Bakını təhdidlərlə, şantajlarla haqq yolundan döndərmək mümkün olmayacaq - Ekspert

Son həftələr ərzində ölkəmizə qarşı qarayaxma kampaniyası 29 may gecəsi tamamilə iflasa uğradı
"Arsenal”ın erməni oyunçusu Mxitaryanın timsalında erməni lobbisinin və Ermənistan hökumətinin, habelə anti-Azərbaycan dairələrin son həftələr ərzində ölkəmizə qarşı qarayaxma kampaniyası 29 may gecəsi tamamilə iflasa uğradı”.
Bunu "Sherg.az”a açıqlamasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib.
Ekspert vurğulayıb ki, hələ oyundan bir neçə gün öncə Azərbaycana səfər edən idmançılar, futbol azarkeşləri, xüsusən, erməni əsilli idmançılar öz açıqlamaları ilə bütün təxribat kampaniyalarını puç etdilər:
"Hamı oyunun çox möhtəşəm keçirilməsindən, minlərlə hüquq-mühafizə orqanının qonaqların təhlükəsizliyini qorumasından danışır. Oyun ərzində və oyundan sonra heç bir insidentin baş verməməsi erməni dairələrinin arzularını ürəklərində qoydu. Anti-Azərbaycan dairələr qarşılarında güclü, demokratik və inkişaf etmiş təhlükəsiz bir ölkənin olduğunu gördülər. Reallıq odur ki, son illər ərzində Azərbaycan ardıcıl olaraq Avrovisiya, Avropa Oyunları, İslam Oyunları, Formula 1 və UEFA-nın final yarışına ev sahibliyi etməklə təkcə regionda deyil, bütün dünyada təhlükəsiz və sabit ölkə olduğunu isbatladı. Əlbəttə, Azərbaycan olduğu yerdə dayanmayacaq. Bundan sonra da nüfuzlu yarışlara, konfranslara, musiqi festifallarına ev sahibliyi edəcəyik. Düşmənlərimiz, rəqiblərimiz və anti-Azərbaycan qüvvələr bunu anlasalar, onlar üçün daha yaxşı olar. Ölkəmizi heç vaxt bu cür təhdidlərlə, şantajlarla haqq yolundan döndərmək mümkün olmayacaq”.
İsmayıl