Azərbaycanda icbari tibbi sığorta kimlərə və necə tətbiq ediləcək? - İZAH




İcbari tibbi sığorta bütün Azərbaycan əhalisinə aid ediləcək.

Bunu Sherg.az-a icbari tibbi sığortanın tətbiqi mexanizmlərindən danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, icbari tibbi sığorta işləyən və işləməyənlərə fərqli müəyyən ediləcək, təqaüdçülər üçün xüsusi güzəştli tariflər irəli sürüləcək: 

"Qanun tam işləməyə başladıqdan sonra tam analiz aparmaq mümkündür. İlkin olaraq nəzərdə tutulub ki, işləyən şəxslərin icbari tibbi sığorta xidmətini bir hissəsini şirkət ödəməlidir. Müəyyən sığorta fondu yaradılacaq və bura yığılan vəsait bura toplanacaq hər bir şəxsin icbari tibbi sığortasını təmin etmək üçün istifadə olunacaq. Tibbi xidmətlərdən yararlanmaq üçün konkret güzəştlər müəyyən ediləcək. Bu sahədə müxtəlif dünya təcrübəsindən yararlanmaq olar ki, məhz ən optimallarından biri Türkiyə təcrübəsidir. 

Burada yoxsul və imkansız ailələrə "yaşıl kart” təqdim olunur. Həmin ailələr tibbi müalicə alarsa, ödənişləri dövlət öz üzərinə götürür. Buna əsaslanaraq, Azərbaycanda da "yaşıl kart” tətbiq edilsə, yaxşı olardı. Hətta Azərbaycan Respublikasının Konstitusiyasında da tibbi sığorta pulsuzdur, buna dövlət zəmanəti var. Dövlət öz üzərinə düşən öhdəlikləri, Səhiyyə Nazirliyinə ayrılmış vəsaitlərin bir hissəsini köçürməlidir. Bununla aztəminatlı ailələr, qocalar, himayədən məhrum olan şəxslər, uşaqlar pulsuz tibbi yardım ala bilərlər”.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sığortaya daxil ediləcək xəstəliklərin baza zərfi hazırlanıb və Prezident Administrasiyasına təqdim olunub.

Aysel Aslan