Bakıda böyük söküntü başlayacaq

2 mindən çox ev, 200 obyekt su kəmərlərinin üzərində tikilib
“Günah nə vətəndaşda, nə də hüquqi şəxsdədir. Bütün məsuliyyət dövlət orqanlarının üzərindədir ki, bu cür təhlükəli ərazilərdə tikintiyə göz yumub, şərait yaradıblar”



"Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Abşeronda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırıb.
"Azərsu” ASC onlarla sahibkarın kommersiya obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyi üçün məhkəməyə müraciət edib: "Həmin obyektlərin çoxunun dövlət qeydiyyatına alınması barədə çıxarışı, müvafiq sənədləri var. Buna baxmayaraq belə obyektlərin də sökülməsi üçün də iddia qaldırılıb. Artıq məhkəmələrdən sahibkarlara bildiriş gəlir”.

"Azərsu” ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı da açıqlamasında faktı təsdiqləyərək onlarla sahibkarın obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyini, buna görə də söküntüsü üçün məhkəməyə müraciət edildiyini bildirib: "Azərsu” ASC-yə məxsus magistral su kəmərləri və ətraf daşıyıcı kanalizasiya kollektorları üzərində, eləcə də mühafizə zonasında xeyli sayda obyektlər və fərdi yaşayış evləri var. Bu, bizim işimizi kifayət qədər çətinləşdirir. Sumqayıtda elə ərazi var ki, "Azərsu” ASC-nin kanalizasiya lüku obyektin içərisində qalıb. Əsasən Bakıda magistral su kəmərlərinin və kanalizasiya kollektorlarının mühafizə zolağında olan obyektlərin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Təkcə Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində inşa edilib. Ümumi olaraq 200-dən çox kommersiya, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində tikilib. Hələ ki fərdi evlərin sökülməsi üçün məhkəməyə müraciət etməmişik. Hazırda "Azərsu” ASC əsasən işimizə daha çox mane olan obyektlərin sökülməsi iddiası ilə bağlı həmin kommersiya obyektlərinin yerləşdiyi ərazilər üzrə yerli rayon məhkəmələrində iddia qaldırıb”.

Anar Cəbrayıllı bildirib ki, bu, sahibkarların narazılığına səbəb olsa da, "Azərsu” ASC qanuna müvafiq addım atıb: "Həmin kommersiya obyektləri dövlətin streteji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində inşa edilib. Sahibkar obyekt inşa edərkən bunu bilməliydi. Hardakı qanunun tələbi pozularaq bizim xətlərin mühafizə zonasında obyektlər inşa edilib və həmin obyektlər bizim işimizi çətinləşdirir, o kommersiya obyektlərinin sökülməsi üçün iddia qaldırılıb”.

O ki qaldı sənədi olan kommersiya obyektlərinə kompensasiyanın verilib-verilməyəcəyinə, "Azərsu” rəsmisi bunu belə şərh edib: "Biz məhkəmə qarşısında lazımi tədbir görülməsi üçün iddia qaldırmışıq. Həmin obyektlərin sökülüb-sökülməyəcəyi məhkəmələrin verəcəyi qərardan asılıdır. Məhkəmə hansı qərarı verərsə, o qərar da icra olunacaq. Strateji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində inşa edilən obyektlərə tikinti icazəsi verilibsə, bu məsuliyyət artıq həmin sənədi verən qurumların üzərinə düşür. Bu barədə də məhkəmə hansı qərarı verərsə, o qərara müvafiq addım atılacaq”.

Sözügedən məsələni "Şərq”ə şərh edən Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev isə bu cür problemlərin zaman-zaman yaşandığını deyib və buna görə birmənalı olaraq icra hakimiyyətlərini günahlandırıb: 

"Bundan əvvəl dəmiryolu və elektrik xətləri ilə bağlı da eyni problemlər yaşanmışdı və bundan sonra da yaşanacaq. Bizdə strateji planlaşdırma yoxdur. Qanunsuz yerdə tikililərin yayılması kifayət qədər aktual problemdir. Müvafiq yerli icra hakimiyyəti orqanları, eyni zamanda, həmin ərazilərə nəzarət edən qurumlar, təəssüflər olsun ki, rüşvət alma və s. yolla qanunsuz tikintilərin aparılmasına göz yumublar. Nəticədə isə bu cür ciddi problemlər yaşanır. Azərbaycanda neft torpaqlarında, magistral qaz və su borularının üstündə, düz yanında, elektrik xətlərinin altında, hətta qeyri-yaşayış yerlərində qanunsuz evlərin tikilməsi adi hal alıb. Çünki müvafiq icra hakimiyyətlərində bu ərazilərin xəritəsi yoxdur. Aidiyyəti qurumların həmin ərazilərin "qırmızı xətt” olduğunu bilmədiyi üçün kommersiya obyekti və ya yaşayış evi üçün istifadəsinə razılıq verir. Burada isə günah nə vətəndaşda, nə də hüquqi şəxsdədir. Bütün məsuliyyət dövlət orqanlarının üzərindədir ki, bu cür təhlükəli ərazilərdə tikintiyə göz yumub, şərait yaradıblar”.

Bu cür situasiyalarda dövlət orqanlarının öhdəlik məsələsinin ortaya çıxdığını qeyd edən Ə.Nuriyev deyib ki, qaz və su borularının, elektrik xətlərinin üstündə tikilən obyektlərin söküntüsü zamanı dövlət kompensasiya ödəməlidir. Kompensasiya məsələsi isə ancaq məhkəmə yolu ilə həll oluna bilər. Vətəndaşlar problemin fərqinə varmadan, onun arxasında nə dayandığını düşünmədən bu addımı atıblar. Mütləq şəkildə müvafiq icra nümayəndələri onları bu əməldən çəkindirməli idi, amma onlar müxtəlif subyektiv məqamlara görə icazə veriblər:

Ancaq sevindirici haldır ki, Əmlak Komitəsi tərəfindən bütün tikililərin elektronlaşdırılması prosesinə başlanılıb və bu sistem bütün vətəndaşlar üçün açıq məlumat bazası olacaq. Artıq torpaq almaq istəyən hər bir vətəndaş həmin ərazi haqqında ətraflı məlumata sahib olacaq. Bu işlə bağlı böyük bir proqram təminatı hazırlanıb və ayrı-ayrı sahələrlə bağlı təqdimatları da həyata keçirilib”.

Qeydiyyatsız evlərin qeydiyyata alınması ilə bağlı ölkə başçısının müvafiq sərəncamını xatırladan hüquqşünas deyib ki, sənədsiz evlərlə bağlı məsələnin araşdırılması üçün komissiya da yaradılıb. Amma prosesi tam araşdırıb məcrasına qoymaq çox mürəkkəb və gərgin işdir. Onun üçün də kifayət qədər zaman və resurslar lazımdır.

Şəymən