıqda görürük ki, Qırğızıstan çox çətin hala düşüb”.
Politoloq vurğulayıb ki, yeni prezident Qırğızıstanın problemlərini həll etməyə, digər dövlətlərlə münasibətləri yaxşılaşdırmağa məcburdur:
"Düşünürəm ki, o sələfinin buraxdığı səhvləri bərpa edəcək. Həm daxili siyasətdəki böyük problemlərin, həm də xarici siyasətdə yol verilmiş nöqsanların aradan qaldırılması üçün ciddi addım atacaq”.
Qeyd edək ki, 26 ildir, müstəqillik tarixi olan Qırğızıstanda ilk dəfə hakimiyyət dinc şəkildə ötürüləcək. Çoxsaylı narahatlıqlara baxmayaraq, baş tutan seçkilər sülh şəraitində keçib və səslərin 97 faizinin toplanmasından sonra əsas namizəd, keçmiş baş nazir, iqtidarın dəstəklədiyi Sooranbay Jeenbekov prezident olub.
Aysel Aslan