Bakıda keçirilən önəmli tədbir başa çatdı

Azərbaycanın təşkilata sədrliyi dövründə prioritetlərə uyğun olaraq səmərəli, müzakirələr aparılıb
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasının yekunlarına dair mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, mətbuat konfransında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Bolqarıstan Xarici İşlər nazirinin müavini Emiliya Kraleva, QDİƏT Baş katibi Maykl Kristides iştirak edib.
Mahmud Məmmədquliyev bildirib ki, Azərbaycanın təşkilata sədrliyi dövründə prioritetlərə uyğun olaraq səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması, turizmin inkişafı ətrafında müzakirələr aparılıb: "Sədrlik çərçivəsində bugünkü görüş də daxil olmaqla 4 dəfə nazirlər, 21 tematik və xüsusi işçi iclasları, müxtəlif tədbir və seminarlar keçirilib. Yanvarın 1-də sədrlik Bolqarıstana keçəcək. Çox istərdik ki, təşkilatımız fəallıq göstərsin Avropa İttifaqı səviyyəsində olsun. Şübhəsiz çətindir, amma üzərində işlənilsə, etmək olar".
Nazir müavini qeyd edib ki, QDİƏT və Avropa İttifaqı arasında əlaqələr, işçi qrupları var: " Ona görə mümkün olduğunu deyirəm. Gərək öz təşkilatımız da fəal olsun. Artıq QDİƏT-in 26 yaşı var, bu müddət ərzində irəliləyiş əldə olunub və hesab edirik ki, daha çox irəliləyiş olacaq. Çünki təşkilat böyük yol keçib. Hər şey dəyişib. Ola bilsin islahatlar aparılsın və konkret prioritetlər müəyyənləşməlidir. 20- dən çox işçi qrupu var. Elə qruplar var aylarla, illərlə iclas keçirmirlər. Niyə resurs və vaxtımızı sərf edək. Bu mənada prioritetlər konkretləşməlidir".