“Birmənalı olaraq xəbər siyasətimizdə, informasiyanın təqdimatında hay-küyə yer yoxdur. Oxucu toplamaqdan ötrü müxtəlif sivil vasitələrdən istifadə etməyə çalışırıq”
“Azadinform”un yaradılmasından 18 il ötür
Niyaz Niftiyev: “İmkanlarımız daxilində gündəmi tutmağa çalışırıq”
“Birmənalı olaraq xəbər siyasətimizdə, informasiyanın təqdimatında hay-küyə yer yoxdur. Oxucu toplamaqdan ötrü müxtəlif sivil vasitələrdən istifadə etməyə çalışırıq”
“Birmənalı olaraq xəbər siyasətimizdə, informasiyanın təqdimatında hay-küyə yer yoxdur. Oxucu toplamaqdan ötrü müxtəlif sivil vasitələrdən istifadə etməyə çalışırıq”
"Azadinform” informasiya agentliyinin yaranmasından 18 il ötür. Agentliyin yaradılmasında məqsəd beynəlxalq aləmdə, regionda, xüsusən də respublikamızda baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələri operativ, qərəzsiz və obyektiv şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Üç dildə fəaliyyət göstərən "Azadinform”un xəbərləri həm Azərbaycan, həm rus, həm də ingilis dillərində e-poçt vasitəsilə Azərbaycanda fəaliyyət göstərən KİV-lərə (bura əyalət mətbuatı da daxildir), hökumət və qeyri-hökumət təşkilatlarına, xarici ölkələrin Azərbaycandakı diplomatik
nümayəndəliklərinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, beynəlxalq təşkilatların Bakı nümayəndəliklərinə göndərilir.
İnformasiya agentliyinin abunəçiləri arasında dövlət və qeyri-hökumət təşkilatları ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən xarici və yerli özəl şirkətlər də var. Agentliyin xəbərləri ölkə KİV-lərinə təmənnasız göndərilir.
Naxçıvan MR-da (Naxçıvan şəhər), Lənkəran, Cəlilabad, İmişli, Gəncə, Göyçay, Qax, Quba şəhər və rayonlarında müxbir postları var. Yaxın perspektivdə bütün ölkənin əhatə olunması üçün müxbir postlarının sayı 25-ə çatdırılacaq.
18 ilin bir informasiya agentliyinin davamlı fəaliyyəti üçün kifayət qədər böyük rəqəm olduğunu vurğulayan "Azadinform”un baş redaktoru Niyaz Niftiyev, onlar fəaliyyətə başlayanda 3, ya da 4 bu tip media qurumu olduğunu deyib:
"Düşünürəm ki, siyasi proseslərin çox gərgin zamanına təsadüf edən bu başlanğıc uğurlu olub. Fasiləsiz olaraq çalışmışıq. Bu gün də Azərbaycan, rus və ingilis dillərində xəbər yayımını davam etdiririk. "Azadinform”a bu zaman ərzində gəlib-gedən həmkarlarımızın sayı yüzlərlədir. Onlar bu gün də Azərbaycanın müxtəlif aparıcı sayt və qəzetlərində çalışırlar. Hər birinin "Azadinform”un inkişafında və ayaqda qalmasında xidmətləri var. Fikirləşirəm ki, bu 18 ildə sırf xəbər istehsalı ilə məşğul olmuşuq. İstər mənə qədər, istərsə də mənim baş redaktorluğum dövründə media ilə bağlı qanunvericilikdən kənar informasiya istehsalını xatırlamıram. Müsahibələrimiz, reportajlarımız və digər layihələrimizlə oxucunu maarifləndirməyə çalışmışıq”.
Medianın işinin ilk növbədə maarifləndirmək olduğunu vurğulayan baş redaktor hesab edir ki, media kütləvi auditoriya üçün nəzərdə tutulubsa, burda biznes maraqları üçüncü və ya dördüncü sırada gəlməlidir. Onun sözlərinə görə, hər bir media qurumu daha yaxşı maddi və texniki imkanlara sahib olmaq arzusundadır:
"Bu imkanlar həmin media qurumuna uğurlu layihələrin icrasına birbaşa dəstək verir, həm də əməkdaşlarının maddi vəziyyətini yaxşılaşdırır. Biz də imkanlarımız daxilində gündəmi tutmağa çalışırıq. Birmənalı olaraq xəbər siyasətimizdə, informasiyanın təqdimatında hay-küyə yer yoxdur. Oxucu toplamaqdan ötrü müxtəlif sivil vasitələrdən istifadə etməyə çalışırıq. Amma bunun üçün qayda-qanunları və dəyərləri arxa plana keçirmirik. Hər halda mənim və kiçik kollektivim üçün belə işləmək daha rahatdır”.
18 yaşlı "Azadinform” informasiya agentliyi ilə bağlı təəssüratlarını "Şərq”lə bölüşən baş redaktorun müavini Elçin Bayramlı 2 ilə yaxındır ki, agentlikdə işləyir.
Bu cür qocaman agentlikdə işləməyin həddindən artıq məsuliyyətli olduğunu vurğulayan E.Bayramlı "Azadinform”un öz iş prinsipi, öz kriteriyaları, öz standartları olduğunu deyib:
"Bizim agentlikdə yalan məlumat yaymaq, daha çox oxucu toplamaq üçün etikadankənar materiallar yaymaq, kimisə təhqir, şantaj etmək kimi fəaliyyət mümkün deyil. Agentliyimizin rəhbərliyi bu prinsiplərə riayət edilməsinə ciddi nəzarət edir. Baş redaktorumuz Niyaz Niftiyev isə agentlik yaranandan burda işləyir və agentliyin 18 illik fəaliyyətinin canlı şahididir. Əgər hansısa xəbər bizim agentlikdə yayılırsa, oxucularımız əmin olur ki, deməli, o tam dəqiq, qərəzsiz və doğrudur. Çünki keçən 18 ildə belə hala rast gəlməyiblər. Biz operativliyə yox, obyektivliyə qiymət veririk. Hamıdan tez səhv xəbər yaymaqdansa, hamıdan gec doğru xəbər yaymaq üstündür. Agentliyimizin saytında təkcə xəbərlər deyil, müəllif yazıları, maraqlı müsahibələr, reportajlar və sair materiallar yayımlanır”.
"Azadinform”un özünün xüsusi auditoriyası olduğunu deyən E.Bayramlı redaktor kimi işlədiyindən bu kontingenti yaxşı tanıyır:
"Bir çox dövlət orqanları, şirkətlər, QHT-lər, qəzetlər bizim daimi abunəçilərimizdir, onlara gündəlik xəbər bülleteni göndəririk. Hazırda 3 dildə xəbər yayırıq- Azərbaycan, rus, ingilis dilli bölmələrimiz var. Ona görə də, xarici ölkələrdən də oxucularımız var. Saytımızın (azadinform.az) oxunma sayı getdikcə artır və bu, sevindiricidir. Redaksiyaya gələn oxucu məktubları isə fəaliyyətimizin güzgüsüdür. Lakin bunlarla qənaətlənmək fikrində deyilik. Hədəflərimiz daha böyükdür. Tezliklə "Azadinform” xarici informasiya məkanında da öz sözünü deyəcək. 18 yaşımız münasibətilə bütün oxucularımızı, agentliyin rəhbərliyini və kollektivini təbrik edirəm. Burada vaxtilə işləmiş bütün həmkarlarımızı da”.
"Azadinform” da müxbir olaraq fəaliyyətini davam etdirən Samir Soltanov isə ilk dəfə "Azadinform”a iş üçün müraciət edəndə jurnalistika ixtisası ilə bağlı təcrübəsi olmadığını deyib:
"2013-cü il iyunun 21-də "Azadinform”da işə başladım. Sağ olsun baş redaktor Niyaz Niftiyev, özümü bu sahədə tanımağım üçün şərait yaratdı. "Azadinform” mənim üçün jurnalistika məktəbidir. Burada jurnalistikanın dərinliklərini öyrənməyə başladım”.
Həmkarımızın sözlərinə görə, "Azadinform”u digər mətbuat orqanlarından fərqləndirən əsas cəhətlərdən biri kollektivinin xəbərin dəqiqliyini öyrənəndən sonra onu oxucularına çatdırmasıdır:
"Bəzi media orqanları kimi xəbərin düzgünlüyünə əmin olmasa yaymır. Çalışdığım yerin fərqli cəhətlərindən də biri yuxarıda da qeyd etdiyim kimi jurnalistika məktəbi olmasıdır. Bir çox tanınmış jurnalistləri məhz "Azadinform” yetişdirib. Bu gün "Azadinform” 18 yaşını qeyd edir. Arzum budur ki, "Azadinform” uzunömürlü olsun. Yaydığı informasiyalar həmişə oxucuların ürəyincə olsun”.
Agentliyin digər əməkdaşı Leyla Məhərrəmova isə artıq 3 ildir ki, "Azadinform”da çalışır və agentliyi özü üçün bir məktəb hesab edir:
"Universitetdə təhsil aldığım müddətdə dərsdən sonra bəzi qəzetlər, o cümlədən "Şərq” qəzeti ilə əməkdaşlıq edirdim. Bir işçi kimi tam məsuliyyət daşıdığımı isə "Azadinform”da işə başladıqdan sonra anladım. Baş redaktorumuz çox məsuliyyətli, işinə ciddi yanaşan insandır. Prinsipcə, bütün jurnalistlərin işi eynidir. Yəni hər gün mövzu axtarmaq, ekspertlərlə işləmək. Amma informasiya agentliyi, saytlar səndən daha operativ işləməyi tələb edir. Hesab edirəm ki, 3 il bir jurnalist üçün az təcrübədir. Daha çox işləməlisən ki, daha çox təcrübə qazanasan. Mən siyasət sahəsindən xəbərlər hazırladığıma görə, politoloqlar, səfirlər, xarici ekspertlərlə daha çox əməkdaşlıq edirəm. Yeni mövzu tapdıqca, münasibət öyrəndikcə, daha çox işləməyə həvəsim artır”.
Hazırda Azərbaycanda çoxlu sayda media orqanlarının fəaliyyət göstərdiyini vurğulayan Leyla xanım hesab edir ki, oxucular üçün hansı media orqanından dəqiq, etibarlı, təhrif olunmayan məlumatı oxuya biləcəyi maraqlıdır:
"Məncə, "Azadinform” da oxucuların axtardığı belə media orqanlarından biridir. Bu daha çox cəbhədə gərgin vəziyyət yaranan zaman özünü göstərir. Elə aprel döyüşlərində də bəzi saytlar Müdafiə Nazirliyi tərəfindən təsdiq olunmamış, həqiqətə uyğun olmayan məlumatları yayırdı. Mən saytımızın əməkdaşı kimi yox, oxucu kimi münasibət göstərsəm, "Azadinform”u xəbərin doğru ünvanı kimi qiymətləndirə bilərəm. Yəni heç bir oxucu burada dezinformasiya, yalan məlumatla qarşılaşa bilməz. Sonda saytımızda çalışan hər bir həmkarımı təbrik etmək istəyirəm. Başda redaktorumuz olmaqla, hər birimizə fəaliyyətimizdə uğurlar arzu edirəm”.
"Azadinform”dakı fəaliyyətinin elə də uzun zaman kəsiyini əhatə etmədiyini vurğulayan Ləman Hüseynzadənin agentliklə tanışlığı isə tələbəlik illərindən, ikinci kursda təcrübə keçmək üçün göndərildiyi gündən başlayır:
"Həmin 1 ay müddətində burda bizə göstərilən xoş davranış məni yenidən bura gəlməyə vadar edən ən başlıca səbəblərdən biri oldu. İlklər hər kəs bilir ki, unudulmur. Mən də düşünürəm ki, ilk fəaliyyətim, ilk yazılarım məhz burada başladığına görə "Azadinform” mənim üçün unudulmaz xatirələrim sırasında yer alacaq. Baş redaktorumuz başda olmaqla hər bir işçidən xoş nəvaziş gördükdə seçimimdə yanılmadığımın şahidi oluram. Mənim fikrimcə, bura dünyada və ölkədə baş verənlərdən ətraflı və dəqiq xəbərdar olmaq üçün bir məkandır. Bura gələn kimi sanki bütün fikrimiz daim yeni xəbər axtarışında olmağa köklənir. "Azadinform” mənim üçün həm də xüsusi bir məktəbdir. Bildiklərimi burada daha da təkmilləşdirməklə tətbiq etmək, bilmədiklərimi isə mehriban kollektivin məsləhəti ilə mənimsəmək məni bu işi davam etdirməyə daha da həvəsləndirir. Və mənə nə xoş ki, bu il "Azadinform”un 18-ci ilini qeyd etdiyi bir dönəmdə mən də onun bir parçasıyam. Sonda bu informasiya agentliyinin fəaliyyətində rolu olan hər kəsi təbrik edir, gələcək işlərində uğurlar arzu edirəm”.
"Jurnalistikanın bir qızıl qanunu var, burda ali təhsildən çox təcrübə öz sözünü deyir. Arı çiçəkdən bal çəkən kimi mətbuata qədəm qoyan hər kəs redaksiyalardan keçə-keçə püxtələşir, ya da populyarlaşır. İki məqam arasında çox ciddi fərq var. Hər dövrdə populyar ola bilməzsən, amma öz işində ustalaşmısansa və hər şeydən əvvəl illər keçsə də, sən dəyişməmisənsə, yazının altına atdığın imzana hörmət qoymusansa, sən elə ustasan. Və mətbuat da bu ustaların çiynində dayanır. Abrını-həyasını itirmir”. Bu sözləri isə agentliyin digər əməkdaşı Nigar İsfəndiyar deyib.
16 ildir mətbuatın kənarında hərləndiyini vurğulayan Nigar xanım fikirlərini bu cür izah edib:
"Niyə kənarında deyə soruşa bilərsiniz, çünki mətbuat ciddi işdir. Mənsə dağınıq adamam, hisslərim harda qərar qılırsa, hara vurğun oluramsa, orda oluram. Uzaq da qala bilmərəm, çünki mətbuat azad olduğum, özümü tanıdığım, sözümü deyə bildiyim yerdir. Allaha şükür ki, bu illər ərzində sözə olan hörmətim həmişə ədəbin olduğu yerləri qarşıma çıxarıb.
Dərviş Yunusun bir sözü var, deyir:
"Girdim elm məclisinə, eylədim qıldım tələb,
Dedilər elm geridə... illa ədəb, illa ədəb!”
Təmsilçisi olduğum qurumun səviyyəsi var, ədəbi, həyası var. İP xətrinə şəxslərin hüquqlarına toxunmur, ölçülərdən kənara çıxmır. "Azadinform”u digər media qurumlarından fərqləndirən, üstün qılan da məhz budur. Bizim redaksiyada su başdan durudur, əziz həmkar. O da tərsinə axmayacağına görə bizim duruluğumuzu bulandırmağa kimsənin gücü çatmaz!
Bütün iş yoldaşlarıma sizin vasitənizlə 19 yaşımızda QƏLƏBƏ xəbəri arzu edirəm! Və bütün millətimə... 18 ildir qədəmlərimizin üzü Qarabağadır, bundan sonra da eyni qalması diləyilə...”.
P.S. "Şərq” qəzetinin kollektivi olaraq biz də əsgər yaşlı "Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev başda olmaqla orada çalışan həmkarlarımızı təbrik edir, kollektivə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb