Azərbaycan Suriyaya humanitar yardım göndərəcək?

Nazirlik: “Bu barədə bizdə rəsmi məlumat yoxdur”
Deputat: “Biz onlara hər zaman dəstəyimizi veririk”


Azərbaycan, Çin, Serbiya, Hindistan və Qazaxıstan Suriyaya humanitar yardım göndərməyi planlaşdırır. Bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumunda deyib.

Nazir müavini söyləyib ki, Rusiya Hələb bölgəsində genişmiqyaslı humanitar əməliyyat başladıb və beynəlxalq ictimaiyyəti bu səylərini dəstəkləməyə səsləyir. "Rusiyanın Suriyadakı fəaliyyətinin mühüm məqamı bu ölkənin xalqına humanitar yardım təmin etməkdən ibarətdir. Son zamanlarda Hələb bölgəsində genişmiqyaslı humanitar əməliyyat başlatmışıq. Üstəlik, beynəlxalq ictimaiyyətə, qabaqcıl ölkələrin müdafiə nazirliklərinə müraciət edərək, onları da bu səylərə dəstək verməyə çağırmışıq. Belarus bizi dəstəkləyib. Eyni zamanda Çin, Azərbaycan, Serbiya, Hindistan, Qazaxıstan da humanitar yardım göndərməyi planlaşdırır”. Bu arada qeyd edək ki, məsələyə münasibət bildirən Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov xəbəri təkzib edib: "Bu barədə bizdə rəsmi məlumat yoxdur”.

A.Antonovun açıqlamasını dəyərləndirən millət vəkili Asim Mollazadə "Şərq”ə söyləyib ki, Azərbaycan köməksiz insanlara həmişə öz dəstək əlini uzadır və bu istiqamətdə Azərbaycanın Qızıl Aypara Cəmiyyəti çox fəaldır: "Bilirsiniz ki, Suriyada münaqişənin əsas qurbanları qadınlar və uşaqlardır. Məhz buna görə də, Azərbaycan hər zaman bu vəziyyətə acıyır. Çünki bizim uşaqlarımız, qadınlarımız və ya bütövlükdə insanlarımız indiyə qədər münaqişədən ağrı çəkir. Biz onlara hər zaman dəstəyimizi veririk”.

Ayyət Əhməd