İnsanlar səhər və axşam saatlarında Bakı-Sumqayıt yolunda əsl cəhənnəm yaşayırlar
"Ən böyük problemlərdən biri də Xırdalan dairəsindəki tunellə bağlıdır. 6 zolaqlı yol tuneldə iki zolaq olur. Bu zaman da yolun ötürücülük qabiliyyəti itir və avtomobillərin hərəkətində ləngimələr olur"
Hər gün Bakının şimal girişində, Xırdalan dairəsindən 20 Yanvar dairəsinədək olan ərazidə, həmçinin 3-cü mikrorayon dairəsində güclü tıxaclar müşahidə edilir. Səhər və axşam saatlarında sözügedən ərazidə hərəkət demək olar ki, məhdudlaşır”.
Bu sözləri Bakı-Sumqayıt yolundakı tıxac və ictimai nəqliyyat problemindən danışan "Avtosfer.az" saytının rəhbəri Elməddin Muradlı "Şərq”ə açıqlamasında deyib. Onun sözlərinə görə, "Şimal qapısı” adlandırılan bu istiqamətdə ictimai nəqliyyatın fəaliyyəti bərbad olduğu üçün soyuq havada insanlar taksilərə daha çox meyl göstərirlər:
"Hər gün bu qapıdan təxminən bir milyon 200 min adam Bakıya daxil olur və geri qayıdır. Onların bir qismi ictimai nəqliyyatla, bir hissəsi taksi, digər qismi isə şəxsi avtomobillərdən istifadə edir. Dəqiqələrcə, bəzən saatlarca dayanacaqlarda avtobus gözləməkdən bezən insanlar mənzil başına tez çatmaq üçün qanunsuz fəaliyyət göstərən "Ford”lar və taksilərdən istifadə edirlər. Baki-Sumqayıt yolunda hərəkət edən avtomobillərin sayı artdıqca tıxac yaranır. Səhərlər Bakı istiqamətində, axşamlar isə Sumqayıt istiqamətində hərəkət məhdudlaşır.
Bəzən də hər iki tərəfdə tıxac olur. Səbəb isə dediyim kimi, 20 Yanvar və 3-cü mikrorayon dairəsində avtobusların hərəkətinin bərbadlığı və yenə də taksilər, qanunsuz parklanma və sair məsələlərdir. Əgər ictimai nəqliyyatın fəaliyyəti normal olsa, qanunsuz sərnişindaşıma ilə məşğul olan digər nəqliyyat vasitələrinə ehtiyac qalmaz. Öz-özlərinə sıradan çıxacaqlar”.
E.Muradlının sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu problemə diqqət ayırmalı və lazımi addımlar atmalıdır:
"Ən böyük problemlərdən biri də Xırdalan dairəsindəki tunellə bağlıdır. 6 zolaqlı yol tuneldə iki zolaq olur. Bu zaman da yolun ötürücülük qabiliyyəti itir və avtomobillərin hərəkətində ləngimələr olur. İllər əvvəl bu körpünü tikən Nəqliyyat Nazirliyi ya tuneli geniş götürməli, ya da tunelin üstündən əlavə iki zolaqlı yol çəkməli idi. Problemi aradan qaldırmaq üçün ya körpünü söküb, milyonlarla vəsait hesabına yenidən tikmək, yaxud da körpünün üstündən asma körpü formasında yol çəkmək lazımdır.
Bunun ən yaxşı yolunu təbii ki, aidiyyəti qurumlar bilir. Ən uyğun variantı tapıb problemi tənzimləmək lazımdır. Bizim hesabımızda ən yaxşısı sözügedən ərazidə ictimai nəqliyyatın rahat hərəkəti üçün ayrıca zolaq ayrılmalıdır. Sağ zolağı avtobuslar üçün ayırmaqla insanların ictimai nəqliyyatdan rahat hərəkətinə nail olmaq olar. İnsanlar mənzil başına ictimai nəqliyyatla rahat gedib gəlsələr, nə "Ford”lara, nə də 1 manatlıq taksilərə ehtiyac qalacaq.
Bakı-Sumqayıt yolunun da yükü azalacaq. İndiki halda isə aidiyyəti qurumlar həmin taksi sürücülərinə minnətdar olmalıdır. Heç olmasa, onların sayəsində qocalar, uşaqlı qadınlar, xəstə insanlar küçədə qalmır. Avtobuslar normal işləsə, heç kim dəyərindən artıq pul verib taksiyə minməz.
Bu camaat yazıqdır axı. Istidə-soyuqda yolda qalmağı azmış kimi, hər gün 30-40 qəpiyə avtobusla gedə biləcəyi yolu 1 manata taksiylə getməyə məcbur olur”.
Şəymən