"Avropa Məhkəməsinə ümid etmək olar" - Şahbaz və Dilqəmə görə

İradə Cavadova:" Müsbət qərarın çıxmasını gözləmək olar"Akif Nağı: "Məhkəmənin araşdırma aparmadan ədalətsiz qərar verəcəyi ehtimalı azdır"
Kəlbəcər rayonunda erməni silahlı qüvvələri tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə Avropa Məhkəməsində baxılacaq. Bu barədə vəkil Fariz Namazlı feysbuk səhifəsində məlumat verib. 
Vəkil bildirib ki, Avropa Məhkəməsində Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşları - Firuzə Əsgərova və Albina Veysəlovanın müraciətinə əsasən Ermənistana qarşı iş üzrə kommunikasiya başlayıb. Vəkil onu da bəyan edib ki, ərizəçilərin hüquqlarını Anar Bağırov müdafiə edir. Məhkəmə həmçinin, D.Əsgərov və Ş.Quliyevin sağlamlıq durumu ilə bağlı sənədlərin təqdim edilməsini tələb edib.
Proseslə bağlı "Şərq”ə danışan tanınmış vəkil İradə Cavadova məsələnin Avropa Məhkəməsində qaldırılmasının çox müsbət hal olduğunu deyib: 
"Əgər hüquqi müraciətlə bağlı kommunikasiya başlayıbsa, müsbət qərarın çıxmasını gözləmək olar. Məncə, çox sevindirici hadisədir”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da "Şərq”ə verdiyi açıqlamada deyib ki, Avropa Məhkəməsindən müsbət nəticə çıxacağına ümid etmək olar. 
QAT rəhbərinin fikrincə, Məhkəmənin araşdırma aparmadan ədalətsiz qərar verəcəyi ehtimalı azdır: 
"Hüquqşünaslarımız deyirdilər ki, Ermənistan öz yaxasını kənara çəkir. Hüquqi prosedura əsasən, Avropa Məhkəməsinə müraciət edərkən cavabdeh tərəfin vurğulanması əsas şərtdir. Ermənistan hər dəfə girovlarla bağlı məsələdə əlinin olmadığını iddia edirdi. Dağlıq Qarabağdakı qondarma rejim də beynəlxalq hüququn subyekti olmadığına görə, müəyyən problemlər yaranırdı. 
Görünür, artıq vəkillərimiz, hüquqşünaslarımız bunun yolunu, qaydasını tapıblar və Avropa Məhkəməsinə müraciət ediblər. Məhkəminin girovlarla bağlı işi icraata götürməsinin özü böyük nəticə deməkdir. Qərarın nə vaxt və hansı formada çıxacağını zaman göstərəcək. Lakin prosesin gündəmə gəlməsi digər beynəlxalq qurumların diqqətini çəkəcək. İndiyə kimi beynəlxalq qurumlar bu məsələyə barmaqarası baxırdılar və ciddi yanaşmırdılar”.
İsmayıl