"Banklar verdikləri kreditlərdə qəddarlıqlarını açıq- aydın göstərirlər" - Etimadı sarsıdıb





"Bankların etimadı qazanması çətindir, itirməsi isə çox asandır”

Bunu "Sherg.az”a Arərbaycanda bank sektorunda müştəri bazasının azalması barədə danışarkən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, bank məsələsi Azərbaycanda ən həsas məsələlərdən biridir:

"Bank müştərilərinin bir qisimi Azərbaycan vətəndaşı, yəni, fiziki şəxslərdirsə, digər qisimi isə şirkətlər, biznesmenlər olan ümumi şəxslərdir. O cümlədən burada xarici şirkətlərin filialları da yer alır. Son dövrlərdə Azərbaycanda biznes aktivliyi azalıb. Bununla əlaqədar bəzi şirkətlər bağlanır. Beləliklə də banklar öz müştərilərini itirir. Amma razıyam ki, banklarda əsas məsələ bu deyil. Sözügedən sahədə başlıca amil müştərilərin banklara olan etimadlarıdır. Buna səbəb də son dövrün acı nəticələridir. Yəni 2015-2016-cı illərin devalvasiyalarında pullarının banklarda batmasıdır.

 Həmin dövrdə bank müştərilərinin xeyli əmanətlərini qaytarmayıb. Banklar verdikləri kreditlərdə qəddarlıqlarını açıq- aydın göstərir. Hətta mən buna bankların oyunbazlığı da deyə bilərəm. Bütün bunlar bank sisteminə olan etimadı tamamilə sarsıdıb. İnsanlar çalışırlar ki, banklarla işləməsinlər. Təsəvvür edin ki, bankların son 10-15 ildə qazandığı insanların güvəni bir anın içərisində darmadağın oldu. Əlbəttə, ümid edirəm ki, banklarımız insanların güvənini yenidən qazanacaq. Amma bunu yaxın illərdə görməyəcəyik. 

Ən azı bunun üçün beş ilə yaxın vaxt lazımdır. Banklara güvənin bərpa olunması üçün bir neçə faktorlar tələb olunur. Buna görə həm milli valyutanın yüklənməlidir, həm də bank sistemində köklü islahatların aparılmalıdır. İslahatları bank sisteminə nəzarət və idarə edən qrumlar səviyyəsində həyata keçirmək lazımdır. Mən burada həm Mərkəzi Bankı (MB), həm də Maliyyə Bazarına Nəzarət Palatsını (MBNP)da nəzərdə tuturam. Bank rejimi kredit fəaliyyətinə əsaslanan bir sistemdir. Kreditin özu də yunan dilində etibar, etimad deməkdir.

 Yəni burada da hər şey etimada bağlıdır. Bizim bank sisteminin başında isə Elmar Rüstəmov durur. Bu şəxsə Azərbaycanda demək olar ki, heç kəs etimad etmir. Hətta belə bir deyim var, Elmar Rüstəmov nə deyirsə. onun tərsi olur. Bank sisteminin başında duran şəxsə qarşı bu qədər qəzəb vartsa, əlbəttə, bank sistemində etimad bərpa olunmayacaq. Digər tərəfdən də MBNP -nın nümayəndəsi İbrahim Abşovun heç bank sistemi çərçivəsində nüfuzu yoxdur. Bu şəxs təsadüfən gəlib belə bir yerdə vəzifə tutub. Bu baxımdan da kadrlardan çox şey asılıdır. Məncə, ilk növbədə islahatlara buradan başlamaq lazımdır. Bank sistemini idarə edən, nəzarət edən şəxslər dəyişdirilməlidir”.

Qeyd edək ki, Azərbaycan bank sektorunun müştəri bazası bu il iyunun 1-nə 6 021 291 nəfər təşkil edib. Məlumata görə, bu, aylıq müqayisədə 7 253 nəfər və yaxud 0,1% azalıb, ilin əvvəlinə nisbətən 249 251 nəfər və yaxud 4,3%, illik müqayisədə isə 279 283 nəfər və yaxud 4,9% çoxdur. Hesabat tarixinə bank müştərilərinin 5 927 086 nəfəri və yaxud 98,4%-i fiziki şəxslərin payına düşüb.

Kənan Eynuroğlu