Bakıda keçirilən Konqres yeni təcrübə üçün çox əhəmiyyətlidir

Beynəlxalq Media qurumlarının rəhbərləri Azərbaycan dövləti haqqında xoş ifadələr səsləndiriblər



Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak etmək üçün Bakıya toplaşan beynəlxalq media qurumlarının rəhbərləri həm tədbir, həm də Konqresə ev sahibliyi edən Azərbaycan dövləti haqqında xoş ifadələr səsləndiriblər. Konqres iştirakçıları belə bir tədbirin təşkili üçün mərasimdə çıxış edən Prezident İlham Əliyevə xüsusi təşəkkürlərini bildiriblər. İsveç Agentliyinin prezidenti Yonas Erikson bu cür tədbirlərin keçirilməsinin gələcək media üçün çox vacib olduğunu deyib.

O bildirib ki, belə tədbirlər sayəsində xəbər agentlikləri qarşısında duran ümumi vəzifə və məqsədləri, medianın gələcək inkişaf perspektivlərini müzakirə edə bilirik. Konqresin yüksək şəkildə təşkil edildiyini vurğulayan Y.Eriksonun sözlərinə görə, medianın əsas vəzifəsi oxuculara doğru xəbər çatdırmaqdır: "Bu gün artıq xəbər agentliklərinə gələcəkdə obyektiv və doğru, ən əsası azad xəbər yaymağa imkan verən addımlar atılmalıdır”.

"Bu təşəbbüsə görə Azərbaycan Prezidentinə təşəkkür edirəm”

YUNESKO-nun baş direktoru İrina Bokova da Prezident İlham Əliyevə media sahəsində belə təşəbbüslərlə çıxış etdiyinə görə təşəkkür edib. Jurnalistikanın dünyada missiyasından danışan baş katib ifadə azadlığının möhkəmləndirilməsi, keyfiyyətli jurnalistikanın hər yerdə dəstəklənməsi üçün birgə işləməyin vacib olduğunu vurğulayıb. Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park No-Hvanq da tədbirin böyük əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, konqres çərçivəsində müzakirə olunan mövzular xəbər agentlikləri və onların gələcək fəaliyyətləri üçün mühüm əhəmiyyətə malikdir. O, dünya xəbər agentliklərinə sıx əməkdaşlığa görə minnətdarlığını bildirib: "Agentliyimizin yeni platforması var. Həmin platforma 2018-ci ildə həyata keçiriləcək qış olimpiadası üçün nəzərdə tutulub. Bura biz hekayələr, video-roliklər, şəkillər yerləşdirəcəyik. Layihə gələn il bitiriləcək. Çoxlu sayda xəbər agentlikləri bu layihəyə qoşulacaq. Burada iştirak edəcək xəbər agentlikləri oradan səmərəli şəkildə istifadə edə biləcəklər. Bizə qoşulun və gələcəyə bir yerdə gedək”.

"Bütün bunlar Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir”

Media üzrə məsləhətçi Devid Sklesinqer deyib ki, Bakıda keçirilən Konqres yeni təcrübələrin əldə olunması üçün çox əhəmiyyətlidir: "Bu cür tədbirlərdə bütün dünyadan olan xəbər agentlikləri bir araya gəlir, müxtəlif çağırışları müzakirə edir və gələcək, innovasiyalar haqqında düşünürlər”. D.Sklesinqer tədbirin Azərbaycan üçün əhəmiyyətindən də danışıb. O qeyd edib ki, bu tədbirlər vasitəsilə çox sayda insan Azərbaycana gəlmək və ölkə ilə yaxından tanış olmaq imkanı əldə edir: "O insanlar Azərbaycanda medianın rolunu, söz və ifadə azadlığının mövcudluğunu görürlər, ölkədəki proseslər barəsində Prezidentin dilindən eşidirlər. Əlbəttə, bütün bunlar Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir və dünyada ölkə barəsində düzgün təsəvvürün formalaşmasına xidmət edir”.

"Azərbaycan nüfuzlu beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edir”

Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Xəbər Agentliyinin prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn deyib ki, Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi yüksək səviyyədə təşkil olunub: "Konqresə ev sahibliyi etdiyinə görə, Azərbaycana təşəkkürümüzü bildiririk. Azərbaycan hər zaman nüfuzlu beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edir. Ölkəniz indiyə qədər Dünya Xəbər Agentliklərinin Konqresinə öz dəstəyini göstərib. V Konqres də bütün dünya xəbər agentlikləri üçün vacib əhəmiyyət kəsb edir. İnanıram ki, Azərbaycan Konqresə növbəti sədrliyi yüksək səviyyədə edəcək və böyük uğurlar qazanacaq”. Abdullah bin Fəhd Əl-Hüseyn Azərbaycan xalqının qonaqpərvər olduğunu vurğulayıb.

"V Konqresin Azərbaycanda keçirilməsi çox əlamətdar hadisədir”

"Associated Press” agentliyinin vitse-prezidenti Con Danişevski bildirib ki, Azərbaycan mətbuat aləmində çox mühüm bir tədbirə ev sahibliyi edir: "Bu tədbir demək olar ki, bütün dünya informasiya agentliklərini birləşdirir. Konqres çox əlamətdar hadisədir. Belə ki, tədbir azad mətbuatın problemlərini müzakirə etməyə imkan verir. Bu tədbir həmçinin burada iştirak edən şəxslərə ölkədə gedən dinamik inkişafı görməyə imkan verir”.

"3 il ərzində AZƏRTAC xəbər agentlikləri Alyansına rəhbərlik edəcək”

FANA-nın baş katibi Fərid Əyyar deyib ki, konfrans dünya xəbər agentliklərinin inkişafında xüsusi rola malikdir: "Bildiyiniz kimi, bu artıq V konfransdır. Azərbaycandan öncə bu mötəbər tədbir Səudiyyə Ərəbistanında, Rusiyada, Argentinada olub. Bizim AZƏRTAC-ın baş redaktoru Aslan Aslanovla bir sıra layihələrimiz var ki, dünya xəbər agentliklərinin inkişafında öz töhfələrini verəcək. Mən tədbirin yüksək səviyyədə keçirilməsinə və təşkilinə görə, ərəb xəbər agentliklərinin adından Aslan Aslanova dərin minnətdarlığımı bildirirəm. Qeyd etdiyim kimi, növbəti layihələrimiz dünya xəbər agentliklərinin inkişafında böyük rol oynayacaq. Əminik ki, bu şərəfli missiyada uğur qazanacağıq”.

"Konqres dünya mediasının inkişafına mühüm töhfə verəcək”

Çinin Sinxua xəbər agentliyinin Rusiya və Asiya ölkələri üzrə nümayəndəsi Fan Veiquo bəyan edib ki, ölkələrimiz arasındakı məsafənin uzaq olmasına baxmayaraq, Çinlə Azərbaycanın münasibətləri həmişə yaxşı olub: "Biz dünya mediasının inkişafında rol oynamaq üçün Bakıda keçirilən Konqresdə iştirak edirik. Tədbirdə dünyanın ən qabaqcıl xəbər agentliklərinin rəhbərləri iştirak edir. Burada önəmli məsələlər ətrafında fikir mübadiləsi aparılır. Dünya mediasının bir çox problemlərindən çıxış yolları müzakirə olunur. Ona görə bu tədbir dünya mediasının inkişafına mühüm töhfə verəcək”.

"Azərbaycanda media açıq və azad şəkildə fəaliyyət göstərir”

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib ki, son illər Azərbaycan irimiqyaslı ictimai, siyasi, mədəni tədbirlərin keçirildiyi bir mərkəzə çevrilib: "Konqresin Bakıda keçirilməsi faktı bütün peşəkar dünya informasiya birliyinin azərbaycanlı həmkarlarına, o cümlədən AZƏRTAC-a inamının sübutudur. AZƏRTAC irimiqyaslı informasiya birliklərinin - Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) çox fəal üzvüdür. Azərbaycana inamın nəticəsidir ki, növbəti Konqresin harada keçiriləcəyi müəyyənləşdirilərkən Ər-Riyad toplantısında gizli səsvermədə çoxluq tədbirin məhz Bakıda təşkil olunmasını dəstəklədi. Bu, Azərbaycana böyük inamın təsdiqi idi”. TASS-ın baş direktorunun birinci müavini bildirdi ki, Azərbaycanda media açıq və azad şəkildə fəaliyyət göstərir: "AZƏRTAC Azərbaycan mediasının flaqmanıdır. Düşünürəm ki, Konqresin Bakıda keçirilməsi digər vacib tədbirlər arasında çox parlaq bir hadisə olacaq”.

İsmayıl