"Balalarımız ədəbiyyatı Səməd Vurğunla sevirsə... "- Musa Yaqubdan cavab

"Onu ittiham etmək cinayətdir. Belələri Səməd Vurğunu ləkələməklə uşaqların inamını sındırırlar"


Son günlər Azərbaycanın dahi xalq şairi, Azrbaycan poeziyasının incisi, şeirlərinin estetik təravəti hazırda da çox böyük həvəslə duyulan Səməd Vurğuna qarşı qərəzli şəkildə ləkələmə, gözdən salma kampaniyasına başlanılıb.

Belə ki. ötən həftə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə Kulis.az- a müsahibəsidə Səməd Vurğunu mənasız şair adlandıraraq heç bir fakta, sənədə söykənmədən onu öz qələm dostlarını satmaqda ittiham edib. Maraqlıdır, bu müsahibənin yaratdığı etiraz və qalmaqal səngiməmiş Kulis.az daim Səməd Vurğun əleyhinə çıxış edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlundan müsahibə götürüb. Və yazıda xalq şairi növbəti dəfə aşağılanıb.

Müsahibənin həmin hissəsini olduğu kimi təqdim edirik:

"Götürək elə Səməd Vurğunu. Səməd Vurğun texnika baxımından, qafiyə düzmək, sözlərin nizamı baxımından Azərbaycanda bənzərsiz şairdir. Amma ədəbiyyat elə qafiyə tutmaq deyil ki. "Vaqif” dramında Səməd Vurğun Qacarı fars kimi, qaniçən işğalçı kimi təqdim edir, Vaqifi isə xalqın böyük bir şairi, xilaskarı kimi. Halbuki, Vaqif Qarabağın Azərbaycandan qoparılması məsələsində vasitəçilik edib. Yekaterina ona görə ona qızıl əsa da bağışlayıb. Qacarsa siyasi separatizmin qarşısını almaq üçün gəlib, Azərbaycanı birləşdirmək fikri ilə gəlib və o, gələndə burada bir nəfərin də burnu qanamayıb. Qacarlar türk tayfalarından biridir. İndi bir adam Qarabağı, torpağı birləşdirmək, rusdan almaq üçün vuruşur, axırda da öldürülür, o biri vətəni rusa satır. Səməd Vurğun torpağı satanı qəhrəman kimi verir, Vətən yolunda vuruşanı qaniçən zalım kimi... Yaxşı, şairsən, lap qafiyələrin də düzdür, bəs mən sənə necə münasibət göstərməliyəm? İdeyan ziyanlıdır axı? Heç "Komsomol” poemasını demirəm. Guya Şaumyanın ürəyi bizim xalq üçün yanırdı. Amma biz bilirik axı 31 mart qırğınını törədən Şaumyandır".


Səməd Vurğuna qarşı başladılan qarayaxma kampaniyasını pisləyən tanınmış şair Musa Yaqub "Sherg.az"-a bunları söyləyib:

Yazçıların, şairlərin məxsusi olaraq, dünyadan köç etmiş ədiblərin əsassız yerə ittiham olunması ilə qətiyyən razı deyiləm. Bu, çox pis "adət"dir. Onlar bizim müqəddəslərimizdir. Ümumiyyətlə, Səməd Vurğuna qarşı belə münasibət yaramazlıqdır. Onu bizim şagirdlərimiz oxuyur. Balalarımız onun həyat və yaradıcılığında imtahan verirlər. Onu satqın adlandıranların özləri və eləcə də övladları Səməd Vurğunun həyat və yaradıclığından imtahan verib, ali məktəbə qəbul olunub. Məncə, böyük ədiblərə qarşı bu cür davranışlar qadağan olunmalıdır. Bu yolu tutmaq çox axmaq işdir. Hakimiyyət və xalq onu xalq şairi kimi dəyərləndiribsə, onun həyat və yaradıcılığı kitablarda, orta və ali məktəb proqramlarında tədris olunursa, onu necə ittiham etmək olar ? Balalarımız Azərbaycan ədəbiyyatını Səməd Vurğunla sevirsə, onu ittiham etmək cinayətdir. Belələri Səməd Vurğunu ləkələməklə uşaqların inamını sındırırlar".

M.Yaqub onu da diqqətə çatdırıb ki, bu gün şairi qınayanlar onun yaşadığı dövrdə yaşasaydılar, nəinki əsər yazmaq heç bir söz deməyə cəsarətləri çatmazdı:

" Səməd Vurğun 1954 -cü ildə SSRİ Yazıçılar İttifaqının qurultayında poeziya haqqında məruzə oxuyub. Bütün SSRİ xalqlarının poeziyasına qiymət vermək məsələsi Səməd Vurğuna tapşırılıb. İndi onu qınayanlar bu mövqeyə, bu inama, etimada heç zaman gəlib çıxa bilməyəcəklər. Bu mövqeyə gəlib çatsınlar sonra danışarlar. Səməd Vurğunun Azərbaycan üçün çox böyük xidmətləri olub. "Komsomol" poemiyasına gəlincə, deyim ki, çox prestijli əsərdir. Burada dünyəvi məhəbbətt və dünyəvi münasibət tərənnümü olunub".

Qarabağ məsələsinə gəlincə, şair qeyd edib ki, həmin adamlar birinci gedib tarixi oxusunlar sonra Səməd Vurğun haqqında danışarlar:

"Eşitdiklərini danışmaq doğru deyir. Səməd Vurğunu Stalinə şeir yazdığını görə qınayırlar. Onda hamı yazırdı da. Səməd Vurğun da yazıb. Yaxşı edib yazıb. Yaradıcılığımın xeyli hissəsi sovet döxründə düşüb. Bu dövrdə heç kim mənə ya yaz, ya da yazma deməyib. Həmin dövrdə yaşayan qələm adamları sovetlərin kampaniyasında iştirak etməyə məcbur idilər. Deyirlər ki, Süleyman Rüstəm "Oktyabr" şeirlərini yazmasa idi, "Cənub Şeirləri"ni çap etdirə bilməzdi. Buna imkan vermirdilər. Onlar fikirlərini pərdəarxası çatdırırdılar. Səməd Vurğun çox ilhamlı şair olub".

Bu arada şair Səməd Vurğunun "Kommunist” qəzetinin 12 mart 1937-ci il tarixli sayında dərc edilmiş "Səadət nəğməsi” şeirindən bir bənd ərz edir:

Baxın səhərlərin yaqut rənginə,
Bənzəyir şairin söz ahənginə.
Bir qara quş kibi uçan xəyalım,
Vətən torpağını seyr edir yenə!

Səməd Vurğun "Azərbaycan" kimi şeirin müəllifidir. S.Vurğunu qınayanlar sovet dövrünü görməyiblər. Həmin dövrdə şair və yazıçəları sıxırdılar. Buna rəğmən onlar öz sözlərini sətiraltı da olsa, deyirdilər. Səməd Vurğun ittiham edənlərə səslənirəm : Siz Səməd Vurğunun səviyyəsinə çata bilməzsiniz. Azərbaycanı tərənnüm edən, onun xalçasını, poeziyasını dünyaya tanıdan şəxsiyyəti ittiham edə bilməzsiniz ! Ayıbdır, vallah ayıbdır. Gedin, işlərinizlə məşğul olun ! Böyük ədiblərimizi qətiyyən ittiham etmək olmaz!"

Hazırladı: Ayyət ƏHMƏD