Azərbaycanın həmişə sülh və təhlükəsizliyin hökm sürməsində maraqlıdir







Müdafiə Nazirliyindən verilən məlumata görə, bu ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyini nəzərə alaraq NATO Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək” missiyasında qüvvələrin sayının artırılması ilə bağlı Alyansa üzv olan və tərəfdaş ölkələrə müraciət edib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 23 noyabr 2017-ci il tarixində NATO-nun Brüssel şəhərindəki mənzil qərargahındakı çıxışı zamanı 2018-ci ildən etibarən Azərbaycan sülhməramlılarının sayının artırılacağı barədə bəyanat verib. Bu məqsədlə Milli Məclis 29 dekabr 2017-ci il tarixdə "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” qərara dəyişikliklər edib.

Azərbaycan sülhməramlı kontingentin sayının artırılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilib. Beləliklə, beynəlxalq sülhün təmin edilməsi və tərəfdaşlara dəstək məqsədilə 2018-ci ildən etibarən "Qətiyyətli Dəstək” missiyasının müxtəlif qərargahlarında 6 Azərbaycan zabiti, eləcə də, iki hərbi həkim olmaqla, sülhməramlılarımızın sayı ümumilikdə 94-dən 120 nəfərədək artırılıb.
NATO-nun "Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun 70 nəfər sülhməramlısı yanvarın 9-da plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Azərbaycandan Əfqanıstana göndərilən sülhməramlıların sayının artırılmasını müsbət dəyərləndirən millət vəkili Zahid Oruc dəyişikliyi bu cür şərh edib:

- Əfqanıstan ətrafında baş verən proseslər zamanı Birləşmiş Ştatların təşəbbüsü ilə başlayan və daha sonra beynəlxalq koalisiyanın da qoşulduğu sülhməramlı əməliyyatlara qatılan ilk ölkələrdən biri də Azərbaycandır. Bu isə ölkəmiz üçün çox önəmli bir addım idi. Ən önəmlisi də odur ki, terrora qarşı mübarizəyə qoşularkən Azərbaycan hansısa daxili məqsəd güdmürdü. Ölkəmiz uzun illər ərzində müxtəlif təxribatların, diversiya qruplarının hədəfində olduğundan Azərbaycan regionda sülh və təhlükəsizliyin hökm sürməsində maraqlıdır. Həm də ki, Əfqanıstan geopolitik olaraq Cənubi Qafqazla əlaqələri olan bir ölkədir. Uzun illər ərzində bu ölkədə sülhün təmin olunmaması, baş verən dövlət çevrilişləri, klanlararası savaşlar səbəbindən müvafiq addımlar atılanda Azərbaycan özünün hərbi qüvvələri vasitəsilə həmin proseslərdə iştirak etməyə çalışdı. Digər tərəfdən ölkəmiz özünün hava məkanını həmin əməliyyatlarda iştirak edən hərbi təyyarələr üçün açdı və digər daşımaçılıq fəaliyyətinə də geniş dəstək verdi. 

Hansı ki, sovetlər birliyinin dağılmasından sonra bu addım müstəqil dövlətlərin qarşısında dayanan ən mühüm sınaqlardan biri sayılırdı. Dünənə qədər sovet ordusuna tabe olan Azərbaycanın Silahlı Qüvvələri artıq Türkiyə ordusunun bayrağı altında terrora qarşı mübarizəyə qoşulmuşdu. Gürcüstan həmin əməliyyatlara qoşulan əsgərlərinin sayını dəfələrlə artırmaqla avroatlantik məkanın bir hissəsinə çevrilmə məqsədi güdürdü və bunu açıq şəkildə bəyan da etmişdi. Azərbaycan isə ilk növbədə Əfqanıstanda əmin-amanlığın bərqərar olunmasını istəyirdi. Həm də ki, Əfqanıstanda gedən proseslərə qatılan qüvvələrimiz daha təcrübəli və formalaşmış imkanlara malik olan qabaqcıl ordular səviyyəsinə çatmış olacaqdılar.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan sülhməramlılarının sayının artırılması Azərbaycan- Əfqanıstan arasındakı əlaqələrin dərinləşməsinin göstəricisidir. Bu həm də orada xidmət edən qüvvələrimiz üçün məsuliyyət və sınaqdır. Hərbiçilərimizin daha geniş bir məkanda təhlükəsizlik proseslərinə cəlb olunması ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna da müsbət təsir göstərir.

Şəymən