BAĞÇA: təlim, tərbiyə ocağı, yoxsa söyüş, şiddət yuvası... ? ! – BİABIRÇI VİDEO





Azərbaycanda uşaq bağçasında müəllimin uşaqları təhqir etməsini əks etdirən video yayılıb.

Zığda bağça müəlliməsi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən videoya sıxıb, özü də bilmədən bu dəhşətli, söyüşlü, təhqirli davranış üzə çıxıb. Məlumata görə, müəllimə, sadəcə töhmət verilib.

Məsələylə bağlı "Sherg.az”a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, bağça müəllimi ilə bağlı birmənalı şəkildə tədbir görülməlidir:

"Belə çıxır ki, bu qadının davranışlarında çox ciddi problemləri var. Evindəki mənəviyyatsızlıqları bağçaya gətirib çıxarır. Məktəbəqədər təhsil müəsissəsində belə bir hal baş verirsə, sabah biz hansısa məktəbdə uşağa qarşı olan şiddətin şahidi ola bilərik. Həmin şiddətin kökünü axtarıb tapanda yenə gəlib bağçada dayanacağıq”.

Birlik sədri qeyd edib ki, hər bir işçi yoxlanışlardan və psixoloji testlərdən keçdikdən sonra uşaqlarla işləməyə buraxılmalıdır:

"Ola bilsin ki, belə hallar qanundakı boşluqdan irəli gəlir. Çünki, təhsil müəssisəsinə kadrlar seçilərkən onlar mütləq psixoloji testlərdən keçirilməlidir. Bu testlərdən sonra bəlli olacaq ki, həmin işçiyə uşaq əmanət etmək olar, yoxsa yox”.
 

Yeganə Bayramova