Azərbaycanda toz-dumanı var – normadan 3.6 dəfə çox




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən 5 sentyabrda ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub.

Nazirlikdən "Sherg.az"a verilən məlumata görə,  buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3,6 dəfə yuxarı olduğu qeydə alınıb.

Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.