"Azərbaycanın yaxud Türkiyənin təhlükəsizliyinə təhdid yaranarsa..." - Qardaşlıq






"Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq keçən əsrin sonlarından bəri uğurla davam etdirilir”.

Bunu "Sherg.az”a Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Türkiyə səfərini şərh edərkən millət vəkili Elman Məmmədov söyləyib. 

O diqqətə çatdırıb ki, qardaş ölkə ilə baş tutan bu əməkdaşlıq uzun illər bəhrəsini verib:

"90-cı illərdən etibarən azərbaycanlı hərbçilər Türkiyə hərbi məktəblərində təhsil alıblar. Azərbaycan ordusunda kadr hazırlığı baxımından həmin hərbçilərin rolu yüksəkdir. Həmçinin ordumuzun təkmilləşməsində, döyüş qabiliyyətinin artırılmasında Türkiyə təcrübəsindən istifadə olunub.

Bütün sahələrdə olduğu kimi, hərbi sahədə də qardaş ölkə ilə ciddi əməkdaşlıqlarımız olmalıdır. İki ölkə arasında elə razılaşmalar, müqavilələr olmalıdır ki, Azərbaycanın yaxud Türkiyənin təhlükəsizliyinə təhdid yaranarsa, digər ölkə kömək göstərə bilsin. Bu qardaşlıq mövqeyi sənədlərlə əsaslandırılmalıdır.

Hər zaman qeyd etmişəm ki, təhlükəsizliyimizi təmin etmək üçün bizimlə dost olan bütün ölkələrlə, xüsusilə Türkiyə ilə yüksək səviyyədə hərbi əməkdaşlıq qurulmalıdır. Cənab nazirimizin bu səfəri də məhz həmin məqsədə istiqamətlənib”.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib. Görüşdə Türkiyə müdafiə naziri Nurettin Canikli də iştirak edib. Xatırladaq ki, Z.Həsənov martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Aysel Aslan