“Azərbaycan sülh, dostluq ölkəsi olduğunu bütün dünyaya göstərdi”

"Azərbaycanda keçirilən "Arsenal”-"Çelsi” oyununun tam təhlükəsiz başa çatması bir daha göstərdi ki, düşmənlərimizin idmanı siyasiləşdirmək cəhdi əbəsdir”.
Bunu "Sherg.az”a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.
QHT rəhbəri bildirib ki, Azərbaycan dövləti və xalqı tolerant simasını və qonaqpərvərliyini bir daha dünyaya nümayiş etdirdi:
"Məlumdur ki, antimilli qüvvələr və ən əsası da erməni lobbisi oyundan əvvəl Azərbaycana qarşı qara PR aparırdılar. Ayrıca həmişəki kimi bir sıra Qərb təşkilatları da bu məsələ üzərindən Azərbaycana təzyiq etməyə çalışırdı. 
Qərb "demokratları” idmanı siyasiləşdirərək öz çirkin məqsədləri üçün istifadə edirdilər. Lakin Azərbaycan dövləti hər zamankı kimi düşünülmüş siyasət həyata keçirdi. Bütün təhlükəsizlik qüvvələri gücləndirilmiş rejimdə çalışdı. 
Çünki əcnəbi azarkeşlər tərəfindən bu oyunda hər hansı insidentin edilməsi gözlənilən idi. Hətta onlar tərəfindən bununla bağlı cəhdlər də oldu. Önləyici tədbirlərin nəticəsi olaraq belə bir halın baş verməsi mümkün olmadı. Azərbaycan bu beynəlxalq idman yarışına da təhlükəsiz formada ev sahibliyi etməklə sülh, dostluq ölkəsi olduğunu göstərdi”.
İsmayıl