Azərbaycanın İslam Hərbi Alyansına üzv olması müsbət nəticələr verə bilər

Rəsmi Bakının gündəliyində belə bir məsələ yoxdur, ekspertlər isə hesab edir ki, ölkəmiz bu addımı atmaqla qazanclı çıxar



Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib. Məlumata görə, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.

İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın ovaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.

Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.

Ölkəmizin İslam hərbi koalisiyasına qoşulması barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur: 

"İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur”.

Məsələyə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Azərbaycanın İslam Hərbi Alyansına üzv olmasını olduqca müsbət dəyərləndirib. Ekspertin sözlərinə görə, bu məsələdə ölkəmiz xeyli qazanc və uğurlar əldə edəcək: 

"Dünyada baş verən proseslər fonunda Azərbaycanın Hərbi Alyansına daxil olmaq barədə istəkli görünməsini alqışlayıram. Çünki, bu gün baş verənlərdən bəllidir ki, dünyada qütbləşmə gedir. Qütbləşmə isə ondan ibarətdir ki, bəzi ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Qarabağ məsələsində haqlı olduğunu başa düşsələr də, bunu sözdən o yana keçirmək iqtidarında deyillər. Düzdü, 20 ildən artıqdır ki, beynəlxalq təşkilatların, konkret olaraq ATƏT-in Qarabağ məsələsində bivecliyinin və həmsədrliyin heç bir nəticə vermədiyinin şahidiyik. Bundan əvvəl Azərbaycan Qoşulmama Hərəkatının üzvü idi. Ortaya belə bir sual çıxır ki, Qoşulmama Hərəkatının üzvü olduğu halda Azərbaycan necə hərbi Alyansa daxil ola bilər? Qoşulmama Hərəkatının üzvü olmaq hələ o demək deyil ki, biz ömrümüzün axırına qədər orda qalmalıyıq. Azərbaycan müstəqil dövlətdir və hər an istədiyi qərarı qəbul edir. İslam Hərbi Alyansına biz çoxdan dəvət almışdıq. Sadəcə olaraq bəzi geosiyasi və geostrateji məsələlərə görə biz bu dəvətə dərhal münasibət bildirmədik, lakin "yox” cavabını da vermədik. Artıq zamanı gəlib ki, Azərbaycan İslam Hərbi Alyansına daxil olsun. Alyansa üzv olmaq ölkəmiz üçün çox müsbət hallar yaradacaq. Azərbaycan NATO ilə əməkdaşlığını əsla dayandırmayacaq və sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlığı davam etdirəcək. O cümlədən bizim zabitlər əvvəlki kimi NATO tədbirlərində iştirak edəcək. Amma bununla yanaşı, bizim güc strukturlarının nümayəndələri İslam Hərbi Alyansının da keçirdiyi tədbirlərdə aktiv iştirak edəcəklər. Həm Alyansa üzv olan ölkələr Azərbaycana gələcəklər, silahlı qüvvələrimiz və güc strukturları ilə daha yaxından tanış olacaqlar”.

Maraqlıdır, Azərbaycan Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq hansısa döyüş əməliyyatlarında iştirak edə bilərmi? Ekspert indiki halda bunun əsla baş tutmayacağını deyib: 

"Çünki, Azərbaycan indiyə qədər NATO-nun sülhyaratma missiyalarında yalnız bir şərtlə iştirak edib. Bu şərt isə, bizim iştirakımızın birbaşa döyüş əməliyyatlarında deyil, Post Patrul Xidmətinin yerinə yetirilməsində olub. Bunu əsla İslam Hərbi Alyansının NATO-ya alternativi kimi qəbul etməyin tərəfdarı deyiləm. Bu, düzgün bir yanaşma olmazdı. Həm də ki, bundan bizi istəməyən qüvvələr istifadə edə bilərlər. Tam əminliklə deyə bilərəm ki, Alyansa üzv olmaqla ölkəmiz çoxlu qazanclar əldə edəcək. Çəkinmək və qorxmaq lazım deyil. Başa düşməliyik ki, bu gün dünyada baş verən proseslər bizi gec-tez bu addımı atmağa gətirməli idi. Bu günləri Azərbaycan NATO-nun dünyada həqiqətən də ən güclü hərbi siyasi təşkilat olmasını qəbul edir. Onun tədbirlərində iştirak edir. NATO standartları bizim təhsil sistemimizdə, hərbi sənaye kompleksimizdə tətbiq olunur. Azərbaycan müstəqil siyasət yeridir, özünə lazım olan addımlar atır. 42 ölkə ilə ikitərəfli və çoxtərəfli əlaqələrin olması düşünürəm ki, Qarabağ məsələsində "yatmış beyin”ləri yəqin ki, yerindən tərpədəcək. Ola bilsin ki, Qarabağ münaqişəsində bizi indiyə qədər yalnız sözlə yola verən dövlətlər, nəhayət ki, məsuliyyətlərini başa düşəcəklər və bu Hərbi Alyansla münasibətləri korlamamaq üçün, gələcəkdə problemlər yaşamamaq üçün əməli addımlar atacaqlar”.

Yeganə Bayramova