Aqil Abbas: "Azərbaycana ultimatum verirlər ki, cinsi azlıqları niyə həbs etmisiniz? Əslində onlar həbs edilməyib, küçələrdən yığışdırılıb, müayinə edilib. Yoluxucu xəstəliklər daşıyırlar"
"Avropalılar cinsi azlıqların hüquqlarını bu dərəcədə qoruyursa, öz ölkələrinə aparsın. Qloballaşma siyasəti həyata keçirən ölkələr Azərbaycanda ailə dəyərlərini dağıtmaq üçün çalışır"
"Azərbaycanın Avropa Şurasının (AŞ) üzvlüyündən çıxmasını istəmirəm”.
Bunu "Sherg.az”a millət vəkili Aqil Abbas deyib.
Deputat bildirib ki, AŞ Azərbaycanın sözünü dediyi beynəlxalq təşkilatdır:
"Biz bu tip beynəlxalq təşkilatların tərkibində mübarizəmizi aparırıq. Sadəcə, AŞ ikiüzlülük edir. Bu dərəcədə subyektiv yanaşmaq olmaz. Azərbaycan kimi strateji mövqedə yerləşən, inkişafda olan, dünyanın marağındakı dövlətə qarşı belə münasibət sadəcə olaraq, başqa qüvvələrin işidir. Dövlətimizin nüfuzuna kölgə salmaq istəyirlər.
Avropa Şurası Azərbaycandan heç nəyi tələb edə bilməz. Tövsiyə edə bilər. Azərbaycanda həbs olunan şəxslər cinayət məcəlləsinə, qayda qanunlara uyğun, məhkəmənin hökmü ilə həbs olunub. Azərbaycanda hüquqi dövlət olduğu halda AŞ dövlətdən kiminsə azadlığa çıxarılmasını tələb edə bilməz. Bu, Azərbaycanı hədələməkdir.
Azərbaycan Şərq ölkəsidir. Mentaliteti, əxlaqi dəyərləri, ənənələri var. Azərbaycana ultimatum verirlər ki, cinsi azlıqları niyə həbs etmisiniz? Bu şəxslər əslində həbs edilməyib, küçələrdən yığışdırılıb, müayinə edilib. Məlum olub ki, onlar ən ciddi şəkildə yoluxucu xəstəlikləri daşıyırlar. Azərbaycan əxlaqını pozan, ailə dəyərlərini kölgəyə salan addımların qarşısı alınır”.
Avropa Şurasının Azərbaycanın hər addımında mənfi tendensiya axtardığını vurğulayan A.Abbasın sözlərinə görə, bu ermənipərəst qüvvələrin təsiridir:
"Avropalılar cinsi azlıqların hüquqlarını bu dərəcədə qoruyursa, öz ölkələrinə aparsın. Qloballaşma siyasəti həyata keçirən ölkələr Azərbaycanda ailə dəyərlərini dağıtmaq üçün çalışır. Ona görə, son vaxtlar intiharların, boşanmaların sayı artır. Əvvəllər belə deyildi. Çünki müəyyən institutlar ciddi çalışıb, mənfi nüansları aradan qaldırırdı. Qloballaşma siyasəti isə onların belə fəaliyyətinə zərbə vurub”.
Aysel Aslan