Azərbaycan -Ermənistan XİN rəhbərlərinin Milan görüşü nə vəd edir ? - Aktual şərh





Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri məlum olub. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən bildirilib ki, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə 5 dekabr tarixində Milanda görüş keçiriləcək. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Görüşü şərh edən "Qərbi Kaspi" Universitetinin professoru, politoloq Fikrət Sadıqov "Sherg.az”a bildirib ki, XİN başçıları arasında görüş keçirildikdə ortada hər hansısa bir gündəlik olur:

"Azərbaycan və Ermənistan XİN başçıları görüşürlərsə, deməli, masa üstünə həll olunmalı problemlər qoyulacaq. İki ölkənin xarici işlər xazirinin bir araya gəlməsi sadəcə görüş naminə olacağını düşünmürəm. Son zamanlar Ermənistan yürütdüyü yanlış diplomatiya nəticəsində müəyyən problemlərlə üzləşir. Yəni onlar başa düşdülər ki, danışıqlar müəyyən çərçivədə keçirilməlidir. Həmin çərçivədə illər əvvəl ATƏT-in Minsk qrupu tərəfindən müəyyən olunub. 

Ola bilsin ki, bu görüş öz- özlüyündə müsbət bir haldır. Amma Ermənistan başa düşməlidir ki, Azərbaycanın torpaqlarını işğalda saxlamaq olmaz. Əgər Ermənistanın xarici işlər naziri özünü yüksək rütbəli diplomat hesab edirsə, o bilməlidir ki, beynəlxalq hüquq normaları var, BMT-nin 4 qətnaməsi mövcuddur. Bu faktorları nəzərə alaraq bir dövlətin torpaqlarını işğal altında saxlamaq mümkün deyil. Ermənistan tərəfi bütün bunları başa düşüb, nəticə çıxarmalıdır”.

Kənan Eynuroğlu