Son zamanlar ölkəmizdə boşanma hallarının sayının artması müşahidə olunur. Tərəflərin biribirini başa düşməməsi, müəyyən maddi sıxıntılar, xırda bir məsələyə görə gərginliklərin
yaşanması, xəyanət və s. bu kimi amillər sonda boşanma ilə nəticələnir.
Dövlət Statistika Komitəsindən də verilən məlumata görə, bu ilin 9 ayı ərzində qeydiyyat
şöbələri tərəfindən ölkəmizdə 50.4 min nikah və 9.6 min boşanma qeydə alınıb. Əhalinin hər
1000 nəfərinə nikahların sayı 7,0, boşanmaların sayı isə 1,3 faiz olub.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ailə
münasibətlərinə kifayət qədər bəsit baxıldığını deyib. Birliyin sədri boşanmaya əsas səbəb kimi
ünsiyyət probleminin də olduğunu vurğulayıb:
"Düşünmürəm ki, maddi sıxıntıların olması əsas səbəblərdəndir. Təbii ki, ailənin özünəməxsus evi və iqtisadi imkanı olmayanda münasibətlərə də mənfi təsir edir. Amma burada əsas problem kimi ailənin ilkin təməlinin düzgün qoyulmamasıdı. Tərəflərin biri-birinə inam məsələsi gündəmdə deyil. Keçən il bu statistika boşanmaların 25 faiz olduğunu göstərirdi. İndi isə 18.5 faiz nəticəni dövriyyəyə gətirirlər. Qanunsuz nikahların da sayı olduqca çoxdur. Belə nikahlar içərisində də kifayət qədər boşanmalar olur. Məsələn, bizim sığınacaqda əgər 18 nəfər varsa, onların 4 nəfəri rəsmi nikahdadırsa, qalanları qeyri-rəsmi nikahdan dünyaya uşaq gətirib. Belə məsələlər ailə münasibətlərinin kifayət qədər "çat
verdiyini” və ailə modeli ilə bağlı ciddi tədbirlər görülməsi siqnalını verir. Münasibətlərin
gərginləşməsi, insanların ünsiyyət problemləri, sosial şəbəkələr, qarşılıqlı inamın olmaması,
qadının kişi ilə sosial rolunu dəyişməsi kimi hallar ciddi problemlər yaradır. Bütün bu amillər də
boşanmalara gətirib çıxarır. Müəyyən aqressiyaların olması da ailə münasibətlərində zorakılığın
artmasına imkan yaradır”.
Boşanmanın qlobal bir problem olduğunu deyən psixoloq Elnur Rüstəmov bütün dünyada
ailələrə müdaxilələrin olmasını söyləyib:
"Bir çox Avropa ölkələrində, hətta Amerikanın özündə boşanma asan bir məsələ deyil. Ona görə də tərəflər nikaha girməyi uzadırlar. Bu gün boşanma prosesi Azərbaycanda çox rahat bir formada həyata keçirilir. Ailələrə müxtəlif tərəflərdən müdaxilələr olur. Biz buna misal olaraq texnologiyanı və interneti qeyd edə bilərik. Bunlar da ailədaxili münasibətlərin pozulmasına və canlı ünsiyyətdə problemlərin yaranmasına, hər şeyin virtuallaşmasına gətirib çıxarır. Boşanmalarda daha çox şəxsi maraqların və şəxsi eqolarınolması da əsas səbəbdir. Psixoloji problemlərin çoxalması, aqressiv davranış, konsultiv pozuntular, tərəflərin məsuliyyət daşımaq istəməsi boşanmaya gətirib çıxaran amillərdəndi. Sanki ailə qurmaq simvolik bir xarakter daşıyır. Ölkəmizdəki boşanmalara müxtəlif aspektdən yanaşmaq olar. Bununla bağlı maariflənmə işlərinin aparılması çox vacibdir”.
Yeganə Bayramova