Bakı çörəklərinə Sumqayıtda qadağa qoyulub?

“Ümid edək ki, bu hadisə həqiqətə uyğun deyil. Əgər bu həqiqət olsa, böyük rüsvayçılıq olardı”
“İcra hakimiyyətinin belə işlərə qarışmaq kimi bir hüququ yoxdur”









Bu günlərdə Sumqayıtda fəaliyyət göstərən market sahiblərindən biri mətbuata qəribə açıqlama verib. O bildirib ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdəki market sahiblərinə ciddi xəbərdarlıq edilib.

Məlumata görə, şəhər icra hakimiyyətinə çağrılan sahibkarlarla söhbət edən Sumqayıt İcra Hakimiyyəti başçısının müavini bildirib ki, yanvar ayının 8-dən etibarən Bakıda fəaliyyət göstərən çörək zavodlarının məhsullarının Sumqayıtda satışı qadağan olunur. Şəhər marketlərində yalnız Sumqayıt çörək zavodunun məhsulları satıla bilər.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev yayılan xəbərlərin əsassız olduğunu bildirib: "İndi hansı dövrdür ki, çörək qıtlığı olsun? Təbii ki, belə söhbətlər əsassızdır. Sahibkarlar alıcılara xidmət edir və alıcılar arasında hansı çörəklərə tələbat varsa, onun da satışı təmin edilir. Bu gün marketlərdə çoxsaylı çörək çeşidləri var. Amma Sumqayıtın zavod istehsalı olan çörək daha çox alınır. Sumqayıtın çörək zavodu kifayət qədər genişdir. Bundan əlavə, bir neçə çörək sexləri də fəaliyyət göstərir. Ümumiyyətlə, Sumqayıt zavodunda istehsal edilən çörəklər əhalinin tələbatını tamamilə ödəyir”.

Yayılan məlumatın nə dərəcədə düzgün olması isə hələ ki sual altındadır. Bəs iddialar düzgün olduğu təqdirdə Bakıdakı çörək məhsullarının qadağan olunması nəyə dəlalət edir?

Mövzu ətrafında fikirlərini "Şərq”lə bölüşən ekspertlər belə bir qərarın düzgün olmadığını bildiriblər.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, icra hakimiyyəti strukturları özəl sektorda fəaliyyət göstərən ticarət obyektlərinin bu yöndə işinə qarışa bilməz. Onların qanunla məhdudlaşdırılan səlahiyyətləri var: 

"Onlar qeyri-qanuni tikintilərin aparılması və obyektlərin bağlanması ilə bağlı hər hansı bir qərar qəbul edə bilərlər. İcra hakimiyyəti strukturlarının ticarət şəbəkəsində hardan mal almaq, kiminlə müqavilə bağlamaq kimi məsələlərə qarışmaq hüququ yoxdur.
Əgər belə bir məsələ varsa, bunun yeganə səbəbi odur ki, Sumqayıtda bir neçə çörək zavodu fəaliyyət göstərir. Həmin çörək zavodlarının lobbiçiliyini aparmaq və haqsız rəqabət yaratmaq, həmin zavodun məhsullarının daha çox satılmasını təşkil etmək üçün belə bir addım atıla bilər. Bu isə həm iqtisadi məntiqə, həm Azərbaycan Respublikası qanunlarına, rəqabətli mühitə zidd qərardır. Ümid edək ki, bu hadisə həqiqətə uyğun deyil. Əgər bu həqiqət olsa, böyük rüsvayçılıq olardı. Çünki icra hakimiyyətinin belə işlərə qarışmaq kimi bir hüququ yoxdur”.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə bildirib ki, ölkəmiz müstəqillik əldə edəndən sonra bazar iqtisadiyyatına keçib. Bazar iqtisadiyyatı olan bir ölkədə belə bir qərarın verilməsi heç də yaxşı qarşılanmır: 

"Bazar iqtisadiyyatı azad rəqabətə söykənib. Bu rəqabətdə kim müsbət işləyirsə, o şirkət irəli gedir, kim işləyə bilmirsə, sıradan çıxır. Çox təəssüf ki, Azərbaycanda bazar iqtisadiyyatı elan olunsa da, inhisar mövcuddur. Hər hansı sahədə müəyyən inhisarlar var. Həmin inhisar sahiblərinin icazəsi olmadan və yaxud onların rəyi olmadan heç kim o sahəyə girə bilmir. Azərbaycanda müxtəlif çörək zavodları var. Əgər Sumqayıtda belə bir qeyri-qanuni göstəriş verilibsə, bu, birbaşa Azərbaycan iqtisadiyyatının inkişafına, azad rəqabətə və keyfiyyətə mənfi təsir göstərir. İqtisadiyyat Nazirliyinin tərkinibdə anti-inhisar idarəsi var. 

Onlar bilavasitə bu işlə məşğul olurlar. Əgər belə qərar olubsa, bu, iqtisadiyyatımızın inkişafına deyil, əksinə, geriləməsinə səbəb ola bilər. Bu da sovet dövrü ənənələrinin bərpasına gətirib çıxara bilər. Lakin düşünürəm ki, İqtisadiyyat Nazirliyi bu problemin qarşısını alar”.

Yeganə Bayramova