"Bankların hər 100 manatının 30-dan çoxu dövriyyədən kənardır" - Çöküşün səbəbi

Rəşad Həsənov:"Qeyri-rəsmi araşdırmalardan, beynəlxalq təsisatların dərc etdiklərindən aydın olur ki, əslində bu rəqəm 30 faizdən çoxdur"
"Problemli kreditlərlə bağlı qanunun qəbul olunması gecikmiş addımdır. Bu məsələ 3 il əvvəl müzakirə olunurdu”.
Bunu "Sherg.az”a millət vəkili Əli Məsimlinin problemli kreditlərlə bağlı qanun layihəsinin hazırlanması təklifinə münasibət bildirərkən iqtisadçı - ekspert Rəşad Həsənov deyib. O bildirib ki, problemli kreditlərin həcmi rəsmi göstəricilərə görə, 14 faizi keçib:
"Qeyri-rəsmi araşdırmalardan, beynəlxalq təsisatların dərc etdiklərindən aydın olur ki, əslində bu rəqəm 30 faizdən çoxdur. Bu isə onu deməyə əsas verir ki, bankların hər 100 manat pulunun 30 manatdan çoxu dövriyyədən kənardır. Digər tərəfdən bu vəsaitlərin geri qayıtma ehtimalı da aşağı qiymətləndirilir. Hazırda işlərin böyük əksəriyyəti məhkəmələrdədir. Məhkəmə sisteminin isə həm infrastruktur, həm də vaxt baxımından bunları həll etmək imkanı yoxdur. Həmin işlərə baxılmaması isə vəsaitlərin daha bir müddət dövriyyədən kənar qalması anlamına gəlir. Bu isə bank üçün ciddi zərər formalaşdıracaq. 
Bu baxımdan, növbəti dövrdə qorunmaq məqsədilə müəyyən addımlar əslində atıldı.
Strateji Araşdırmalar Mərkəzi tərəfindən regionlarda kiçik və orta sahibkarların kredit qaytarma qabiliyyəti ilə bağlı ilkin olsa da, hesabat hazırlanmasına start verilib. Bundan başqa kredit bürolarının yaradılması məsələsi gündəmdədir və müəyyən işlər aparılır.
Qanuna gəlincə, həqiqətən dövlət qurumunun qəbul etdiyi qərar nəticəsində ölkə vətəndaşlarına, hüquqi subyektlərə dəyən zərərin müəyyən qismi kompensasiya olunmalıdır. Bank sisteminin hazırkı vəziyyətdən xilas edilməsi üçün bu, kömək ola bilər.
Bu bir neçə dəfə gündəmə gəlmiş, lakin sonradan məharətlə gündəmdən çıxarılmış məsələdir. Düşünürəm, faktiki olaraq dövlət qurumlarının mövqeyini nəzərə alsaq, qanunun hazırlanması və qəbul olunması ehtimalı azdır”.
Qeyd edək ki, Əli Məsimlinin sözlərinə görə, əvvəllər problemli kreditlərin ümumi kredit portfelində payı 10%-dən az idisə, hazırda çoxdur. Deputat diqqətə çatdırıb ki, bu problemi birdəfəlik həll etmək lazımdır.
Aysel Aslan