Baş redaktor da təsdiqlədi: "Qarşıdurma təbliğ edən dini saytlar təxribat xarakteri daşıyır"

Vüqar Rəhimzadə: "Bunlar yalnız dini aşağılamaq, İslam və digər dinləri gözdən salmaq, təxribat məsələlərini gücləndirməklə məşğuldurlar"


"Yalnız dini saytlar deyil, domeni başqa ölkələrdən idarə olunan fərqli saytlar var”.

Bunu "Sherg.az”a ölkədə məzhəb, din ayrı-seçkiliyi salan, dini qarşıdurmaya rəvac verə biləcək məlumatların yer aldığı saytlarlarla bağlı danışarkən "İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə deyib. O bildirib ki, bu, birmənalı şəkildə təxribat xarakteri daşıyır:

"Müəyyən məqamlarda gizli, yaxud açıq fəaliyyət göstərən saytlarla bağlı bütövlükdə aidiyyəti dövlət qurumları ilə yanaşı ictimaiyyət nümayəndələri də, bu sahə ilə məşğul olan QHT-lər də ciddi məşğul olmalıdırlar.

Bu saytların ifşa olunması, hansı məqsədlər üçün yaradılması və nəyə xidmət göstərməsini araşdırıb, ciddi müzakirə etmək lazımdır. Beləliklə, hansı saytın nəyə xidmət etdiyini ictimaiyyətə çatdırmaq gərəkir ki, insanlar o saytların məqsədini bilsinlər.

Dini saytların da bir çoxu xoş niyyətlə yaradılmayan saytlardır. Bunlar yalnız dini aşağılamaq, İslam və digər dinləri gözdən salmaq, təxribat məsələlərini gücləndirməklə məşğuldurlar. Bununla bağlı işlər aparmaq, qarşısını almaq olar. Təbii ki, hamımızın, aidiyyəti dövlət qurumlarının da qarşısında duran ən vacib məsələlərdəndir”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri müavini Gündüz İsmayılov da dini qarşıdurma təbliğ edən saytların olduğunu vurğulayıb. O deyib ki, həmin saytlarla bağlı müxtəlif vaxtlarda hüquq-mühafizə orqanlarına müraciət edilib, lazımi tədbirlər görülüb.

Aysel Aslan