Avetyanın səfərini sülh yürüşü yox, təxribat kimi dəyərləndirmək lazımdır
Siyasi fəal, hazırda İsveçdə sürgündə yaşayan erməni əsilli yazıçı Vahe Avetyan Azərbaycana gəlib. Onu aeroportda Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri qarşılayıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılan erməni Bakıya çatan kimi "bilet alıb Bakıya gələn ilk erməniyəm. 25 ildir bu ölkəyə dəvətsiz, hökumətin razılığı olmadan bir erməni də girə bilməyib. Mən öz istəyimlə gəlmişəm. Qonaq gəlmişəm. Tarixi dəyişirik. Bu gün sülhün başlanğıc günüdür” şəklində paylaşım edib.
Vahe bildirib ki, enişdən sonra onu aeroportda saxlayıblar. DTX nümayəndələri gəlib, səmimi söhbət ediblər. O da niyə gəldiyini izah edib. Onlar gediblər, söz veriblər ki, proses tezliklə həll olunacaq.
"İlanın ağına da lənət, qarasına da” deyən millət vəkili Elman Məmmədov "Şərq”ə açıqlamasında mövqeyindən və missiyasından asılı olmayaraq hər hansı bir erməninin Azərbaycana gəlməsinin əleyhinə olduğunu deyib: "Ermənilər min cür bəhanə ilə beynəlxalq aləmin gözünə girmək istəyirlər. Avetyan bu səfərlə ermənilərin sülh tərəfdarı olduğunu dünyaya çatdırmaq istəyir. Bu da "xal” qazanmağın bir yoludur”. Ermənilərin tarix boyu azərbaycanlıların qonaqpərvərliyindən faydalandıqlarını vurğulayan millət vəkili deyib ki, sorğu-sual etmədən onları ocağımızın başına keçirmişik: "Onlar da fürsətini tapan kimi kürəyimizdən xəncər saplayıblar. Ona görə də yaşadıqlarımızdan dərs çıxarmalı və sülh carçılarının fitnə-fəsadlarına uymamalıyıq. Sadəlövhlüyümüzün bizlərə nəyin bahasına başa gəldiyini gördük. Dövlət səviyyəsində uzun illərdir müzakirəsi aparılan bir münaqişənin sürgündə yaşayan bir erməninin əli ilə həll olunması absurddur. Allah bilir, o ermənini heç Ermənistanda tanıyan yoxdur”.
Avetyanın hava limanından ölkəyə buraxılıb-buraxılmayacağına gəldikdə isə E.Məmmədov bunun dövlət rəhbərliyinin səlahiyyətində olduğunu deyib.
Hüquq müdafiəçisi Sahib Məmmədov da Avetyanın Azərbaycana səfərinin arxasında başqa maraqlar olduğunu deyib. Onun sözlərinə görə, o, bununla dünyaya göstərməyə çalışır ki, erməni əsilli şəxsləri Azərbaycana buraxmırlar: "Azərbaycana gələn Vahe Avetyan İsveç vətəndaşıdır. İsveç vətəndaşı Azərbaycana gəlirsə, əvvəlcə viza almalıdır. Əgər vizasız Azərbaycana gəlibsə, məqsəd əvvəlcədən bəlli olur. Yəni Azərbaycana gəlib ki, ona hava limanından kənara çıxmağa icazə verməsinlər. İsveçlə Azərbaycan arasında vizasız gediş-gəlişlə bağlı heç bir razılıq yoxdur. O, erməni əsilli olmasa belə, vizasız Azərbaycana girişi mümkün olmayacaqdı”.
S.Məmmədovun sözlərinə görə, Avetyan öz paylaşımlarında Azərbaycanı alçaltmağa çalışıb: "Bəzi hallarda Ermənistanı tənqid etsə də, o, Azərbaycana dərin nifrəti olan bir insandır. Göstərməyə çalışır ki, sırf erməni əsilli olduğuna görə onu Azərbaycana buraxmayıblar. Avetyan həm də nəzərə almalı idi ki, Azərbaycanla Ermənistan müharibə şəraitində yaşayır və hər hansı bir erməni mənşəli şəxs Azərbaycana gəlirsə, təxribat olmaması üçün təhlükəsizlik xidməti əməkdaşları tərəfindən müşayiət olunmalıdır”.
Hüquq müdafiəçisi sonda bildirdi ki, Avetyanın gəlişini sülh yürüşü yox, təxribat kimi dəyərləndirmək lazımdır:
"Avetyan qeyd edib ki, guya ilk dəfə erməni əsilli şəxs heç bir dəvət olmadan Azərbaycana gəlir və sülh indi başlayır. Əvvəla, Azərbaycana xeyli sayda erməni gəlib-gedib. Təbii ki, xüsusi qaydalar əsasında. Mən özüm də 2002-ci ildə İrəvanda olmuşam. Bizi Ermənistana aparan beynəlxalq təşkilat təhlükəsizliyimizi də təmin etmişdi. Əgər Avetyan Azərbaycana turist kimi gəlibsə, turist firması onun təhlükəsizliyinə təminat verməli idi. Görünən odur ki, o, tamam başqa məqsədlə, guya sülh yürüşü etmək üçün ölkəmizə gəlib. Nəticə etibarilə, Avetyanın Azərbaycana gəlişini təxribatdan başqa bir şey adlandıra bilmirəm”.
Şəymən