Azərbaycan islam ölkələri arasında media həmrəyliyinin qurulmasında maraqlıdır
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistlərinin Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə keçirilmiş "İslam Həmrəyliyinin gücləndirilməsində medianın rolu” adlı konfransda kütləvi informasiya vasitələrinə əhəmiyyətli mesajlar verildi. Məlumdur ki, Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanındığı qədər islam həmrəyliyinin də ən uğurlu modelinə sahiblik edir. Ötən ayın son günləri də həm adıçəkilən konfransın keçirilməsi və həmçinin Misir Ərəb Respublikasını təmsil edən bir qrup media nümayəndəsinin ölkəmizlə tanışlığı ilə yadda qaldı.
Qeyd edək ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən geniş tərkibli konfrans Azərbaycan və Misir arasındakı media əlaqələrinin mövcud durumu və gələcək əməkdaşlığa həsr edilmişdi. Tədbirdə vacib məsələlərə toxunuldu, gələcək əməkdaşlığın perspektivləri müzakirə edildi, Azərbaycan və Misir media təmsilçiləri geniş fikir mübadiləsi apardılar. Sonrakı gün Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun misirli jurnalistləri qəbul etməsi konfransın davamı kimi görünsə də, əslində, Azərbaycan dövlətinin ərəb ölkələrinin media quruluşları ilə sıx əməkdaşlıqda nə qədər maraqlı olduğunun təsdiqi idi. Qısaca onu deyə bilərik ki, görüşdə Əli Həsənov qonaqlara Azərbaycanın tarixi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətli inkişafı barədə ətraflı məlumat verib, Azərbaycanın islam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verdiyini vurğulayıb, tarix boyu ölkəmizdə mövcud olan multikultural və tolerant mühitdən danışıb. Həmçinin Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizinin işğalı qonaqların nəzərinə çatdırılıb. Əli Həsənov müsəlman ölkələrinin mətbuat nümayəndələri arasında əməkdaşlığın vacibliyini vurğulayaraq, xalqlarımızın və ölkələrimizin uğurlarının təbliği, problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından bu işbirliyinin önəmini qeyd edib. Görüşdə qonaqlara son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım siyasəti və qətliamlarla bağlı faktların yer aldığı nəşrlər təqdim olunub. Bütün bunlar göstərir ki, həqiqətən də Azərbaycan dövləti islam ölkələri arasında həmrəyliyin - o cümlədən media həmrəyliyinin qurulmasında maraqlıdır və bu istiqamətdə vacib addımlar atır. Lakin məsələnin digər bir tərəfi - iki ölkə arasında media əlaqələrinin bundan sonrakı mərhələdə hansı istiqamətdə inkişaf etdirilməsi məsələsi dayanır. Bəli, səfərlər oldu, qonaqlar gəldi, getdi, bəs sonra? İslam ölkələri arasında media əlaqələrinin davamlı inkişafı üçün biz nə etməliyik? Mövzunu ölkənin tanınan media təmsilçiləri ilə müzakirə etməyə çalışdıq.
Elçin Mirzəbəyli: "Əlaqələrin davamlılığı çox vacibdir”
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Şərq”ə açıqlamasında islam ölkələrinin jurnalistləri və media quruluşları arasında əlaqələrin genişləndirilməsinin çox vacib olduğunu bildirdi:
- Həqiqətən də keçirilən konfrans çox əhəmiyyətli və önəmli tədbir idi. Xüsusilə də ərəb dünyasının ən böyük dövləti olan Misir Ərəb Respublikasından mətbuat nümayəndələrinin ölkəmizə səfəri xüsusi vurğulanmalıdır. Bütün bunlar praktik, əməli addımlardır və islam həmrəyliyinin gücləndirilməsində Azərbaycan dövlətinin həqiqətən də mediaya önəm verdiyini göstərir. Deyə bilərəm ki, adətən belə geniş tərkibli konfransların yekunu olaraq koordinasiya mərkəzləri yaradılır və ikitərəfli əlaqələrin sonrakı inkişafı istiqamətində işlər həyata keçirilir. Bu istiqamətdə hansı addımlar atıla bilər soruşursunuzsa, fikrimcə, ərəb dilli onlayn əlaqələrin qurulması çox arzuolunandır. Çox yaxşı olardı ki, ərəb ölkələri jurnalistlərinin Azərbaycanın dövlət qurumları ilə əlaqələrinin yaradılması istiqamətində addımlar atılsın. Xüsusən də Azərbaycanın Xarici İşlər Nazirliyi ilə. Məlum məsələdir, XİN-in yaydığı bəyanatlar, məlumatlar birbaşa Azərbaycanın dövlət siyasətini əks etdirir. Dağlıq Qarabağ münaqişəsi, cəbhədəki durum, erməni tərəfinin yalanlarının ifşa olunmasında XİN-in bəyanatları çox əhəmiyyətli, rəsmi açıqlamalardır. Bunların xarici ölkə mətbuatında, o cümlədən də sıx əməkdaşlıq istiqamətində çalışdığımız ərəb ölkələrinin media orqanlarında yayımlanması əlbəttə, bizim üçün vacibdir. Fərqi yoxdur, media orqanı çap mediası da ola bilər, onlayn media da, televiziyaldar da. Əsas, islam ölkələrinin media quruluşları və jurnalistləri arasında əlaqələrin davamlılığını təmin etməkdir. Əlaqələrin genişləndirilməsində Azərbaycan siyasi ekspertlərinin, analitiklərin məqalələrinə, müxtəlif məsələlərlə bağlı fikirlərinə yer verilməsi də yaxşı olardı. Bununla islam ölkələrinin vacib siyasi məsələlərdə fikir həmrəyliyinin mövcudluğu görünər. Hesab edirəm ki, Azərbaycan dövləti islam ölkələri arasında həmrəyliyin yaradılması və inkişafı istiqamətində uğurlu və aktiv addımlar atır, keçirilən konfrans da bunun sübutu idi. Amma prosesin davamlılığı çox vacibdir. İslam ölkələrinin mediası arasında əlaqələrin genişləndirilməsi üçün əməli addımlara çox ehtiyac var.
Vüsal Məmmədov: "Əlaqələr zaman keçdikcə genişlənməlidir”
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov da islam ölkələri jurnalistlərinin əməkdaşlığının genişləndirilməsini vacib hesab edir:
- İslam ölkələrində Azərbaycan haqqında, eləcə də bizdə islam ölkələri haqqında məlumatlar azdır. Məsələn, bizim jurnalistlər Fələstin problemi haqqında sizcə, nə qədər biliyə sahibdir? Bu suala cavab tapmaqla, qarşı tərəfin də Azərbaycan haqqında nə qədər bilgiyə sahib olduğunu, aşağı-yuxarı, təxmin edə bilərik. Ona görə də məncə, ərəb ölkələrinin media nümayəndələri Azərbaycana nə qədər çox səfər etsələr, bir o qədər yaxşıdır. Bu səfərlərdən, yaxud da keçirilən geniş tərkibli görüşlərdən, konfranslardan həmən hansısa yüksək nəticə gözləməməliyik. Əlaqələr zamanla genişlənəcək. Səfərlər davam etməlidir. Uzun müddət lazımdır ki, islam ölkələrinin media nümayəndələri biri-birini tanısın, yaxın ünsiyyət yaransın, dostluq münasibətləri formalaşsın. Tanışlıq birinci mərhələdir, işin başlanğıcıdır. Görüşməliyik, danışmalıyıq, tanış olmalıyıq. Sonrakı mərhələlərdə artıq media quruluşları arasında da əlaqələr qurula bilər, şəxsi münasibətlər də formalaşa bilər. Belə olduqda zaman-zaman birgə layihələr də ortaya çıxacaq. Artıq biri-birimizə inam yaranmış olacaq. Münasibətlər sıxlaşdıqca əlaqələr də genişlənəcək, möhkəmlənəcək. O zaman artıq informasiya mübadiləsinə də başlaya bilərik. Azərbaycana aid xəbərlərin ərəb ölkələri kütləvi informasiya vasitələrində, onların məlumatlarının bizdə yayılması, belə qarşılıqlı xəbərləşmələr, ərəb televiziyalarında Azərbaycanla bağlı süjetlərin, reportajların verilməsi mümkün olacaq. Bunlar hamısı sonrakı mərhələlərdə gerçəkləşəcək işlərdir. Hələ ki, ilkin mərhələdir və biz aramızda səmimiyyətin, sıx ünsiyyətin yaranmasına çalışmalıyıq.
Elşad Eyvazlı: "Əcnəbi jurnalistlərlə canlı ünsiyyətə önəm verirəm”
Modern.az saytının baş redaktoru Elşad Eyvazlının fikrincə, jurnalistlər arasında canlı ünsiyyət, görüşlər ikitərəfli əlaqələrin daha tez möhkəmlənməsinə şərait yaradır:
- Mən həmişə canlı ünsiyyətə, görüşlərə üstünlük verirəm. Görüşlərdə fikri daha açıq, daha dolğun ifadə etmək mümkündür. Doğrudur, müasir dünyada internet resursları böyük əhəmiyyət kəsb edir, bu, danılmazdır. Bu saat hamı internet imkanlarından geniş bəhrələnir. Onlayn xəbərləşmə, paylaşımlar, hamı üçün əlçatandır, xüsusilə də media nümayəndələrinə. Amma hesab edirəm ki, qarşılıqlı səfərlər, görüşlər və canlı ünsiyyəti heç nə əvəz edə bilməz. Bir var, tanımadığın insanla feysbuk üzərindən yazışasan, bir də var, qarşılıqlı surətdə, əyləşib söhbətləşəsən. Əlbəttə, ikinci variant biri-birini anlamaq, dostluq münasibətlərinin qurulması üçün əvəzolunmazdır. Bəli, islam ölkələri arasında, o cümlədən də islam ölkələri jurnalistləri arasında əlaqələrin qurulması və genişlənməsi istiqamətində dövlət və ictimai təşkilatlar səviyyəsində işlər görülür. Fikrimcə, bu addımlar çərçivəsində islam ölkələri media nümayəndələri və media quruluşları arasında dostluq qrupunun yaradılması çox yaxşı olardı. Məsələn, ortaq bir informasiya saytı yaratmaq olar. İnternet resurslarında əməkdaşlığın genişləndirilməsi üçün bu da vacibdir. Hər ölkənin öz dilində informasiyalarını yaymasına imkan tanınmalıdır. İşğaldan azad olunmuş ərazilərimizə ərəb jurnalistlərinin səfərlərini də yüksək qiymətləndirirəm. Nə qədər çox həmkarımız gedib o torpaqlarda erməni vəhşiliyinin şahidi olsalar, bizim xeyrimizədir. Elə bir işlək mexanizm qurulmalıdır ki, daim fəaliyyətdə olsun. Qarşılıqlı səfərlər, canlı ünsiyyət, görüşlər, onlayn informasiya mübadiləsi islam ölkələri media nümayəndələri arasında əməkdaşlığı sıxlaşdıracaq vasitələrdir.
Misirli jurnalistlər cəbhə bölgəsində
Qeyd edək ki, "İslam Həmrəyliyinin gücləndirilməsində medianın rolu” konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Misirin aparıcı media nümayəndələri cəbhə bölgəsinə səfər ediblər.
Nümayəndə heyəti ilk olaraq 1993-cü ildə bir neçə ay işğal altına düşmüş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinə gələrək ermənilərin törətdikləri vəhşiliklərin şahidi olublar. BAMF-nin prezidenti Umud Mirzəyev nümayəndə heyətinə məlumat verib ki, doğulub boya-başa çatdığı Aşağı Əbdürrəhmanlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 1994-cü ilin yanvarında Azərbaycan ordusunun uğurlu əməliyyatı ilə kəndin ərazisinin böyük hissəsi işğaldan azad olunub.
"İşğalda qaldığı bir neçə ay ərzində erməni vandalları tərəfindən kənddəki bütün evlər talan edilərək yandırılıb. Hətta kəndin qəbiristanlığındakı qəbirlər də dağıdılıb, məzar daşları güllələnib. Qəbiristanlıqdakı bütün məzar daşlarında güllə izləri var. Erməni silahlıları tərəfindən kənddə törədilən vəhşiliklər təkcə bizim deyil, hər kəsin faciəsidir”, - deyə Umud Mirzəyev bildirib.
Münaqişə ilə bağlı həqiqətlərin təbliğində belə səfərlərin böyük əhəmiyyəti olduğunu deyən BAMF prezidenti mütəmadi olaraq xarici media təmsilçilərinin regiona səfərlərini təşkil etdiklərini deyib.
Misir nümayəndə heyətinin üzvləri isə bildiriblər ki, bütün bu dağıntılar, qəbiristanlığa qarşı olan təhqirlər qəbuledilməzdir. Bu, insanların hisslərinə toxunur. Burada gördükləri onları çox kədərləndirib. Çünki məzar daşlarını dağıtmaq, atəşə tutmaq vəhşiliyin ən son həddidir.
Misir nümayəndə heyəti Horadiz şəhərində "Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət etdikdən sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəliblər.
Nümayəndə heyətinə işğal olunmuş ərazilərdə ermənilərin törətdikləri vəhşiliklər, həmçinin kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq aparılan minadan təmizləmə və tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin ötən ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.
Cəbhə bölgəsində səfərin sonunda isə nümayəndə heyəti 2016-cı ilin aprel əməliyyatları zamanı işğalçıdan azad olunan Lələtəpə strateji yüksəkliyini də ziyarət ediblər. Səfərin sonunda BAMF prezidenti mətbuata müsahibəsində bildirib ki, nümayəndə heyəti dağıntıları, eyni zamanda, işğaldan azad edilmiş Cocuq Mərcanlıda tikilən evləri gördülər. Bu, Azərbaycanın dünyaya bir mesajıdır ki, biz Qarabağı bərpa olunmuş vəziyyətdə, yeni həyatda görürük. "Biz istəmirik ki, müharibə olsun, bura dağıntılar altında qalsın. Bizim siyasətimiz budur. Biz gələcəyi sülh içində, birgə yaşayışla, o cümlədən yeni evlərlə, məktəblərlə birgə görürük”.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb