"Azərbaycan alternativ enerji mənbələrindən istifadəyə başlamalıdır” - Külək və günəşdən enerji almalı...





"Alternativ enerji mənbələrindən istifadənin genişlənməsi həm iqtisadi baxımdan sərfəli, həm də ekoloji baxımdan yararlıdır”.

Bunu "Sherg.az”a ötən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəzadan sonra sosial şəbəkələrdə və mətbuatda başlayan alternativ enerji mənbələrindən istifadə olunması barədə müzakirələrə münasibət bildirərkən iqtisadçı - ekspert Vüqar Bayramov deyib. 

O hesab edir ki, respublikanın müxtəlif bölgələrinin, o cümlədən paytaxtın bəzi hissələrinin alternativ enerji mənbələri ilə təmin edilməsi vacibdir:

"Azərbaycan alternativ enerji mənbələrindən istifadə etmək imkanına malikdir. Günəşli ölkə olduğumuza görə, Bakı daxil olmaqla bir sıra şəhərlərimizin günəş enerjisi ilə təmin olunması mümkündür. Məsələn, günəşli ölkə olmayan Danimarkada günəş enerjisindən istifadə olunursa, Azərbaycanda da bunu edə bilərik. 

Bundan başqa, xüsusilə paytaxt ərazisində demək olar daimi küləkli hava şəraiti olduğundan külək enerjisindən də rahatlıqla istifadə olunar. Bütün bu istiqamətlərdə enerji stansiyalarının qurulmasına ehtiyac var.

Son hadisə - Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza nəticəsində bütün ölkə ərazisində enerji təchizatının dayanması göstərir ki, Azərbaycan artıq alternativ enerji mənbələrindən istifadəyə başlamalıdır”.

Qeyd edək ki, "Gürcüstan Dövlət Elektrosistemi” Səhmdar Cəmiyyətinin məlumatına görə, Mingəçevir İES-də baş vermiş qəzadan sonra Gürcüstan Azərbaycana elektrik enerjisinin ixracına başlayıb. Qonşu ölkədən Azərbaycana elektrik enerjisinin ötürülmə gücü hazırda 57-60 MVt təşkil edir.

Aysel Aslan