"Aylıq gəlirim 10 min manata çatır"

Vüsalə Əlizadə: "Buna görə məni dar ağacından asmaq lazım deyil"
Kişi qazananda yaxşı kişi hesab olunur, qadın qazananda onun hardan gəldiyi soruşulur, birmənalı qarşılanmır. Mən illərdi aparıcı olaraq çalışıram. Müxtəlif böyük şirkətlərlə, mağazalarla iş birliyim var


Yanımda kişi olsun deyə, kiminləsə görünmək mənə lazım deyil. Özüm yüz kişiyə dəyərəm. Yanımda boş kişi gəzdirməyə ehtiyacım yoxdu




Məşhurluq bəzən illərlə zəhmətin, bəzən də bir anın içində qazanıla bilən bir şansdır. Seçilmiş olmaq, tanınmaq nə qədər xoş hisslər yaradırsa, o qədər də özəl həyatına mane ola bilir. Tanınmışlar əksər hallarda sərbəst yaşam tərzindən imtina etməli olurlar. Bir də tanınmışların həyatına qibtə edilir. Xüsusilə də tanınmış xanımlara qibtə ilə baxanlar, onları tam xoşbəxt, qayğısız hesab edənlər də az deyil. Məşhur xanımların həyat tərzi hər zaman maraqlı olub. Amma onlar da insandılar, hər birinin şəxsi problemləri, ailə qayğıları olur. Tanınmış teleaparıcı Vüsalə Əlizadə ilə həmsöhbət olub onun qadın dünyasından danışdıq. Görünüşü ilə göz qamaşdıran, hər kəsin maraqla izlədiyi aparıcı xanımın bir də qadın dünyası, ana olaraq məsuliyyəti var ki, bəzən biz bunlara etinasız olub, ötəri keçirik. Nə qədər məşhur olsa da, onun da həyatla mücadiləsi, qayğıları var. Şəxsi həyatından çox danışmağı sevməyən Vüsalə Əlizadə «Şərq»in oxucuları ilə səmimi olmağa çalışdı.

- Bu sahədə çalışmaq, şəxsi həyatını qorumaq qadın olaraq xüsusilə çətindir. Bir dönəm ailə problemləri də yaşadın, həyat yoldaşından ayrıldın. Övlad sahibisən. Bu gün övladınızın tərbiyəsi üçün, qızınızın xətrinə keçmiş həyat yoldaşınla bir araya gələ bilirsiz? Yeri gəlmişkən, hərdən sosial şəbəkələrdə sizin şəkillərinizi paylaşır...

- Mən şəxsi həyatım barədə danışmağı sevmirəm. Paylaşımına gəlincə, bunu öz istəyi ilə edib. Mən nəsə deyə bilmərəm. Qaldı bir araya gəlməyə, o yalnız övladını görmək istəyəndə ya özü, ya atası gəlib qızımı götürür. Bizim onunla heç bir münasibətimiz, əlaqəmiz yoxdu. Vəssalam. Ortaq paylaşacaq heç bir həyatımız yoxdu. Qızım Diləyə aid hər problem mənə aiddir.

- Yəni qızınız Diləyin maddi problemləri, ehtiyacları yalnız sizə aiddir?

- Bəli. Diləyin istər maddi, istər mənəvi - bütün ehtiyaclarını mən ödəyirəm. Qızım özəl məktəbdə təhsil alır. İlə 6 min manat pul ödəyirəm. O, qızımın heç bir maddi ehtiyacını ödəmir. Yəni qızımın bütün ehtiyacları ana olaraq mənim üzərimdədir.

- Hərdən Azərbaycanda bir xanımın gəliri, hardan qazandığı da müzakirə olunur…

- Təəssüf ki, bizdə o düşüncə hələ də qalıb ki, qadındı, hardan qazanır? O qədər pulu hardan gətirir? Qadın qazana, böyük məbləğdə kapitala sahib ola bilməz ki? Kişi qazananda yaxşı kişi hesab olunur, qadın qazananda onun hardan gəldiyi soruşulur, birmənalı qarşılanmır. Mən illərdi aparıcı olaraq çalışıram. Müxtəlif böyük şirkətlərlə, mağazalarla iş birliyim var. Mən paylaşdığım hər bir məhsulu səbəbsiz yerə reklam etmirəm. Əgər reklam edirəmsə, bunun üçün məni qane edəcək qonorar tələb edirəm. Yəni aylıq gəlirim 10 min manata çatır, buna görə məni dar ağacından asmaq lazım deyil. 16 ildir bu sahədəyəm. Hələ bu il avtomobil almışam. Məgər kreditlə-filan bahalı maşın ala bilməzdim? Bəziləri efirə gələn kimi, borc-xərc maşın alırlar ki, özlərini göstərsinlər. Mən isə zəhmətimlə qazandığımı qəpik-qəpik yığıb, ilk əvvəl özümə ev aldım. İstəmirəm qızım evsiz olsun. Mən anayam. Məsuliyyətim var. İllər sonra, bu il özümə maşın almışam. Soruşurlar hardan qazanır? Böyük layihələrim olub, bu gün də var. Reklamlara çəkilirəm, korporativ tədbirlərdə iştirak edirəm, bunları havayı etmirəm ki… Ordan əldə etdiyim qonorarla qızımı böyüdürəm. Bir də mənim kənarda biznesim ola bilməz ki?

- Yenidən ailə qurmaq təklifləri yəqin ki, gəlir...

- Evlilik təklifləri gəlir. Bu təkliflər Azərbaycandan kənarda yaşayanlar tərəfindən də olub. Azərbaycanda yaşayan, mənimlə ailə qurmaq istəyənlər də var. Sadəcə bir sözü həmişə deyirəm. Bir qadın öz ayaqları üstündə durmağı bacarırsa, özünün, ailəsinin dolanışığını təmin edə bilirsə, onunla ayaqlaşa bilən kişi ilə ailə qura bilər. Mənimlə ailə quracaq insan məndən də artıq gücə sahib olmalıdır, ən azı məni qaldıra biləcək gücə, imkana sahib olmalıdır. Mənim yükümdə olmayan bir insanın mənim yanımda nə işi var ki? Məndə birdisə, onu iki etməyə gücüm yetirsə, yanımdakının da o ikisi olmalıdır ki, onunla yol gedə bilim. 

Yox, sadəcə yanımda kişi olsun deyə, kiminləsə görünmək mənə lazım deyil. Özüm yüz kişiyə dəyərəm. Yanımda boş kişi gəzdirməyə ehtiyacım yoxdu. Mənim qız övladım var. Zəif, yersiz, gücsüz, ayağı üstündə durmağa gücü yetməyən kişinin mənim yanımda durmağına nə ehtiyac var? Yox, mən də çox qərarlı olaramsa, maraqlarımız üst-üstə düşə bilərsə, o zaman ailə qura bilərəm. Amma indi belə bir fikrim yoxdu. Bunu həm də qız anası olduğum üçün özümə qadağa qoymuşam. Sadəcə, həyatdır, hər şey ola bilər. Bu gün ailə qurmağı düşünmürəm.

Tahirə Məmmədqızı