Zəlimxan Məmmədli: “Ayrı-ayrı yerlərdə istehsal olunan məhsulların içində orqanizm üçün ən vacib olanları çıxarırlar. Daha sonra qiyməti qəpik-quruşa endirib yazıq Azərbaycan insanına satırlar”"Ona görə də xəstələrin ən çox verdiyi suallardan biri budur ki, hansı dərmanı tövsiyyə edərdiniz ki, faydası olsun ! ?”
"Xroniki və ölümə aparan xəstəliklərin sayının çoxalmasına səbəb xəstəlikləri vaxtında sağaltmayan dərmanların bol olmasıdır”
Son illər ən çox müzakirə olunan məsələlərdən biri dərmanların keyfiyyətli ilə bağlıdır. İnsanların əksəriyyəti istifadə etdikləri dərmanların heç bir işə yaramadığını iddia edir. Bildirirlər ki, hansısa xəstəlikdən əziyyət çəkdikləri zaman həkim məsləhəti ilə olsa belə aldıqları dərmanlar sadəcə, pullarının boşuna xərcləməkdən başqa bir şey deyil.
Hətta dərmanlara çoxlu pul "töküb”, sonda ucuz və təbii vasitə ilə sağlamlığına qovuşanlar da az deyil. Vətəndaşların çox hissəsi ölkəmizdəki dərmanların tamamilə aşağı keyfiyyətə malik olduğunu iddia edirlər. Maraqlıdır, buna səbəb nədir?
Sualımızı cavablandıran Borçalı Cəmiyyətinin sədri, həkim Zəlimxan Məmmədli "Sherg.az”a bildirib ki, dərmanların keyfiyyəti olduqca ciddi və qlobal bir məsələdir.
Həkimin sözlərinə görə, hər bir dövlətin vəzifəsi vətəndaşlarının hüquqlarını qorumaqdır:
"Hüquqlar isə olduqca geniş anlayışdır. Onlardan biri də sağlamlığın qorunmasıdır. Ərzaq təhlükəsizliyi və ekologiya ilə bağlı ciddi proqramlar işlənilməlidir. Çünki bu sahələr birbaşa insan orqanizminə təsir edir.
Milli dövlətlərdə, xalqın ruhu və iradəsi hakim olan yerlərdə dərmanlarla bağlı xüsusi qanunlar hazırlanır və qurumlar yaradılır. Təəssüf ki, Azərbaycanda bu sahədə ciddi boşluq var. Vətəndaşlar rahat olmalıdır ki, hansısa xəstəliyə tutulanda dövlət öz mexanizmi ilə onun yanında olacaq.
Ayrı-yarı yerlərdən ölkəmizə ixrac olunan dərmanlar monopoliyadadır. Monopolistlər sağlam rəqabətlə pul qazanmağa yox, daha çox qaz vurub qazan doldurmağa meyillidirlər. Hətta bununla bağlı faktlar və rəqəmlər var. Dövri mətbuatda zaman-zaman dərc olunub ki, ayrı-ayrı yerlərdə istehsal olunan məhsulların içində orqanizm üçün ən vacib olanları çıxarırlar. Daha sonra qiyməti qəpik-quruşa endirib yazıq Azərbaycan insanına satırlar. Bunlara nəzarət edən orqan və mexanizm yoxdur. Ölkəmizə ixrac edilən dərman üzərində oyunlar oynanılır və dərmanların keyfiyyəti aşağı düşür. İnsanlar dərmanlara nə qədər pul xərcləyirlər. Həkim resept yazarkən belə vətəndaş qorxur ki, görəsən məbləğ nə qədər olacaq və dərmanlar keyfiyyətlidirmi? Ona görə də xəstələrin ən çox verdiyi suallardan biri budur ki, hansı dərmanı tövsiyyə edərdiniz ki, faydası olsun !?” .
Z.Məmmədlinin qənaətincə, Səhiyyə Nazirliyinin sturukturunda agentliklər formalaşmalıdır ki, dərman ticarəti ilə məşğul olan qurumlar üzərində ciddi nəzarət olsun:
"Hətta dövlətin dərmanlara nəzarət etməsinin tərəfdarıyam. Çünki dövlət nəzarəti, xüsusi sertifikatlar və dövlət nişanları ilə təltif edilmələr olarsa, dərmanlar mütəmadi yoxlanılarsa, dələduzların yolu bağlanar. Amma dələduzlar müəyyən səlahiyyətli qurumlarla işlərini elə qururlar ki, sonda əziyyət çəkən vətəndaş olur. Bu gün Azərbaycanda orta ömrün aşağı düşməsi haqqında rəqəmlar var. O cümlədən xroniki və ölümə aparan xəstəliklərin sayının çoxalması haqqında statistika mövcuddur. Bütün bunlara səbəb isə xəstəlikləri vaxtında sağaltmayan dərmanların bol olmasıdır. Əgər dövlət vətəndaşına sevgi ilə yanaşsa, bu qələtləri etməzlər”.
Yeganə Bayramova