Azərbaycan idman ölkəsidir - Gənclərimiz uğurları ilə ölkəmizi dünyada tanıdırlar

"İdmançılarımızın zəhməti nəticəsində Azərbaycan dünyada həm idman, həm sülhsevər, həm də güclü gənclər yetişdirən bir ölkə kimi tanındı”.
Bu sözləri "Sherg.az”a Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev deyib.
Deputat bildirib ki, 2018-ci ilin yekununda cənab prezident idman sahəsindəki nailiyyətlərə görə idmançıları və müəllim heyətini mükafatlandırma mərasimi keçirdi:
"Hər il olduğu kimi ölkəmizdə idmançılarımızın əldə etdiyi uğurlar barədə danışılır və növbəti illərdəki Avropa və Dünya Çempionatları, Olimpiya oyunlarına hazrılıq mərhələsindəki tədbirlər planları barəsində fikirlər söylənilir. Azərbaycan idman ölkəsinə çevrilib. 
Ona görə də ölkəmizdə idman sahəsinə xüsusi dövlət nəzarətinin olması bir daha Azərbaycan idmançılarının yaxşı nəticələr əldə etməsinə səbəb olur. Hər zaman ali baş komandanımızın bu addımlarını alqışlayır, idmançılarımıza göstərdiyi diqqət və qayğıya görə ona dərin minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edib. Prezident çıxışında bildirib ki, Azərbaycan idmançılarının qələbələri cəmiyyətin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıtdırır, Azərbaycanı təbliğ edir: "Azərbaycanda beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib. Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcəkdir”.
Yeganə Bayramova