“Azərbaycan haqqında çoxsaylı məlumatları dünyaya yaydılar”

Kamran Əsədov:“Beynəlxalq tədbirlər vasitəsi ilə Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri dünyanın gündəminə daşıyırıq”
"Son 20 ildə Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün bütün dünyada ən münbit şəraitli ölkələrdən biri hesab olunur”
Bunu "Sherg.az”a açıqlamasında tarixçi-alim, təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, Birinci Avropa Oyunlarının və 4-cü İslam Həmrəylik Oyunlarının, eyni zamanda bir-birinin ardınca müxtəlif beynəlxalq konfransların Azərbaycanda keçirilməsi stabillliyin, peşəkarlığın və əhalinin səviyyəsinin nümunəsidir:
"Ən əsası dünyada cərəyan edən müxtəlif siyasi-sosial-hərbi toqquşmalarla müşayiət edilən hadisələr, gərgin situasiyalar fonunda ölkədə stabilliyin olması seçimin məhz Azərbaycan üzərində dayanılması ilə nəticələnir. Ölkəmiz 2012-ci ildə Avroviziya musiqi yarışmasına, 2015-ci ildə Birinci Avropa Oyunlarına, daha sonra "Formula-1” yarışlarına ev sahibliyi etdi. Hər üç yarış Avropa ilə bağlıdır. Azərbaycan müsəlman ölkəsidir, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, eyni zamanda da Avropa ölkəsidir, Avropa Şurasının üzvüdür. 
Biz iki sivilizasiya arasında körpüyük. Eyni zamanda, deməliyəm ki, bir müsəlman ölkəsinin Avropa ölkəsi kimi ön plana çıxması müasir dünyamız üçün unikal hadisələrdən biridir. İdman yarışları bir daha göstərdi ki, Azərbaycan sürətlə inkişaf etməkdədir. Bu yarışlarla dünya Azərbaycanı kəşf etməyə davam etdi. Dünyanın nəhəng telekommunikasiya koorporasiyaları, mətbuat nümayəndələri, çap və elektron media təmsilçiləri Bakı və Azərbaycanımız haqqında çoxsaylı məlumatları dünyaya yaydılar”.
Tarixçi vurğulayıb ki, 2010-cu ildən bu yana müxtəlif beynəlxalq turnirlərin təşkili ölkəmiz haqqında böyük müsbət imic yaradıb:
"Ölkəmizə gələn qonaqlar növbəti dəfə Azərbaycanın mədəniyyəti, onun milli dəyərləri, tarixi və ənənələri ilə tanış olmaq imkanı qazanır. Xüsusilə son illər Azərbaycan müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirildiyi mühüm platformaya çevrilib. 
Bu gün beynəlxalq təşkilatlar Azərbaycanı qlobal tədbirlər vasitəsi ilə daha yaxından tanıyır və öyrənir. Həmçinin, Azərbaycan da öz sözünü dünyaya çatdırır və müxtəlif məsələlərlə bağlı mövqeyini səsləndirir. Beynəlxalq statuslu tədbirlər vasitəsi ilə Azərbaycan ən zəruri problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya gündəminə daşıyır”.
İsmayıl