Azərbaycan dünyanın ən güclü ordu dövlətidir

Rəşad Süleymanov: “Hazırda Azərbaycan Silahlı Qüvvələrinin silah və texnika parkı MDB məkanında modernləşməyə görə ilk yerdədir”
Şair Ramaldanov: “Azərbaycan Ordusunun bütün qoşun növləri ən müasir silah və texnika ilə silahlanıb”




Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin iclasında Azərbaycanın hərbi gücünü durmadan artırdığını deyib. Dövlət başçısı bildirib ki, beynəlxalq reytinqə görə, Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir. Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan Prezident bəyan edib ki, bu münaqişənin həllində Azərbaycanın mövqeyi ədalətli və beynəlxalq hüquqa əsaslanır. Ali Baş Komandan həmçinin qeyd edib ki, növbəti illərdə bu sahədə tədbirlər görüləcək və Azərbaycan Ordusu üçün yeni silahlar alınacaq:


"Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır”. Prezident vurğulayıb ki, yoxsul Ermənistandan fərqli olaraq, Azərbaycan öz hesabına yaşayır, o cümlədən öz hərbi gücü hesabına arsenalını artırır: "Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq. Kredit üçün müraciət etmirik. Ona görə də Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, ordumuz bundan sonra da güclənəcək. Azərbaycan Ordusu istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu sübut edib”. Xatırladaq ki, son illər Azərbaycan ordusu ən müasir silahlarla təmin edilib. Silahlanma strategiyasında alınan texnikanın müasirliyi və keyfiyyəti əsas rol oynayır. Azərbaycan 20-dən çox ölkədən silah-sursat alır. Alınan ən müasir silah və texnikalar arsenalımızın daha da zənginləşməsini təmin edib. Hazırda bir sıra ölkələrdən müasir silahların alınması istiqamətində işlər davam etdirilir. Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev də bildirib ki, Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib.

Məsələ ilə bağlı "azvision”a danışan hərbi ekspert Rəşad Süleymanov bildirib ki, 2016-2017-ci ildə dünyada baş verən iqtisadi problemlərə baxmayaraq, Azərbaycan Ordusu silahlanma proqramlarını davam etdirib. Ekspert deyib ki, ötən il kifayət qədər yeni silahlar qoşunların istifadəsinə verilib: 

"Azərbaycan əvvəlki illərdə qarşıya qoyduğu planları yerinə yetirib. Bu, bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmayana qədər, silahlanma prosesi dayandırılmayacaq. Bu proses daha müasir silahlar hesabına bundan sonra da davam etdiriləcək. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin silah və texnika parkı MDB məkanında modernləşməyə görə ilk yerdədir”. 

Ekspert əlavə edib ki, 2018-ci ildə alınacaq yeni silahların müqavilələri əsasən, 2016-2017-ci və ondan əvvəlki illərdə bağlanan müqavilələr üzrə həyata keçiriləcək: 

"2018-ci ildə ordumuzun silahlanmasında yeni döyüş və təlim təyyarələri yer alacaq. Eləcə də yeni raket-artileriya komplekslərinin bir qismini ordumuzun 100 illiyi ərəfəsində görəcəyik. Həmçinin, yerli hərbi sənayenin yeni məhsulları istifadəyə veriləcək. Bu gün yeni müharibələrdə düşmənin cəbhənin dərinliyində, uzaq məsafədə olan strateji hədəflərini məhv edə biləcək silahlara daha çox ehtiyac var. Bizim əsas məqsədlərimizdən biri də düşməni döyüşə girmədən məhv etməkdir. Bu baxımdan ordumuzun daha dəqiq silahlarla təmin edilməsi vacibdir. Düşünürəm ki, 2018-ci ildə daha çox strateji və dəqiq silahlara üstünlük veriləcək. Eləcə də Hərbi Dəniz Qüvvələrinin yenilənməsi istiqamətində işlər olacaq. Bura yeni gəmilərin sifariş verilməsi və s. məsələlər daxildir”.

Ehtiyatda olan polkovnik Əzizağa Qənizadə də "AzərTac”a bildirib ki, Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şübhəsizdir: "Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın düşmən tapdağından azad olunması haqqında söylədiyi fikirlər Silahlı Qüvvələrimizin hərbi qüdrətini tam əhatəli ifadə edir. Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi birmənalıdır. Torpaqlarımızı işğalda saxlayan Ermənistan rəhbərliyi də bunu çox yaxşı bilir. Ermənilər dərk edir ki, işğal olunmuş əraziləri yaxın vaxtlarda qeyri-şərtsiz tərk etmədikləri təqdirdə Azərbaycan Ordusu döyüşlərə başlasa, özlərini mənasız itkilərə və ağır sınaqlara məhkum etmiş olacaq. Onlara məsləhət görürəm ki, özlərini yenidən bu təhlükəyə atmasınlar. Real həqiqətlərə söykənərək düzgün qərar qəbul etsinlər və torpaqlarımızdan rədd olsunlar”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov da bildirib ki, Azərbaycan Cənubi Qafqazda ən güclü Silahlı Qüvvələri olan dövlətdir. Polkovnik deyib ki, ordumuz həm silahlanmaya, həm də yüksək peşəkarlığa görə güclü ordular sırasındadır:

"Bu gün ordumuzda olan silah-sursat, texnika, atəş sistemləri, artileriya qurğuları ən müasir tələblərə cavab verir. Azərbaycan Ordusunun bütün qoşun növləri ən müasir silah və texnika ilə silahlanıb. Ölkəmizin imkanları genişdir. Bu, ilk növbədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində mümkün olub. Ordumuzun kadr potensialı da demək olar ki, postsovet ölkələri arasında birincilər sırasındadır. Azərbaycan Ordusunun zabitləri bütün beynəlxalq tədbirlərdə öz peşəkarlığı ilə seçilir. 

Bu gün Ordumuzun nümayəndələri NATO-nun, eləcə də inkişaf etmiş ölkələrin çoxsaylı tədbirlərinə qatılır və yüksək nailiyyətlər əldə edirlər. Azərbaycan hərbçiləri qardaş Türkiyə kimi böyük dövlətin NATO-nun tərkibindəki hərbçiləri ilə birgə fəaliyyət göstərmələri hərbi qulluqçularımızın, mütəxəssislərin peşəkarlığını nümayiş etdirir. Bunların hamısı Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsidir. Prezident, Ali Baş Komandan inamla qeyd edir ki, əgər Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunmasa, Azərbaycan torpaqlarını güc yolu ilə işğaldan azad edəcək”. 

Silahlı Qüvvələrimizin rəhbərliyinin daim cəbhə bölgəsində olduğunu, cəbhəyanı bölgədə böyük işlərin görüldüyünü vurğulayan polkovnik deyib ki, yeni hərbi obyektlər açılır, əsgərlərin sosial vəziyyəti yaxşılaşdırılır, döyüş hazırlığı təkmilləşdirilir: "Döyüş hazırlığının keyfiyyətini yüksəltmək üçün lazım olan infrastruktur yaradılır. Azərbaycan Ordusu yüksək səviyyədə genişmiqyaslı təlimlər keçirir. 

Əsgərimizin peşəkarlığını, ordumuzun təlimlərdə tətbiq etdiyi silahları bütün dünya görür. Ordunun irimiqyaslı təlimlərini görən Ermənistan rəhbərliyi vahiməyə düşür və dərhal hər yana səs salır ki, Azərbaycan silahlanır. Onlar bundan da dividend qazanmaq istəyirlər və dilənçilər kimi, öz diasporlarına, havadarlarına müraciət edirlər ki, bizə silah verin, kömək edin. Bu gün Azərbaycan əsgərinin bir məqsədi və müqəddəs vəzifəsi var, o da torpaqlarımızı işğaldan azad etməkdir”.

İsmayıl