Avropa İttifaqı çat verib

"İngilislər müdrik xalqdır və onlar heç vaxt batmayan gəmini tərk etməzlər"
"Avropanın ən öncül dövlətləri quruma "əlvida" deməyə başlayıblar. Böyük Britaniya nə ABŞ-ın, nə də Avropa Birliyinin yedəyində getmək istəyir"


Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqı ilə razılaşma haqqında gərgin müzakirələrin başlayacağını söyləyib. Eyni zamanda, yeni bir razılaşmanın olmayacağını da bildirib. Baş nazir ona ünvanlanan suallardan birini cavablandırarkən deyib ki, "Brexit”ə görə bəzi insanların özünü pis hiss etməsini anlayıram, ancaq biz Avropa İttifaqından ayrılırıq, Avropadan yox”. Baş nazir ikinci bir referendum tərəfdarı olmadığını və Cəbəllütariqin statusunun dəyişməyəcəyini söyləyib. 

Böyük Britaniyanın Avropa İttifaqından referendum vasitəsi ilə çıxmağı qərara alması dünya gündəmində xeyli müzakirə olunmuş məsələdir. Görünür, mövzu hələ də aktuallığını qorumaqdadır. Çünki Böyük Britaniya qitənin mühüm ölkəsi sayılır və belə bir dövlətin İttifaqdan çıxması birlik üçün mənfi hal sayılır. Hətta İttifaqın dağıla biləcəyini, ən azından güc itirəcəyini deyirlər. Ekspertlərə görə, "biz Avropadan yox, ittifaqdan çıxırıq” açıqlaması verən Tereza Mey bu cür narahatlıqları aradan qaldırmağa çalışır.

İngiltərə baş nazirinin açıqlamasını "Şərq”ə şərh edən politoloq Əhəd Məmmədli deyib ki, tarix boyu Avropa qitəsində Böyük Britaniya kontinental Avropadan həmişə özünü ayırıb. Norveç də indiyə qədər Avropa Birliyinin üzvü deyil, amma o demək deyil ki, Norveç Avropa ölkəsi sayılmır: 

"Böyük Britaniya Avropa Birliyindən çıxsa da, nəhəng Avropa dövləti olaraq qalacaq. Rəsmi London İttifaqa daxil olan ayrı-ayrı ölkələrlə sıx əməkdaşlığını davam etdirəcək. Əlbəttə, istənilən halda Britaniyanın təşkilatı tərk etməsi Brüssel üçün ziyanlıdır. İngilislər müdrik xalqdır və onlar heç vaxt batmayan gəmini tərk etməzlər. Deməli, gəmidə problem var. Özü də problem get-gedə dərinləşməkdədir. Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi Brüssel üçün ciddi siqnal olmalıdır. Onsuz da Avropada millətçi, ultra-millətçi partiyalar ciddi uğur qazanmaqdadır. Qloballaşma, liberal-demokratiya, yunionizm Avropada tənəzzülə uğrayır. 

Bunun səbəbi odur ki, Avropanın ən öncül dövlətləri quruma "əlvida" deməyə başlayıblar. Böyük Britaniya nə ABŞ-ın, nə də Avropa Birliyinin yedəyində getmək istəyir”. Analitik vurğulayıb ki, London yenidən müstəqil siyasətə üstünlük verməyə başlayıb: "Bu isə o deməkdir ki, London imperiya siyasətinə qayıdır. Bu baxımdan Britaniya böyük güc hesab etdiyi Türkiyə ilə yenidən yaxınlaşmağa başlayıb. Məncə, iki "mehriban düşmən” birlikdə dünya nizamını dəyişmək əzmindədir”.

İsmayıl