Amma daima ayıq- sayıq olmalı, ehtiyatı əldən verməməliyik
Son aylar Azərbaycanın şimalında, Dağıstan və həmsərhəd rayonlarda terrorçu qruplaşmaların yenidən fəallaşması müşahidə olunmaqdadır. Dağıstan Prezidenti Ramzan Abdulatipovun gözlənilmədən istefaya göndərilməsi, onun yerinə DİN generalı Vladimir Vasilyevin təyinatı və Rusiya FTX rəhbəri Sergey Patruşevin Bakıya səfəri bölgədə terror təhlükəsinin artdığını göstərir.
Yaxın Şərqdən sıxışdırılıb çıxarılan potensial terrorçuların Dağıstana və Azərbaycana sızma ehtimalı olduğundan qarşılıqlı fəaliyyət gücləndirilib. Amerikanın "Stratfor” Analitika Mərkəzi yazıb ki, Rusiya terror hücumlarını önləmək üçün xüsusən Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirib. Oktyabrın 11-də Soçidə başlayan MDB ölkələrinin zirvə toplantısında da əsas müzakirə mövzularından biri terror təhdidlərinə qarşı birgə mübarizə olub. Baş verən hadisələrin təhlili, Azərbaycanda antiterror əməliyyatları və məhkəmədə üzə çıxan faktlar göstərir ki, İŞİD və digər terror qruplaşmaları ilə mübarizə həlledici mərhələyə daxil olub. Məlumat üçün deyək ki, Azərbaycanın Dağıstanla sərhəd bölgələrindən İŞİD-ə qoşulanların sayı hər zaman diqqət çəkib. Qeyri-rəsmi məlumatlara görə, ümumilikdə Şəki, Zaqatala, Quba, Qusar və Xaçmaz rayonundan terror qruplarına qoşulanlar 350-400 nəfər civarında olub. DTX rəisi Mədət Quliyevin bu günlərdə açıqladığı statistikaya görə, Azərbaycandan 900 vətəndaş İŞİD terror təşkilatına qoşulub. Onlardan 85 nəfər hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb.
Mövcud təhlükə ilə bağlı "Şərq”ə açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Azərbaycan üçün ciddi terror təhlükəsinin olmadığını desə də, ölkəmizin həssas mövqedə yerləşdiyini vurğulayıb. Ekspertin sözlərinə görə, Rusiya və İranda terror aktlarının baş verməsi regionu təhdid altında saxlayır:
"İraq və Suriyada İŞİD mövqelərinin zəifləməsi ilə orada döyüşən terrorçuların sığınacaq üçün başqa ölkələrə getməsi terror təhlükəsindən xəbər verir. Bir neçə gün qabaq MDB ölkələrinin təhlükəsizlik, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının müşavirəsi keçirildi. Müşavirədə quruma üzv dövlətlərin ərazilərində terrorla və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri müzakirə edildi. Terror elə bir bəladır ki, onunla mübarizə aparmaq mümkün olsa da, terror təhlükəsindən birdəfəlik sığortalanmaq olmur. Ona görə də daima ayıq-sayıq olmalı, ehtiyatı əldən verməməliyik. Xüsusən, işğalçı Ermənistanla qonşu olduğumuza görə heç zaman arxayınlaşa bilmərik”.
İsmayıl