
Azərbaycan Qarabağ savaşında təkbaşına mübarizə aparır
Münaqişənin həll olunmasını nə Vaşinqton istəyir, nə də Moskva

"Prezident İlham Əliyev Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları ilə bağlı cəmiyyətimizə bəlli olmayan məqamlar üzərində dayanaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan amilləri açıqladı”.
Bu fikirləri millət vəkili Fəzail Ağamalı deyib. O bildirib ki, dövlət başçısının da söylədiyi kimi problemin həll olunmaması təkcə Ermənistana görə deyil: "Qərb Dağlıq Qarabağda yaşayan 40 minlik erməni icmasının dövlət kimi tanınmasında israrlıdır. Bu baxımdan indiyədək problem həllini tapmır. Bununla da Qərb öz diplomatiyasını, iç üzünü və ölkəmizə qarşı ədalətsiz mövqe tutduğunu bir daha nümayiş etdirir. Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınıb. Lakin görün beynəlxalq hüquq nə qədər təzyiq altındadırlar ki, hətta BMT-nin tanımış olduğu Azərbaycanın ərazi bütövlüyü açıq şəkildə təhdid olunur və burada müstəqil Ermənistan dövlətinin yaradılması dövlətimizdən israrla tələb edilir. Ölkə başçısı nitqində bir daha qeyd etdi ki, bağlı qapılar arxasında ölkəmizə təzyiq göstərməyə çalışırlar. Amma Azərbaycanın indiyədək sərt mövqe nümayiş etdirməsi torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasının qarşısını alır. Təbii ki, burada ölkə başçısının qətiyyəti və iradəsi çox ciddi rol oynayır. Çıxarılan nəticə bundan ibarətdir ki, biz daha güclü olmalıyıq, dövlətimiz qüdrətli, iqtisadiyyatımız daha da inkişaf etməli, ordumuz gücünü artırmalıdır. Aprel döyüşlərində olduğu kimi ikinci və qətiyyətli son addımımızı atmalıyıq. Çünki bizim alternativ yolumuz yoxdur”. Deputat təəssüflə söyləyib ki, anti-Azərbaycan qüvvələrin arasında milli satqınlar da yer alır: "Milli Şura” adlanan absurd bir qurum, onun arxasında dayanan AXCP və bir-iki funksionerləri, ayrı-ayrı QHT-lər ölkəmizə qarşı yönələn xəyanətin içərisində yer alırlar. Biz xalq olaraq hər zaman dövlətimizin və ölkə başçısının yanındayıq. Məhz bunun sayəsindədir ki, ölkəmizə qarşı məkirli planların həyata keçirilməsinə imkan verilmir”.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Prezident Dağlıq Qarabağ ətrafında gedən proseslərdən xalqın xəbər tutmasını istədi. Politoloqun sözlərinə görə, bu gün xristian dünyası qarşısında Azərbaycan və onun rəhbəri tək, üzbəüz qalaraq mübarizə aparır: "Hazırda siyasi müharibə gedir. Məsələ ondadır ki, Dağlıq Qarabağ məsələsinin həll olunmasını nə Rusiya, nə də ABŞ istəyir. Rəsmi Amerika öz maraqları çərçivəsində Qafqaza sahiblənmək niyyəti güdür. Bölgədə açar dövlət Azərbaycan olduğuna görə, Vaşinqton ölkəmizi ələ almağa çalışır. Təbii ki, Rusiya da Qafqazdakı siyasətini davam etdirmək üçün Azərbaycandan yararlanmağa çalışır. Tərəflərin Azərbaycana "sahiblənmək” iddiası Dağlıq Qarabağ məsələsinin həllinə maneçilik törədir”. Ekspert əlavə edib ki, Prezident öz ətrafında xalqını görmək istəyir: "Dövlət başçısı məmurlara bunu bildirməklə bir növ öz xalqına səsləndi. Təbii ki, xalq hər zaman ölkə rəhbərinin ətrafındadır. Bu, tək siyasi məsələ deyil, həm də mənəvi məsələdir. Azərbaycanın bu məsələdə geri dönüşü yoxdur”. Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Prezident müşavirədə çox mühüm mesajlar verdi. Ekspertin sözlərinə görə, dövlət başçısının verdiyi mesajlar Azərbaycan cəmiyyəti tərəfindən çox güclü dəstək alır: "Prezidentin beynəlxalq qurumların Dağlıq Qarabağla bağlı ədalətsiz, Azərbaycanın milli maraqlarına zidd olan mövqe tutmağa səsləməsi fikri bütün siyasilər, mətbuat, cəmiyyət tərəfindən son dərəcə ölkə başçısına dəstək formasında vüsət almalıdır. Onsuz da ölkə rəhbəri imkan verməyəcək ki, beynəlxalq qurumlar Azərbaycanın milli maraqlarına zidd olan hər hansı addım atsın. Amma Azərbaycan xalqı, mətbuat bu məsələdə ölkə başçısına hərtərəfli dəstək olmalıdır. Ermənilər, o cümlədən ABŞ, Rusiya və Fransa başa düşür ki, Azərbaycan heç vaxt ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Ermənilər bir dəfə öz müqəddəratını həll ediblər və bununla da məsələ bitib. Bundan sonra ermənilərin xülyaları reallaşmayacaq”. Ü.Cəfərov əlavə edib ki, prinsip etibarilə Ermənistan cəmiyyətində də başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsi onları
xeyli inkişafdan saxlayıb: "Bu mənada hesab edirəm ki, ölkə başçısı bir daha erməni cəmiyyətinə, ictimaiyyətinə, xüsusilə beynəlxalq qurumlara bəyan etdi ki, Azərbaycanın Dağlıq Qarabağla bağlı tutduğu mövqe dəyişməzdir. Azərbaycan öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun təmin edəcək”.
İsmayıl